Bu gün Sülh və Demokratiya İnstitutu hakim partiyanın bir şəxsin yalnız iki dəfə prezident seçilə bilməsi haqda konstitusion məhdudiyyətin ləğv edilməsi məqsədi ilə referendum keçirilməsi təklifi ilə bağlı MÜZAKİRƏ təşkil edib..

Azərbaycanın bir sıra aparıcı partiya və ictimai təşkilatların iştirak etdiyi müzakirədə qəbul olunmuş bəyanatı diqqətinizə təqdim edirik.

Azərbaycanda fəaliyyət göstərən siyasi və ictimai təşkilatların

B Ə Y A N A T I

(Yeni Azərbaycan Partiyasının antidemokratik Konstitusiya dəyişikliyi ilə əlaqədar təklifi haqqında)

Son günlər Azərbaycan iqtidarına yaxın dairələr, eyni zamanda, Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət maddəsinin ləğv edilməsi təklifləri ilə çıxış edib. Bu məsələ artıq Azərbaycan Respublikası Milli Məclisində də səsləndirilib, müvafiq komissiyalar tərəfindən müzakirə edilib və bir sıra digər antidemokratik təkliflər də əlavə edilməklə bu günlərdə Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunub. Bütün bunlar Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatları, bütövlükdə Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Azərbaycan Respublikası Konstitusiyasında belə bir dəyişikliyin edilməsi ölkədə avtoritar rejimin möhkəmlənməsinə, Azərbaycan cəmiyyətinin demokratik dəyişikliklərə olan inamının qırılmasına gətirib çıxara bilər. Heç şübhəsiz ki, belə bir addım Azərbaycanın onsuz da korlanmış beynəlxalq imicinə ciddi zərbə vuracaqdır.

Qeyd etmək lazımdır ki, demokratik dünyaya aid olan ölkələrin mütləq əksəriyyətinin qanunvericiliyində bir şəxsin dalbadal prezident seçilmə müddətlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan vətəndaşlarının ümumxalq səsverməsi – referendumu vasitəsilə daxil edilib. Ona görə də YAP rəhbərliyinin bu müddəanın Azərbaycan vətəndaşlarının hüquqlarını məhdudlaşdıran müddəa kimi dəyərləndirilməsinin heç bir əsası yoxdur. Onların bu təklifi yalnız ölkədə avtoritar rejimin möhkəmləndirilməsinə xidmət edir.

Biz Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatları hakimiyyət dairələrinin bu antidemokratik planının həyata keçirilməsinə qarşı mübarizəyə, ölkənin gələcəyini düşünən hər bir Azərbaycan vətəndaşını bu taleyüklü məsələyə biganə qalmamağa çağırırıq.

Eyni zamanda biz bütün nüfuzlu beynəlxalq təşkilatları bu antidemokratik dəyişiklik cəhdinə öz təməl dəyərlərinə və Azərbaycanın öhdəliklərinə uyğun zəmində münasibət bildirməyə çağırırıq.

isagambar.az, 19 dekabr 2008-ci il, Bakı