Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilmişdir. Toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.

Gündəliyin partiyadaxili işlər bölümündə dekabrın 20-də ilin yekunlarına həsr edilmiş müşavirə haqqında fikir mübadiləsi aparılıb və tədbir yüksək qiymətləndirilib.

İqtidarın Konstitutsiyaya bir nəfərin iki dəfədən artıq prezident seçilə bilməsini nəzərdə tutan dəyişiklik etməyə hazırlaşması, toplantının əsas müzakirə olunan məsələsi olub. Qətiyyətlə qeyd edilib ki, bu mürtəce dəyişiklik antidemokratikdir və Azərbaycanın köklü maraqlarına ziddir. Əgər, İlham Əliyevin ömürlük prezidentlyi üçün nəzərdə tutulmuş bu dəyişiklik həyata keçirilərsə, onsuz da demokratiya sahəsində müsbət imicə malik olmayan Azərbaycanın dünyada möveyi daha zəifləyəcək ki, bu da milli mənafeyimizə qətiyyən uyğun deyil.

Divan, bütün mümkün qanuni vasitələrdən istifadə edərək hakimiyyətin bu addımının qarşısının alınmasının və bu yöndə müxalifətin birgə fəaliyyət göstərməsinə vacibliyini qeyd edib.

Həmçinin müxalifətin bu məqsədlə həyata keçirdiyi tədbirlər müsbət qiymətləndirilib, birgə tədbirlərin davam etdirilməsi, o cümlədən dekabrın 24-də Konstitutsiya Məhkəməsi qarşısında müxalifətin birgə piketi üçün Bakı şəhər rəhbərliyinə müraciət edilməsi qərara alınıb.

Daha sonra Türkiyədə başladılmış “ermənilərdən üzristəmə” kampaniyası haqqında fikir mübadiləsi aparılıb və bu kampaniya pislənilib. Qeyd edilib ki, tarixi hadisələrin bunca təhrif edilməsinin bəzi dairələr tərəfindən “azad söz ifadəsi” kimi dəyərləndirilməsi təəssüf doğurur və yanılışdır.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 22 dekabr 2008-ci il, Bakı