“CİDDİ FİQURLARI DƏYİŞMƏK İLHAM ƏLİYEV ÜÇÜN TƏHLÜKƏLİDİR”
“ABŞ-ın YENİ ADMINİSTRASİYASINDAKI ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİMİZ VAR”
İsa Qəmbər: “Rejim üçün özlərinin də hesablaya bilmədikləri problemlər çıxacaq”
İsa Qəmbər: “İşğal altındakı torpaqlarımızın hüquqi cəhətdən də itirilməsi təhlükəsi var”
İsa Qəmbər: “Özümüzə arxayınıq”
İsa Qəmbər: “Hər bir partiyaya onun real gücünə görə qiymət veririk”

Seçkidən bir aydan artıq vaxt keçsə də, Müxalifətin Əməkdaşlıq Mərkəzinin bloka və ya koalisiyaya çevrilməsi məsələsi uzanır. Mətbuatda bu məsələ ilə bağlı dərc olunanlara nəzər salanda isə prosesin müsbətə doğru yox, əks istiqamətə yön aldığı qənaəti yaranır. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbət etdik.

- Müxalifətin Əməkdaşlıq Mərkəzinin daxilində fikir ayrılıqlarının olduğu haqda mətbuatda ən müxtəlif fikirlər səslənir. Açıqlamalarınızın birində Siz medianın müəyyən qədər ittiham etmisiniz. MƏM daxilində problem varmı və bunun səbəbkarı mətbuatdırmı?

- Mənim mətbuatla bağlı dediklərim narazılıq ifadə etmək məqsədi daşımır. Sadəcə olaraq, demək istəyirəm ki, müxalifətin əməkdaşlıq mövzusu mətbuatda adekvat əks olunmur. Bunun da əsas səbəbi odur ki, mətbuatın böyük bir hissəsi hakimiyyətin nəzarətindədir. Bir sıra informasiya agentlikləri iqtidarın tam nəzarəti altındadır. Onlar şüurlu şəkildə mövzunu dəyişməyə cəhd göstərirlər. Müxalifətin əməkdaşlıq mövzusunun mediada işıqlandırılmasını başqa yönlərə çəkirlər. Bu gün aktual olmayan istiqamətlərə yönəltməyə və əməkdaşlıqda guya hansısa çox ciddi problemlərin olduğu barədə cəmiyyətə fikir təlqin etməyə çalışırlar. Əslində isə müxalifət düşərgəsində seçkisonrası mərhələdə əməkdaşlığın təşkil olunması ilə bağlı məsləhətləşmə dövrü gedir. Bu məsləhətləşmə mənim fikrimcə, kifayət qədər normal gedir. Sadəcə olaraq, detallara varmaq istəmirəm. Hesab eləmirəm ki, müxalifətin əməkdaşlıq məsələləri məhz mətbuat səhifələrində həll olunmalıdır. Təbii ki, mətbuatın həm vəzifəsidir, həm haqqıdır ki, bu mövzunu işıqlandırsın. Ancaq olan məsələləri işıqlandırmaq gərəkdir. Olmayan məsələlərlə bağlı çoxsaylı versiyalar irəli sürmək, mümkün qədər fərqli fikirlər mənzərəsini yaratmağın bir anlamını görmürəm.

- Müsavatın əməkdaşlıqla bağlı konkret yanaşması, modeli varmı?

