Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən
ibarət olub. Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş
açıq şahmat turnirinə hazırlıq haqqında məlumat dinlənilib. Daha sonra Bakı
şəhəri İH-nın Müsavat Partiyasının 18.05.2008-ci il tarixinə təyin etdiyi
mitinqə razılıq verməməsi və ümumiyyətlə kütləvi aksiyaların keçirilməsi ilə
bağlı yaranmış vəziyyət müzakirə olunub. Qərara alınıb ki, Bakı şəhəri İH-nin bu
növbəti qanunsuz qərarından da məhkəməyə müraciət edilsin. Eyni zamanda partiya
strukturlarında razılaşdırılmamış aksiyalar barədə fikir mübadiləsinə başlamaq
qərara alınıb. İndi cəmiyyətin gündəliyində olan Seçki Məcəlləsinə və Sərbəst
Toplaşmaq Azadlığı Haqqında Qanuna edilməsi gözlənilən dəyişikliklər haqqında
geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə demokratik düşərgənin ortaq
mövqeyinin formalaşdırılması istiqamətində səyləri davam etdirmək zəruri hesab
olunub. Payızda keçiriləcək prezident seçkilərinin azad və ədalətli
keçirilməyəcəyi ciddi müzakirə olunduğu bir dövrdə Seçki Monitorinq Mərkəzinin
qeydiyyatının ləğv edilməsi, hakimiyyətin seçkidə aşkarlığın olmaması üçün
çalışmasının göstəricisi kimi dəyərləndirilib və bu qanunsuz qərarın ləğv
edilməsi tələb edilib.
Divan irimiqyaslı beynəlxalq yarışların qalibləri, məşhur boksçular – Ramal
Amanova və Vüqar Ələkbərova DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsində dəhşətli işgəncə verilməsini qətiyyətlə pisləyib. Azərbaycanın
işgəncələrə qarşı Beynəlxalq Konvensiyaya qoşulmasına və bu sahədə Avropa Şurası
qarşısında konkret öhdəliklər götürməsinə baxmayaraq belə halların hələ də baş
verməsinə görə birbaşa iqtidarın məsuliyyət daşıdığı bildirilib.
Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 19 may 2008-ci il, Bakı