METRO KARTLARINIZI MÖHKƏM SAXLAYIN...
Bakı Metropolitenində baş verən olmuş əhvalat

İndiki zamanda artıq heç kimi korrupsiya, məmur özbaşınalığı ilə təəccübləndirmək mümkün deyil. Daha bu haqda yazmaq da çox vaxt oxucu üçün maraqlı olmur. Amma inanın ki, bəzən Azərbaycanda orta əsrlərin feodal cəmiyyətlərində də olmayan özbaşınalıq halları ilə rastlaşdıqda susa bilmirsən. İndi onlardan biri haqqında oxucuları da məlumatlandırmaq istərdim.

Xeyli müddətdir ki, Bakı Metropolitenində jetonlar yığışdırılaraq kart sisteminə keçilib. Metro rəhbərliyinin bu yenilikdən öz mənafeyi üçün necə istifadə etməyi haqqında çox yazılıb, çox deyilib. Yadınıza salmaq istərdim ki, metro rəhbərliyi metro kartlarını dünyada analoqu olmayan bir metodla – dəyəri heç 20-30 qəpik olmaya-olmaya, adını depozit qoyaraq 2 manata satmağa başladı. Üstəlik, dedilər ki, guya bu kartları hansı kassada istəsən geri qaytarmaq da olar. Mən bu qayda ilə camaatdan pul yığılmasından bir daha danışmaq istəmirəm, illah da ona görə ki, 2 manat da həmişəki 2 manat deyil, qoy o da qurban olsun Tağı Əhmədovun gül sözlərinə!..

Beləliklə, maraq üçün mən çoxdan bəri işlətdiyim kartı “28 may” stansiyasında kassaya qaytarmaq istədim. Qabaqcadan bildirim ki, kartım işlək olsa da, köhnəlmişdi, amma nə çatı vardı, nə də ki, əzik deyildi. Bir də ki, sərnişinlərlə metropoliten arasında nə zamandan bəri saziş imzalanıb ki, mən də ona riayət eləyəydim, fikirləşdim ki, depozitdirsə, deməli, qaytarmaq olar. Kassada isə məni sürpriz gözləyirdi.

Birinci bildiyim o oldu ki, sən demə, sərnişinlərin işlədib geri qaytardıqları kartlar təzədən başqa müştərilərə satılırmış. Bu o demək idi ki, kartlar alındığı kimi təzə deyilsə, kassirlər onu geri almır, yəni siz depozitinizi geri vermək istəyirsinizsə, onu yastığın arasında saxlamalısınız...

İkinci situasiya, düzü, mənə daha pis təsir etdi, kassirlərlə böyük mübahisədən sonra məni rəisin yanına göndərdilər, bu zaman mən xalqımızın necə prinsipial olduğunun şahidi oldum. Təqribən 10-15 dəqiqə bütün stansiya işçiləri – kassirlər, rəisi və polisi qarışıq mənim haqsız olduğumu sübuta yetirməyə girişdi, hətta kimsə mikroskop gətirmək istəyərək mənim kartımın içindəki elektronların xarab olduğunu sübut eləməyə girişdi. Təəccüblüsü bu idi ki, bu insanların birinin ağlına belə gəlmirdi ki, kartı geri alıb mənə 2 manatı qaytarsınlar.

Amma adamın Allahı var, kassirlərdən biri mənə pıçıldadı ki, bunu 2 manata yox, aşağı qiymətə götürə bilərik, bu dəfə isə mən razılaşmadım.

Rəsmi mövqelər

Məsələ ilə bağlı metropoliten mətbuat xidmətinə zəng vurduq, iş vaxtının qurtarmasına 2 saatdan da çox qalmasına baxmayaraq, hər iki telefon cavab vermədi. Mühasibatlıqdan da bizim suallarımızı cavablandırmadılar, nəhayət, 490-00-32 nömrəli telefona zəng vuraraq (telefon arayış xidmətindən bildirdilər ki, bu, metropoliten mühəndisinin nömrəsidir) suallarımıza cavab ala bildik, təəssüf ki, həmin şəxs ad və soyadını deməkdən qəti imtina etdi. Beləliklə, metropoliten rəsmisi kassadakılar və stansiya rəisindən fərqli bir şey deməyərək, hər bir kassanın üzərində sərnişinlərə xəbərdarlıq yazıldığını xatırladaraq qeyd etdi ki, sərnişinlər kartları sellofanda gəzdirməlidirlər ki, o təzə qalsın, əks təqdirdə onlar köhnə kartları başqa müştəriyə sata bilmirlər... Mühəndis hətta məndən soruşdu ki, “sizin özünüz işlənmiş kart alarsınızmı”, mən ona əks sual verərək soruşdum ki, metropoliten hansı qaydalara uyğun olaraq köhnəlmiş kartları təzədən əhaliyə satır, onun depozit yığmağa hüququ varmı, olmazmı ki, kartları camaata “depozit” kimi verməyib, sadəcə uyğun qiymətə satasınız, belə bir analoq varmı dünyada? Təbii ki, suallarım cavabsız qaldı...

“Dünyada belə bir analoq varmı?” sualını mən İstehlakçıların Hüququnu Müdafiə cəmiyyətinin sədri Əyyub Hüseynova da verdim. Əyyub müəllimin cavabı çox səmimi oldu: “Mən dünyanın çox ölkələrində olmuşam, heç bir yerdə Bakı metrosundakı kimi sərnişinlərin başına oyun açılmasının şahidi olmamışam. Xəcalət çəkirəm ki, indiyədək bu məsələ ilə bağlı heç nə edə bilmirəm. Bakı metrosu istehlakçıların hüququnun ən çox pozulduğu yer olaraq qalır...”

Gülnaz MƏMMƏDLİ, mammadli@post.com

“Yeni Müsavat”, 24.08.2008
http://www.musavat.com/site/shownews.php?news_id=39015