- Yanaşmanı dəfələrlə mediada izah etməyə çalışmışıq. Təbii ki, həmkarlarımızla - digər partiyaların rəhbərləri ilə söhbətlərimizdə də təqdim etmişik. Bu da ondan ibarətdir ki, bu gün Azərbaycanda hakimiyyəti zəbt etmiş və heç bir halda xalqın iradəsi ilə hesablaşmaq fikrində olmayan bir rejim mövcuddur. Buna görə də siyasəti seçkilərə hesablamaq, məhz seçki ilə bağlı seçki blokları, koalisiyaları yaratmaq mövzusu günün ən aktual məsələsi deyil. Ən aktual məsələ ölkədə vəziyyəti dəyişmək, həqiqətən demokratik ab-hava yaratmaq, normal seçkilər üçün şəraitə nail olmaqdır. Bunlar baş verərsə, ondan sonra istər siyasi, istər seçki blokları, koalisiyaları qurmaq tamamilə aktual olar. O zaman da bu istiqamətdə zəruri addımlar atıla bilər. İndiki mərhələdə istər partiyaların ayrı-ayrılıqda fəaliyyəti, istərsə də onların əməkdaşlıq formatları məhz ölkədəki hazırkı vəziyyəti dəyişməyə yönəlməlidir. Hədəflər məhz vəziyyətin dəyişməsi olmalıdır. Bu barədə artıq fikirlərimizi bildirmişik. Seçki komissiyalarının paritet əsasda formalaşması, sərbəst toplaşmaq hüququnun, media azadlığının bərqərar olması, parlament seçkilərində və ola bilər ki, bələdiyyə seçkilərində proporsional seçki sisteminin tətbiq olunması və bir sıra başqa məsələlər var. Bunlara nail olmağa çalışmalıyıq. Hədəflərin bunlar olduğu ilə razılaşırıqsa, bu hədəflərə çatmaq üçün ən məqsədəuyğun əməkdaşlıq formatları hansılardırsa, onlar aydınlaşdırılmalıdır. Bu formatlarla bağlı Müsavatın öz yanaşması var. Biz maksimum səmərəli əməkdaşlıq tərəfdarıyıq. Mən bu məsələ ilə bağlı da detallara getmək istəmirəm. Çünki bu bizim həmkarlarımızla söhbətlərimizin, müzakirələrimizin mövzusudur. Konkret nəticələr olarsa, təbii ki, media bunu birinci biləcək.

- Daha çox MƏM-in daxilində Müsavat Partiyasının problem yaratdığı iddia olunur. Bu cür iddiaların müəlliflərinin fikrincə, Müsavat Müxalifətin Əməkdaşlıq Mərkəzində “Azadlıq” blokundakı üç partiyanın qarşısında tək olduğu üçün bu formatda birliyin əleyhinədir. Müsavat məhz buna görə KXCP, AMİP və ADP-nin də bu quruma gəlməsini istəyir. Belə olmadığı halda isə yalnız AXCP ilə əməkdaşlığı real sayır.

- Biz Müsavat Partiyası olaraq özümüzə arxayınıq. Həqiqət yolunda olduğumuza da əminik. Müsavatın gücünə, ölkədə dəstəklənmə əmsalına əminik. Ona görə də bizim bir partiya olaraq bir narahatçılığımız yoxdur. Bizim narahatlığımız Azərbaycanın problemləri ilə bağlıdır. Sizin dedikləriniz, xüsusən də sonuncular bir qədər məsələnin texniki tərəflərinə aiddir. Biz açıq şəkildə bildirmişik ki, hər bir partiyaya onun mövqeyinə və real gücünə əsasən qiymət verməyin tərəfdarıyıq. Bu baxımdan biz AXCP ilə “Azadlıq” blokunda təmsil olunan digər partiyaları eyni şəkildə görmürük. Bunu biz bəyan eləmişik və bundan daha artığını deməyə ehtiyac duymuram. Bu mövqeyimiz bir qədər əvvəl haqqında danışdığımız hədəflərə çatmaq üçün mübarizədə ən səmərəli, ən məqsədəuyğun formanı müəyyənləşdirmək üçündür.

- Bədrəddin Quliyev Müsavat ətrfında 9 partiyanın iştirakı ilə bələdiyyə seçkisi ilə bağlı blok yaradılması haqda razılıq əldə olunduğunu bildirib.

