AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL ÜÇÜN DÖVLƏT BÜDCƏSİ İLƏ BAĞLI MÜSAVAT PARTİYASININ BƏYANATI

Milli Məclisdə 2009-cu il dövlət büdcəsi haqqında Qanun layihəsinin müzakirəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə də büdcə müzakirələri əvvəlki illərdə olduğu kimi cəmi bir neçə gün aparıldı. Bu müzakirələrin qanunla təsbit edilən prosedurunun yoxluğu yenə də parlamentdə büdcə dinləmələrinin sistemsiz şəkildə və cəmi bir neçə gün keçirilməsinə hüquqi şərait yaratdı. Əks təqdirdə büdcə layihəsinin 3 və ya 4 oxunuşdan keçməsi nəzərdə tutulmalı, hər bir oxunuşda müzakirələrin konkret predmeti göstərilməli və müddəti reqlamentləşdirilməlidir. Bu prosesin əksər MDB ölkələrində «Büdcə Məcəlləsi» ilə tənzimlənməsinə baxmayaraq Azərbaycanda bir neçə ildir belə bir sənədin hazırlanması istiqamətində hökumət və beynəlxalq maliyyə kredit təşkilatları arasında yalnız müzakirələr davam etdirilir. Odur ki, növbəti ilin də büdcə layihəsinin müzakirəsi və qəbulu mükəmməllikdən xeyli uzaq «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq surətdə davam etdirilir. Lakin, hətta bir çox hallarda bu Qanunun da tələbləri pozulur. Belə ki, müvafiq qanunvericilik bütün məqsədli büdcə fondlarının gəlirlərinin 2009-cu ilin büdcə qanununda əks olunmasını tələb etsə də buna əməl olunmayıb.

Növbəti ilin dövlət büdcəsi iqtisadi mahiyyətinə görə ötən illərdəki büdcələrdən əsaslı şəkildə fərqlənməsə də, siyasi yükü əvvəlki illərdə olduğundan daha çoxdur. Büdcə gəlirlərinin gələn il üçün proqnozlaşdırılan 16,1 faizlik artımı əsasən inflyasiyanın yüksəlməsi hesabına artan ƏDV ödənişləri və neft fondunun köçürmələri hesabına proqnozlaşdırılıb. Belə ki, gələn ilin büdcəsində gözlənilən artımın 2/3-i bu iki mənbədən təmin ediləcək. Növbəti ilin büdcəsində birbaşa neft gəlirlərinin payı 65 faizdən çox təşkil edəcək ki, bu da büdcə sabitliyi üçün təhlükə mənbəyi hesab oluna bilər.

2009-cu ilin büdcəsində gəlirlərinin həcmi ilə milli iqtisadiyyatın maliyyə potensialı arasında uyğunsuzluq müşahidə olunacaq. Yenə də ölkədə bir tərəfdən azad sahibkarlığın təşəkkül tapmaması, digər tərəfdən isə iqtisadi fəaliyyət sahələrini inhisara götürmüş hakimiyyət təmsilçiləri ilə bağlı olan biznes strukturların dövlət büdcəsinə vergi ödənilməsində müşahidə olunan ciddi nöqsanlar, eləcə də korrupsiyanın mövcudluğuna görə vergi intizamnına əməl olunmaması səbəbindən vergi daxil olmalarında özəl sektorun, xüsusilə də regionlarda fəaliyyət göstərən biznes firmaların payının az olması iqtisadiyyatın büdcə potensialından tam istifadə olunmamasına gətirib çıxarır.

2009-cu il dövlət büdcəsinin xərclərinin strukturu onun siyasi mahiyyətini daha əyani ifadə edir. Növbəti maliyyə ili üçün də büdcə xərcləri gözlənildiyinin əksinə olaraq proqram təsnifatı üzrə açıqlanmır. Belə ki, büdcədə 38,1 faizə qədər xüsusi çəkiyə malik olan sənaye tikinti xərclərinin, 10 faizə qədər paya malik olan müdafiə xərclərinin, əsas bölmələrə aid edilməyən xərclərin, prezidentin və büdcənin ehtiyat fonduna ayrılmış vəsaitlərin və digər xərclərin, bütövlükdə büdcə xərclərinin 60 faizinə qədərinin açılışı yoxdur. Belə olan halda isə həmin istiqamətlər üzrə büdcə xərclərinin izlənilməsi və onun səmərəliliyinin qiymətləndirilməsi imkanları daha da məhdudlaşır, şəffaflığın təminatı problem olaraq qalır.

Büdcə xərclərinin 38,1 faizinə qədərini təşkil edən sənaye-tikinti xərclərinin necə xərclənəcəyi sualına cavab verilməməsi onun maliyyələşdirilməsinə yönəldilicək vəsaitin əksər hissəsinin korrupsiya nəticəsində sərəncamvericilərin yeminə çevriləcəyinə heç bir şübhə yeri qoymur. Büdcədən investisiya məqsədlərinə yönəldilən vəsaitlərin ünvanlılığı və proqramlarla əlaqəliliyinin təmin edilməməsi də korrupsiya üçün geniş şərait yaradılması cəhdi kimi qiymətləndirilməlidir.

