Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müsavat
Partiyasının Xocalı faciəsinin ildönümü ilə bağlı “Azadlıq” meydanında bütün
siyasi qüvvələrin birgə mitinq keçirməsi təklifinin iqtidar partiyası YAP
tərəfindən qəbul edilməməsi təəssüflə qarşılanıb və milli həmrəyliyə zidd mövqe
kimi qiymətləndirilib.
Müsavat Partiyası bu məsələdə milli həmrəyliyi zəruri hesab edən siyasi
qüvvələrə fevralın 26-da Xocalı abidəsinin birgə ziyarət edilməsini təklif edir.
Cümhuriyyətin 90 illiyi ilə bağlı BMM_də keçirilmiş Dəyirmi Masa haqqında fikir
mübadiləsi aparılıb və tədbirin uğurlu keçdiyi qeyd olunub. Ölkə başçısının
AXC-nin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncamı müsbət
dəyərləndirilməklə yanaşı, bu məsələdə mütəxəssislərin, gənclərin, siyasi
partiyaların, bütövlükdə cəmiyyətin prinsipial mövqeyinin həlledici rol oynadığı
qeyd olunub.
Divan verilmiş sərəncamın kağız üzərində qalmamasını onun bütövlükdə yerinə
yetirilməsini vacib saymaqla yanaşı, həm də BDU-ya M. Ə. Rəsulzadənin, Milli
Konservatoriyaya isə Üzeyir Hacıbəylinin adının qaytarılmasını tələb edir.
Gündəliyin partiyadaxili məsələlərə aid bölümündə Səbail və Dəvəçi rt-larının
keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat dinlənilib.
Gündəlikdəki ictimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı əsas
diqqət Kosovanın müstəqilliyinin bəyan edilməsi məsələsinə yönəlib. Divan belə
hesab edir ki, Azərbaycan iqtidarı qərar verməyə tələsməməlidir, bu məsələni
ciddi araşdırmalı və prosesləri izləməlidir.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 18 fevral 2008-ci il, Bakı