- Bilirsiniz ki, 2003-cü ildə biz bir sıra partiyalarla birgə “Bizim Azərbaycan” blokunu yaratmışdıq. Obyektiv müşahidəçilər bildirirlər ki, bu blok Azərbaycanın seçkilər tarixində ən güclü bloklardan biri idi. 2003-cü il prezident seçkisinin də qalibi məhz “Bizim Azərbaycan” bloku olub. Prezident seçkilərindən sonra bəzi partiyalar blokdan kənarlaşdılar. Blokun formatı dəyişdi. Siyasi blok kimi fəaliyyətə başladı. 2005-ci ilin yayında isə “Azadlıq” seçki blokunun yaranması ilə əlaqədar “Bizim Azərbaycan” blokunun fəaliyyətinin müvəqqəti dayandırılması qərara alındı. 2006-cı ildə isə bloka daxil olan bir neçə partiya bizim fikrimizi nəzərə almadan fəaliyyətin bərpa edilməsi barədə qərar qəbul etdi. Biz buna heç bir reaksiya vermədik. Həmin hadisədən sonra biz bu brenddən - “Bizim Azərbaycan”ın adından istifadə etmədik. Bu günə qədər də istifadə etməmişik. Ancaq fakt faktlığında qalır ki, vaxtilə “Bizim Azərbaycan” blokunda olan partiyaların bir çoxu Müsavatla əməkdaşlığı bu günə qədər davam etdirirlər. Biz həmin partiyalarla siyasi məsləhətləşmələrimizi heç vaxt dayandırmamışıq. Təxminən ayda bir dəfədən az olmayaraq, həmin partiyalarla bir araya gəlirik, vəziyyəti dəyərləndiririk, sonrakı addımlarımızla bağlı fikir mübadiləsi aparırıq. Açığı, mən birinci dəfədir ki, bu barədə tam bilgi verirəm. Mediaya bu istiqamətdə informasiya verməyə xüsusi ehtiyac duymamışıq. Çünki bu, bizim işçi bir əməkdaşlıq formamızıydı və kifayət qədər də səmərəli forma idi. Son keçirdiyimiz ənənəvi məsləhət görüşümüzdə təkliflər səsləndi ki, bələdiyyə seçkiləri ilə bağlı blok yaradılsın. Mən sizin əvvəlki suallarınıza cavab olaraq dediklərimi görüşdə iştirak edən həmkarlarıma da bildirdim ki, indi seçkilərlə bağlı bloklar yaratmaq aktual deyil. Hədəf vəziyyəti dəyişmək olmalıdır. Bu mövzunun həmkarlarımızla müzakirəsi davam edəcək. Ancaq Müsavat indiki mərhələdə bələdiyyə seçkiləri ilə bağlı seçki bloku yaratmaq niyyətində deyil. Bizim niyyətimiz ölkədə demokratik azadlıqları genişləndirmək və elə bir situasiya yaratmaqdır ki, seçkidə iştirakın, seçkiqabağı bloklar yaratmağın doğrudan bir anlamı olsun.

- Bələdiyyə seçkilərində prezident seçkisindən fərqli olaraq on minlərlə namizədin iştirak etdiyini əsas göstərən siyasi təhlilçilər hesab edir ki, hər bir halda müxalifətdən bələdiyyə üzvü seçilənlər olacaq. Ona görə də vəziyyət dəyişməsə belə, seçkidə iştirak edilməlidir.

- Biz bələdiyyə seçkisi ilə prezident seçkisinin fərqlərinin nədən ibarət olduğunu bilirik. Qəzetlərdə gedən və getməyən bütün detalları müzakirə etdikdən sonra qərarlar qəbul edirik. Zamanında bu barədə qərar veriləcək. İndiki mərhələdə isə Müsavatın hədəfi ölkənin demokratikləşməsinə nail olmaqdır.

- Dövlət başçısı İlham Əliyevin srağagün verdiyi sərəncamlarla hökumətin tərkibi tam bəlli oldu. Həm də bəll oldu ki, hakimiyyət bu dəfə də ciddi kadr dəyişikliklərinə getmədi. Heydər Babayev istisna olmaqla, heç bir güclü fiqurun yerindən tərpədilməməsinin sirri nədədir?

- Heç bir sirri yoxdur. Bir sıra səbəbləri var. Bir motiv odur ki, bu komanda ilə Əliyev rejimi hakimiyyəti qoruya, ölkəyə siyasi və iqtisadi nəzarəti monopoliyaya götürüb əlində saxlaya bilir. Ona görə də komandada ciddi dəyişikliklər etməyə siyasi nədənlər görmür. Digər bir səbəb bu rejimdəki ayrı-ayrı şəxslər, qruplar 1993-cü ildən bu günə qədər uzun müddət bir yerdə olublar. Bu qüvvələr arasında yüzlərlə müxtəlif bağlar yaranıb. Siyasi, iqtisadi, şəxsi, qohumluq, dostluq, düşmənçilik və digər münasibətlər formalaşıb. Bu situasiyada hər hansı bir ciddi fiqurun oradan çıxarılması sistemdə kifayət qədər problem yaradar. Komanda sağlam təməllər, Azərbaycanın maraqları üzərində qurulmadığı üçün onu dəyişmək İlham Əliyev üçün təhlükəli görünür. Ciddi bir fiquru dəyişəndə çox şeylər hərəkətə gəlir və İlham Əliyev üçün çoxlu problemlər yaranır. Üçüncü səbəb hakimiyyətdəki bir çox ciddi fiqurların Moskvaya bağlı olmasıdır. Bu bir faktdır ki, hakimiyyətdəki bir sıra ciddi fiqurların arxasında Rusiya dayanır. İlham Əliyev onları vəzifədən kənarlaşdırmaqla Moskva ilə əlaqələri gərginləşdirməkdən çəkinir.

