Müsavat Partiyasının bəyanatı

Bir neçə gün bundan əvvəl “Azadlıq” qəzetinin əməkdaşı, satirik Mirzə Sakit saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsində rəhbərlik tərəfindən vəhşicəsinə döyülüb. Satirikin həyat yoldaşının bildirdiyinə görə, Mirzə Sakit türməyə girən kimi onun başını qırxdırmaq istəyən nəzarətçilərdən başının bir gün gec qırxılmasını xahiş edib. Buna səbəb olaraq həmin gün onun ad günü olmasını bildirib və ailəsi ilə görüşə bu vəziyyətdə çıxmaq istəməyib. Rejim rəisi Elzamin Quliyev isə buna icazə vermədiyinə görə satirik türmə rəisi Ərşad Həsənovla görüşmək istədiyini bildirib. Bundan qəzəblənən rejim rəisinin göstərişi ilə əvvəlcə Mirzə Sakitin əlləri qandallanıb, daha sonra onu böyrəklərinə təpik vurulmaqla vəhşicəsinə döyüblər. Səhərisi isə dustaqlardan biri Mirzə Sakiti və müxalifət nümayəndələrini təhqir edərək onu provokasiyaya çəkmək istəyib.

Müsavat Partiyası bu hadisədən narahatçılığını bildirir, ölkə rəhbərliyindən satirikə qarşı yönəldilmiş bu provokasiyanın qarşısının alınmasını və günahkarların dərhal cəzalandırılmasını tələb edir. Müsavat Partiyası həmçinin bildirir ki, Mirzə Sakitin həyatına görə hakimiyyət bilavasitə məsuliyyət daşıyır.

isagambar.az, 21 oktyabr 2008-ci il, Bakı