Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncağın əvvəlində partiyanın Başqanı İsa Qəmbər ötən həftə gerçəkləşdirdiyi Almaniya səfəri haqqında ətraflı məlumat verib. Daha sonra zona müşavirələrinə hazırlıq məsələsi müzakirə olunub. Bu yöndə artıq görülmüş və görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb və Təşkilat Departamentinə konkret tapşırıqlar verilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə aid bölümündə əsas müzakirə olunan məsələ 4 may mitinqinə hazırlıq məsələsi olub. Bu məsələ ilə əlaqədar rayon təşkilatlarının genişləndirilmiş şura toplantılarının qrafiki və həmin toplantılarda iştirak edəcək Divan üzvlərinin siyahısı müəyyənləşdirilib.

Son zamanlar müxalifətdən olan bir sıra jurnalist və siyasətçilərə qarşı telekanallar vasitəsilə qeyri-etik və milli mentalitetə zidd böhtan xarakterli silsilə verilişlərin verilməsinə kəskin etiraz bildirilib. Divan bu cür ədəbsiz kampaniyaların hakimiyyətin siyasətinin tərkib hissəsinə çevrildiyini bəyan etməklə yanaşı cəmiyyəti, xüsusən də ziyalıları bu iyrənc üsullara öz etirazını bildirməyə çağırıb.
Partiya Məclisinin mayın 3-də keçiriləcək sessiyasının gündəlik layihəsi haqqında ilkin fikir mübadiləsi aparıldıqdan sonra bir sıra cari məsələlər müzakirə olunub.

isagambar.az, 21 aprel 2008-ci il, Bakı