Bir sözlə, bu rejim islahatlara qadir olmadığını tam sübuta yetirib. Ona görə də bu rejimdən heç bir sahədə ciddi dəyişikliklər gözləməyin anlamı yoxdur. O cümlədən daha bacarıqlı, dünyanı bilən demokratik təfəkkürlü insanların ciddi vəzifələrə gətirilməsini gözləmək yersizdir.

- Prezidentlik müddətinin artırılması ilə bağlı YAP-çılar tərəfindən təkliflər səsləndi. Lakin bu təkliflərə hakimiyyət təmsilçilərinin bir çoxu tərəfindən dəstək verilmədi. Ötən il də belə bir hal baş vermişdi. Bu məsələdə hakimiyyət düşərgəsində birmənalı mövqeyin olmaması nə ilə bağlıdır? Hakimiyyət Rusiya təcrübəsindən bəhrələnərək prezidentlik müddətini artıra bilərmi?

- Qeyd etdiyiniz vəziyyət hakimiyyətin strategiyasının olmaması, o cümlədən iqtidardaxili qruplaşmalarla bağlıdır. Bilirsiniz ki, Konstitusiyaya görə 2013-cü ildə İlham Əliyev prezidentliyə namizədliyini irəli sürə bilməz. Bu məsələ bir çox hakimiyyətdaxili qruplaşmalar üçün aktuallaşmağa başlayıb. “Müddəti uzada bilərlərmi” sualına gəlincə, nəzəri cəhətdən bu mümkündür. Sabah elan edə bilərlər ki, ölənə qədər prezidentlik statusu tətbiq olunacaq. Yaxud 7 il yox 17 il prezidentlik müddəti olmalıdır. Yəni bu hakimiyyətdən hər şey gözləmək mümkündür. Ancaq burada iki məqam var. Birincisi, bu tipli addımlar beynəlxalq birliyin ciddi narazılığı ilə müşahidə olunur. Bu günlərdə Bakıda olan ABŞ dövlət katibinin köməkçisi Devid Kremer mətbuat konfransında prezidentlik müddəti məhdudiyyətinin aradan qaldırılması ideyasına ehtiyatla da olsa münasibət bildirdi ki, zaman-zaman prezidentlərin, hakimiyyətlərin dəyişməsi sağlam bir hadisədir. Kremer bu ideyadan narazı qaldıqlarını bu şəkildə büruzə verdi. Təbii ki, həmin ideyanın gerçəkləşməsi istiqamətində cəhdlər göstəriləcəksə, beynəlxalq birliyin hakimiyyətə təzyiqi artacaq. Rejim üçün özlərinin də hesablaya bilmədikləri bir çox problemlər çıxacaq. İkincisi bunlar 50 illik hakimiyyətdə qalmaqla bağlı da qərar qəbul edə bilərlər. Necə ki, vaxtilə Türkmənbaşı və bir çox avtoritar liderlər özlərinin xoşuna gələn bu tipli qərarlar qəbul etmişdilər. Bu gün hardadır o qərarlar, hardadır o diktatorlar, avtoritar liderlər?

- Politoloqlar proqnozlaşdırırlar ki, Barak Obama hakimiyyəti Azərbaycan iqtidarı üçün heç də asan olmayacaq. Devid Kremerin Bakıda keçirdiyi görüşlərdə də təxminən bu cür xəbərdarlıq etdiyi bildirilir. Siz necə hesab edirsiniz?