Gələn il üçün isə sosial yönümlü xərclərin xüsüsi çəkisi 25,6 faiz (halbuki 2003-cü ildə həmin göstərici 41 faiz təşkil edirdi) proqnozlaşdırılıb. Artıq ikinci ildir ki, Azərbaycan dövlət büdcəsində sosial yönümlü xərclərin həcmi əsaslı-tikinti xərclərindən azdır. Balansın investisiyaların artırılması hesabına pozulması bir tərəfdən büdcənin inkişaf xarakterli olduğu anlamını yaratsa da digər tərəfdən də iqtisadiyyata inflyasiya təzyiqini yumşaltmaq məqsədilə sosial proqramlara ayrılan vəsaitlərin məhdudlaşdırılması xarakteri daşıyır. Odur ki, yenə də gözlənilənlərin əksinə olaraq 2009-cu ilin büdcəsindən əhalinin əmanətlərinin qaytarılmasına vəsait ayrılmayıb. Eyni zamanda ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsait hesabına maksimum 250 nəfərə kredit ayrılması mümkündür.

Gələn ilin büdcəsində narahatlıq doğuran məqamlardan biri də növbəti il üçün cari illə müqayisədə prezidentin ehtiyat fonduna 26 milyon manat çox vəsaitin proqnozlaşdırılmasıdır. Belə ki, 2009-cu ildə prezidentin sərəncamında təyinatını özü müəyyənləşdirəcəyi 180 milyon manat vəsaitin olması büdcədən siyasi məqsədlər üçün istifadə imkanlarını artırır. Müqayisə üçün qeyd edək ki, bu məbləğ elmə ayrılan bütün vəsaitin cəmi məbləğindən 70 milyon manat çoxdur.
Sonda diqqəti bir məqama da yönəltmək istərdik ki, hakimiyyət regional inkişafdan danışsa da, növbəti ildə də bələdiyyələrə dövlət köməyi (hətta bələdiyyələrin sayının artmasına baxmayaraq) əvvəlki səviyyədə saxlanılıb, bu isə bələdiyyələrin maliyyə əsaslarının möhkəmlənməsində siyasi marağın olmamasının göstəricisidir. Digər bir tərəfdən isə yerli gəlirlərin ümumi büdcə gəlirlərinin 3,9% təşkil etməsi 2009-cu il dövlət büdcənin formalaşmasında regionların əhəmiyyətli rola malik olmamasını və bu halda da regionların sosial-iqtisadi inkişafı ilə bağlı deyilənlərin təbliğat xarakteri daşıdığını sübut edir. Deməli, artıq 4 ildir ki, təmtəraqla həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramı uğursuzluğa düçar olub, onun əsas hədəfini qeyri-məhsuldar fəaliyyətlər- heykəllərin qoyulması, muzeylərin açılması təşkil etdiyindən yerli səviyyədə vergilərin formalaşmasında əsaslı artım müşahidə olunmur.

Müsavat Partiyası bütün bu deyilənləri nəzərə alaraq bəyan edir ki, novbəti ilin büdcəsində də islahat görüntüsü yoxdur, ondan daha çox korrupsiya qoxusu gəlir. Hökumət ölkədə gizli iqtisadiyyatın və korrupsiyanın səviyyəsinin azaldılmasına, azad sahibkarlığın və real sektorun inkişafına maraqlı olmadığını bir daha nümayiş etdirir, eyni zamanda milyonlarla insanın ən vacib həyati tələbatlarının ödənilməməsinə göz yumur. Bütün bunlar hazırki hakimiyyətin siyasi mahiyyətindən irəli gəlir və rejimin möhkəmlənməsində büdcə imkanlarının maksimum səfərbər edilməsinə xidmət edir. Bundan əlavə Müsavat Partiyası bildirir ki, dünyanı bürüyən maliyyə və iqtisadi böhranın Azərbaycanda törədə biləcəyi fəsadların nəzərə alınmaması, hakimiyyət yetkililərinin bu barədə ziddiyyətli açıqlamaları, nəhayət hökumətin sözügedən problemlə bağlı aydın konsepsiyasının olmaması ölkə iqtisadiyyatını ciddi təhlükələrlə üzbəüz qoya bilər. Odur ki, partiya dövlət büdcəsini mütəxəssislərin də iştirakı ilə hərtərəfli müzakirəsini vacib sayır və bu mühüm sənədin tələm tələsik qəbul olunması praktikasına birdəfəlik son qoyulmasını tələb edir.

isagambar.az, 24 noyabr 2008-ci il, Bakı