Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili, 15 Oktyabr prezident
seçkilərinin nəticələri və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət
olub. Gündəliyin görülən işlərə aid bölümündə Milli Müstəqillik Günü münasibəti
ilə Milli-Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı
qəbrinin və İstiqlal Şəhidləri uyuyan Şəhidlər Xiyabanının ziyarət edilməsi
haqqında məlumat verilib. Əsas müzakirə olunan məsələ oktyabrın 15-də keçirilmiş
prezident seçkiləri haqqında olub. Respublika üzrə seçmə üsulla müşahidə
aparılmış 150 məntəqə üzrə müşahidənin nəticələrinə baxılıb. Həmin məlumatlara
əsasən aydın olub ki, bu dəfəki seçkilər də total şəkildə saxtalaşdırılıb.
Seçicilərin məntəqələrə məcburi şəkildə və “karusel” üsulu ilə gətirilməsinə
baxmayaraq, onların sayı o qədər də çox olmayıb və bunu Mn SK-lardan alınmış
rəsmi protokollar da təsdiq edir. Bundan narahat olan iqtidar MSK-nın internet
saytında seçki məntəqələri üzrə rəsmi protokollarda göstərilmiş məlumatları
ciddi şəkildə şişirdib. Qərara alınıb ki, aparılmış müşahidələrin nəticələri və
aşkar edilmiş saxtakarlıqlar ümumiləşdirilərək vahid sənəd halına salınsın.
Müxalifətin Əməkdaşlıq Mərkəzində birgə fəaliyyət göstərmək niyyətində olan
partiyaların seçkiyəqədərki fəaliyyəti, xüsusən seçkinin qiymətləndirilməsi ilə
bağlı ilkin rəy haqqında fikir mübadiləsi aparılaraq, ona yüksək qiymət verilib.
Seçkilərdən sonrakı dövrdə əməkdaşlığın davam etdirilməsi və daha da
dərinləşdirilməsi haqqında təkliflər səsləndirilib.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 20 oktyabr 2008-ci il, Bakı