- Obama ciddi dəyişikliklər şüarı ilə hakimiyyətə gəlib. Təbii ki, bir çox şeyləri dəyişməyə çalışacaq. Dəyişiləsi məsələlərdən biri indiki dövlət katibi Kondoliza Raysın son illər bir neçə dəfə təkrar etdiyi bir ideyada qeyd olunan problemdir. O bildirib ki, ABŞ son 60 ildə Yaxın Şərqdə azadlığı sabitliyə qurban verib, 60 il keçib nə azadlıq var, nə də sabitlik. Əslinə qalsa, bu fikir ABŞ üçün yeni deyil. Bu fikri Amerikanı bir dövlət olaraq yaradanlardan biri - Benjamin Franklin zamanında belə ifadə edib ki, azadlığı sabitliyə qurban verənlər nə azadlığa, nə də sabitliyə layiq deyillər. Bu fikir hətta ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında divara həkk olunub. Yəni ABŞ azadlıqlar üzərində qurulmuş bir dövlətdir. Zamanında Amerikanın prezidentlərindən biri Karter belə bir fikir işlətmişdi ki, ABŞ insan haqlarını yaratmayıb, insan haqları Amerikanı yaradıb. Belə bir dövlətin onilliklər ərzində azadlıqları sabitliyə qurban verməsi təbii ki, ABŞ-ın ideallarına uyğun bir davranış deyil. Düzdür, burada bir nüans var ki, Bencamin Franklin o fikri səsləndirərkən ABŞ-ın özünü nəzərdə tutub. Kondoliza Raysın etiraf elədiyi siyasi səhv həqiqəti isə ona aiddir ki, ABŞ başqa regionlarda, başqa xalqların azadlıqlarını sabitliyə qurban verib. Bu, mənəvi yükü daha da artırır. O baxımdan Obamanın dəyişməyə qalxa biləcəyi məsələlərdən biri məhz budur. Edə biləcəkmi? Bunu fəaliyyətə başlayandan sonra görəcəyik. Onu da nəzərə almaq lazımdır ki, hələ hazırkı Buş adminstrasiyasının da təxminən iki aylıq müddəti var. İstək olsa, bu müddətdə də ciddi addımlar atıla bilər. Hər halda Devid Kremerin Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər nikbinliyə əsas verir.
İkinci bir nüans Barak Obamanın Qərbin enerji dairələrinə birbaşa bağlılığının olmamasıdır. Üstəlik, dünya miqyasında iqtisadi böhranın başladığı bir mərhələdə neftin qiymətinin düşməsi və sair məsələlər kifayət qədər imkan verə bilər ki, Barak Obama bir çox məsələlərdə yeniliklər etsin.

- Azərbaycan hakimiyyətinin Barak Obama və administrasiyası ilə şəxsi əlaqələri necədir? Azərbaycanın müxalifət qüvvələrinin Obama və onun komandası ilə tanışlığı, münasibətləri varmı?

- Bizim senator, yeni prezident Obama ilə görüşlərimiz olub. Obamanın adminstrasiyasında təmsil oluna biləcək adamların bir çoxları ilə, o cümlədən vitse-prezident Cozef Baydenlə ABŞ-da görüşlərimiz olub. Bir neçə gün əvvəl Türkiyə baş naziri Ərdoğanın Vaşinqton səfəri zamanı Barak Obamanın administrasiyasına təsir edə biləcək adamlarla görüşləri barədə məlumat verildi. Görüntülərdə əsas göstərilən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt idi. Bizim xanım Olbraytla kifayət qədər səmərəli əməkdaşlığımız, şəxsi münasibətlərimiz olub. Ancaq Azərbaycanın hakimiyyət dairələrinin də ABŞ-da hakimiyyətə gələn qüvvələrlə münasibətləri, tanışlıqları var. Hər halda Obama öz administrasiyasını yalnız indiyə qədər heç vaxt hakimiyyətdə olmamış demokratlardan qurmayacaq. Obamanın administrasiyası Amerika və dünya üçün tanınmayan adamlardan ibarət olmayacaq. Bir məsələni də nəzərə almaq lazımdır ki, siyasətdə şəxsi münasibətlərin, əlaqələrin çox ciddi təsiri olsa da, hər halda həlledici deyil. Hər bir siyasətçi öz kursunu müəyyənləşdirərkən dövlətinin maraqlarını nəzərə alır. Ən azı demokratik ölkələrdə belədir.

