“PREZİDENT SEÇKİSİ ALMANİYADA ƏTRAFLI
MÜZAKİRƏ OLUNDU”
İsa Qəmbər xarici səfərdən qayıtdı
“Fridrix Naumann” Fondunun və Amerikanın Marşal Fondunun dəvəti ilə Almaniyada
səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər vətənə dönüb. Dünən səfər
barədə qəzetimizə açıqlama verən Müsavat başqanı bildirdi ki, Almaniyada olduğu
müddətdə iki nüfuzlu təşkilat və bu ölkənin bəzi digər çox önəmli araşdırma
mərkəzləri bir neçə maraqlı mövzularda konfranslar və seminarlar keçirib.
həmin tədbirlərin iştirakçısı olan İsa Qəmbər Cənubi Qafqazın xüsusi diqqət
mərkəzində olduğunu vurğuladı. Müsavat başqanının sözlərinə görə, bu ölkələrdə
və ümumiyyətlə, postsovet məkanında avtoritarizm meylləri ilə demokratikləşmə
arasındakı mübarizə mövzusu diqqət mərkəzində olub:
“Dünyadakı müxtəlif qüvvələrin Cənubi Qafqazla bağlı geopolitik maraqları,
Cənubi Qafqazın təhlükəsizlik problemlərinin həlli məsələsi də diqqət
mərkəzindəydi. Eyni zamanda Avropanın enerji təminatında Azərbaycanın rolu
mövzusu da var idi”. Müsavat başqanı hər üç mövzuda məruzə ilə çıxış edib:
“Tədbirlərdə Gürcüstan və Ermənistanın təmsilçiləri var idi. Həmçinin Amerika,
Rusiya, Türkiyədə araşdırmaçılar, siyasətçilər iştirak edirdi. Eyni zamanda
Almaniyanın bir çox təmsilçiləri də bu konfranslara qatılmışdılar. Çox maraqlı,
səmərəli müzakirələrimiz oldu”.
Müsavat başqanı səfər çərçivəsində adı çəkilən ölkələrin araşdırmaçıları,
müxtəlif siyasi nümayəndələri ilə bir sıra fərdi söhbətlərinin olduğunu, maraqlı
və diqqətəlayiq görüşlər keçirdiyini də vurğuladı:
“Bütövlükdə ətrafında disskusiya aparılan mövzuları və görüşləri
qiymətləndirsək, Avropada Cənubi Qafqaz ölkələrinə diqqətin xeyli artdığını bir
daha təsdiq etmək mümkündür. Xüsusən də Gürcüstan və Ermənistanda son vaxtlar
keçirilən prezident seçkiləri və bu seçkilər zamanı yaşanan hadisələr,
Azərbaycanda isə prezident seçkilərinin yaxınlaşması və bu ərəfədə ölkədə
demokratiya və insan haqları ilə bağlı çox ciddi problemlərin mövcudluğu kifayət
qədər ətraflı şəkildə müzakirə olundu və diqqət mərkəzində oldu”.
Elşad PAŞASOY, Yeni Müsavat, 22.04.2008