Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra 17 avqust 2008-ci il tarixində Əbu-Bəkr məscidində partlayışın törədilməsi hadisəsi pislənilmiş, hüquq-mühafizə orqanlarından bu hadisənin törədilməsində iştirakçı və sifarişçilərin tapılması və qanuna uyğun olaraq cəzalandırılması tələb olunub. Bu barədə partiyanın Divanında bəyanat qəbul olunmuşdur.

Divanın yığıncağında seçkilərdə iştirakdan imtina etmiş siyasi partiya və təşkilatların inteqrasiyası ilə bağlı başlanmış məsləhətləşmələr haqqında məlumat dinlənilmiş, məsləhətləşmələrin davam etdirilməsi məqsədəuyğun hesab edilmiş və əməkdaşlığın mümkün variantları və istiqamətləri müzakirə edilmişdir.

Gürcüstan-Rusiya qarşıdurması müzakirə olunarkən atəşkəs haqqında, hərbi qüvvələrin əvvəlki dislokasiya yerlərinə çəkilməsi barədə rəsmi razılaşmanın olmasına rəğmən rus qoşunlarının Gürcüstanın müxtəlif ərazisini nəzarət altına alması, Poti limanını bombardman etməsi və ordunun qarətçilikdə davam etməsi, bu bölgədə beynəlxalq normaların tamamilə pozulması faktları pislənmişdir.

Müsavat Partiyası xüsusilə qeyd edir ki, məhz azad dünyanın yekdil və qətiyyətli mövqeyi Rusiya ordusunun Gürcüstandan tam şəkildə çıxarılmasını və bu bölgədə sülhün bərqərar olmasını təmin edə bilər.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 18 avqust 2008-ci il, Bakı