- Qarabağ danışıqlarının sürətlənməsi, Rusiya və Türkiyənin prosesdə aktivləşməsi müşahidə olunur. Qarabağla bağlı təhlükənin yarandığı haqda fikirləri bölüşürsünüzmü? Azərbaycan cəmiyyətinin narahatlığına əsas var?

- Dağlıq Qarabağ və ətraf rayonlar 15 ildir Ermənistanın işğalı altındadır. Bu 15 ildən artıq müddətdə də Əliyev rejimi Azərbaycanda hakimiyyətdə olduğu üçün işğal altındakı torpaqlarımızın hüquqi cəhətdən də itirilməsi təhlükəsi hər zaman olub və bu gün də var. Bu təhlükə realdır. Ancaq eyni zamanda son vaxtlar Qarabağ mövzusunda keçirilən görüşlər, atılan addımlar, verilən bəyanatlar mənə yenə də kifayət qədər imitasion təsiri bağışlayır. Yəni müxtəlif qüvvələr bu problemi həll etməkdən daha çox, problem adı ilə görüşlər keçirmək, bəyanatlar verməklə sanki öz maraqlarını həyata keçirməyə çalışırlar. Bu maraqlar Azərbaycanın maraqlarına uyğun ola da bilər, olmaya da bilər. Məsələn, biz Türkiyənin bu məsələdə fəallaşmasını çox yüksək qiymətləndiririk. Baxmayaraq ki, onların fəallaşmasının Qarabağ məsələsində qısa bir müddətdə müsbət dəyişikliyə gətirib çıxaracağını hesab etmirəm. Ancaq Azərbaycana çox yaxın olan qardaş ölkənin fəallaşması obyektiv olaraq ölkəmizin maraqlarına uyğundur. Eyni zamanda, təbii ki, bu mövzulardan Türkiyə Cənubi Qafqazda öz siyasətini fəallaşdırmaq, mövqelərini möhkəmlətmək üçün istifadə edir. Bunu biz illərlə Türkiyə siyasətçilərinə bildirirdik ki, onlar regionun önəmli dövlətlərindən biri kimi Cənubi Qafqazda daha fəal olmalıdır. Ancaq bu tərəfdən də açıq görünür ki, Rusiya fəallaşır, prosesi öz nəzarətinə almağa və bunu dünyaya nümayiş etdirməyə çalışır. Yəni burada da problemin həllindən daha çox Rusiyanın regionda təsirin artması təhlükəsi göz qabağındadır. Və təbii ki, bu mənzərədə yersiz bəyanatlar, yersiz çıxışlar da az deyil. Xüsusən də ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edib orada və ondan sonra verdiyi bir çox bəyanatlar həddindən artıq yersiz, səviyyəsiz açıqlamalardır. Məncə Azərbaycan hakimiyyət dairələri bu məsələ ilə bağlı kifayət qədər prinsipial mövqe tutub həmsədrlərdən diqqətli davranmalarını tələb etməlidirlər. İstənilən halda Azərbaycan xalqı, ictimaiyyəti, siyasi dairələri çox diqqətli olmalıdırlar. Müsavat Partiyası olaraq biz bu prosesi hər an izləyirik. Bütün nüanslara diqqətlə yanaşırıq. Qarabağ məsələsində Azərbaycanda heç bir qüvvə öz siyasi maraqlarından çıxış etməməlidir. Bütün qüvvələr milli maraqlar məsələsində birgə mövqedən çıxış etməyi bacarmalıdırlar.

- Rusiya beş rayonu qaytarıb Dağlıq Qarabağla arada sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirə bilərmi?

- Rusiyanın bu istəkdə olması şübhəsizdir. Ancaq Azərbaycanın buna razılıq verməsini mən təsəvvür edə bilmirəm. Bu nəinki Qarabağın itirilməsi, hətta Azərbaycanın müstəqilliyinə real təhlükə deməkdir. Heç bir hakimiyyət bu addıma gedə bilməz. Və hesab eləmirəm ki, təzyiq də burada həlledici rol oynaya bilər.

Etibar SEYİDAĞA, "Yeni Müsavat", 21-22.11.2008