Müsavat Partiyasının bəyanatı
Dünən dövlət başçısı növbəti əfv fərmanı imzalayıb. Bu fərmanın imzalanması
faktı, eləcə də bir neçə siyasi məhbusun əfv edilməsi müsbət hadisə olsa da,
bütövlükdə cəmiyyətin ümidlərini doğrultmayıb. Əfv komissiyasının dövlət
başçısına 100 nəfərlik siyahı təqdim etməsinə baxmayaraq, fərmanda yalnız 59
nəfərin adı var. Üstəlik, qeyri-qanuni olaraq həbsdə yatan jurnalistlərin, digər
siyasi məhbusların əfv edilməməsi cəmiyyətin və beynəlxalq ictimaiyyətin
gözləntilərini növbəti dəfə puça çıxarıb. Hakimiyyət, birinci növbədə isə dövlət
başçısının özü ölkədə demokratik ab-havanın yaradılmasına qarşı olduğunu bir
daha birmənalı şəkildə nümayiş etdirib.
Müsavat Partiyası bu əfv fərmanını yarımçıq sənəd hesab edir və bildirir ki
hakimiyyətin əsas məqsədi gözdən pərdə asmaq, ölkə və beynəlxalq ictimaiyyəti
aldatmaqdan başqa bir şey deyil. Biz habelə qeyri-qanunu olaraq həbsə atılmış
Eynulla Fətullayevin, Mirzə Sakitin, Qənimət Zahidin, eləcə də digər siyasi
məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik.
isagambar.az, 19.03.08, Bakı