Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Sonra Xocalı soyqırımı ilə bağlı müzakirələr aparılıb. Divan ermənilərin törətdiyi bu qətliamı
bir daha ötən əsrin ən faciəli hadisələrindən biri kimi qiymətləndirib. Təəssüf hissi ilə qeyd olunub ki, hakimiyyət bu faciənin ildönümü ilə bağlı Azadlıq meydanında birgə mitinq keçirməklə bağlı Müsavat Partiyasının təkliflərinə qoşulmadığı üçün Xocalı qətliamının beynəlxalq ictimai fikrin gündəminə gətirilməsi yolunda yaranmış fürsət əldən verildi (qeyd edək ki, Müsavat Partiyasının rəhbərliyi və fəalları 26 fevral 2008-ci il saat 12-00-da Xocalı soyqırımı abidəsini ziyarət edəcəklər).

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, son günlər ölkədə söz və mətbuat azadlığı sahəsinə vəziyyət pisləşməkdə davam edir. “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin öz peşə vəzifəsini yerinə yetirərkən bir qrup şəxs tərəfindən döyülməsi bunun bariz nümunəsidir. Divan bu hadisəni qətiyyətlə pisləyir və hakimiyyətdən günahkarların dərhal tapılaraq cəzalandırılmasını tələb edib. Bundan əlavə neçə vaxtdır ki qeyri-qanuni həbsdə saxlanılan yazarlar Eynulla Fətullayevin, Mirzə Sakitin və Qənimət Zahidin dərhal azadlığa buraxılması tələb olunub.

Toplantıda 2008-ci ilin prezident seçkisinə hazırlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, 25 fevral 2008-ci il, Bakı