“VƏZİYYƏTİ YALNIZ XALQIN ÖZÜ DƏYİŞƏ BİLƏR”
İsa Qəmbər: “Müraciətimiz yenə rədd edilsə, razılaşdırılmamış aksiyalara
qərar verilməsi mümkündür”
Müsavat başqanı hakimiyyətə xəbərdarlıq etdi
Ölkə seçki marafonu ilə yanaşı, gündən-günə ağırlaşan sosial-iqtisadi problemlər
mərhələsinə daxil olmaqdadır. Belə vəziyyətdə, təbii ki, hakim qüvvə ilə birgə
siyasi müxalifətin də məsuliyyət yükü və qayğıları ikiqat artmış olur. Prezident
seçkisinin yaxınlaşması isə həm iqtidarı, həm də müxalifəti məsələyə münasibətdə
xüsusilə həssas və kompromissiz edir. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə
budəfəki söhbətimizdə Azərbaycandakı mövcud ictimai-siyasi durumdan doğan bir
sıra aktual suallara aydınlıq gətirməyə çalışdıq.
- Hazırda ölkə gündəmini zəbt etmiş əsas mövzu şübhəsiz, bahalaşma və
proqnozlaşdırılan ərzaq böhranıyla bağlıdır. Bilmək istərdik, müxalifət lideri
olaraq prosesi nə dərəcədə izləyə bilirsiniz? Hadisələr hara aparır,
Azərbaycanda ərzaq üsyanı haqda deyilənləri bölüşürsüzmü?
- Bir ölkədə ki hakimiyyətin aydın, elmi əsaslandırılmış iqtisadi inkişaf
konsepsiyası yoxdu və hakimiyyət dəhşətli miqyaslı korrupsiya mexanizmi qurub, o
ölkədə iqtisadi problemlər həmişə olacaq. Digər yandan, dünya miqyasında bəzi
neqativ proseslərin start götürdüyünü nəzərə alsaq, aydın məsələdir ki, bu,
Azərbaycandan da yan ötməyəcək. Korrupsiya olmayan, iqtisadiyyatı savadlı
şəkildə, elmi, liberal dəyərlərə uyğun qurulan dövlətlərdə ümumdünya ərzaq
böhranından yayınmaq, yaxud onun fəsadlarını azaltmaq olar, Azərbaycan kimi
məmləkətdə, Əliyev rejiminin hakim olduğu ölkədə isə əksinə, bu, çox böyük
problemlər yaranacaq. Bu da bizi ciddi şəkildə narahat edir.
Əslində son simptomlar mətbuata çıxmazdan öncə Müsavat rəhbərliyində məsələ ilə
bağlı müzakirələr aparılıb və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərlə bağlı
sənəd hazırlanması haqda qərar çıxarılıb. Hazırda onun üzərində iş gedir.
Sadəcə, proseslər mütəxəssislərin gözlədiyindən də sürətli məcraya girib.
- Vəziyyətin böhranlı olmasının göstəricilərindən biri də insanların artıq
özlərinə ərzaq, un tədarükü görməyə başlamasıdır. Əhalini haradasa anlamaq olar,
bəs, hökumətin addımları vəziyyətə nə dərəcədə adekvatdır? Korrupsiyaçı
hakimiyyətin belə qəliz vəziyyətlərdən optimal çıxış yolu tapması mümkünmü?
- Mümkün deyil. Əslinə qalsa, hakimiyyət taxıl fondunu Fövqəladə Hallar
Nazirliyinin tabeliyinə verməklə cəmiyyətə birmənalı mesaj çatdırır ki, bu
sahədə həqiqətən fövqəladə situasiya yaranıb. Digər yandan, insanların bu cür
davranışı analoji vəziyyətlərdə tez-tez rast gəlinən hallardandır. Bu isə öz
növbəsində böhranı daha da dərinləşdirir. Ona görə də indi hansısa ərzaq növünün
ehtiyatını yaratmaq cəhdi o qədər də uğurlu deyil. Üçüncü yandan, bu, həmin o
addımı atan adamların problemlərini həll etmir axı. Bir-iki kisə unla böhran
aradan qalxmayacaq. Yaxud başqa ərzaq malları olsun, nəticə dəyişməyəcək.
Hakimiyyət isə belə problemlərin öhdəsindən gəlmək gücündə deyil. İqtidarın
addımları əslində indidən bəllidir. Qərar verəcəklər ki, bəs çörək də, un da
filan qiymətdən artığına satılmamalıdır. Nəticədə böhran daha da dərinləşəcək.
Və ya həmin məhsullar əl altdan satılacaq. Yəni bunların inzibati üsullarla,
bazar iqtisadiyyatının qaydalarından istifadə etmədən bu kimi problemləri həll
etmək cəhdləri hər zaman uğursuzluğa gətirib, yenə gətirəcək.
- Bu arada iqtidar mənsublarının AXC hakimiyyəti dövründə çörək növbələrilə
bağlı ittihamlarını xatırlamamaq olmur. Belə bir paradoksu necə izah eləmək olar
ki, Azərbaycana neçə vaxtdır böyük neft gəlirlərinin daxil olmasına baxmayaraq,
əhalinin sosial-iqtisadi durumu yaxşılaşmaq əvəzinə pisləşir?
- Bizim hakimiyyət dönəmində baş verənləri tənqid eləmək indiki hakimiyyət üçün
dəb halına çevrilib. Hətta hazırkı çətinlikləri də o dövrlə izah etməyə
çalışırlar. Halbuki biz sovet imperiyasının çökdüyü, Azərbaycanın müstəqillik
qazandığı, ölkələr, regionlar və müəssisələr arasında münasibətlərin kəsildiyi
dövrdə dövləti idarə eləmişik. Və qısa müddətdə problemlərin öhdəsindən
gəlmişik. Bizim hakimiyyət haqqında böhtanlar səsləndirənlər indi özləri həmin
böhtanları gerçəyə çeviriblər.
Mütəxəssislərin araşdırmaları aydın şəkildə göstərir ki, indiki hakimiyyətin
nəzarəti altında ölkəyə gətirilən un, taxıl heç də bəyan edildiyi kimi, yüksək
keyfiyyətli olmur, ucuz qiymətə, aşağı keyfiyyətdə olur. Təbii ki, belə undan
bişirilən çörəyin keyfiyyəti də arzuolunan səviyyədə deyil. AXC hakimiyyəti isə
milli maraqları üstün tutduğu, məsələlərə bazar iqtisadiyyatı konsepsiyası ilə
yanaşdığı və onlara aydın, açıq baxışı olduğu üçün problemlər nə qədər ağır
olsaydı belə, onları həll etmək gücündəydi.
- İsa bəy, belə bir həssas və ilk baxışda müxalifət üçün əlverişli durumda
Müsavat mayın 4-ə kütləvi etiraz aksiyası təyin edib. Mitinq hazırlıqları necə
gedir?
- Hazırlıqlar artıq başlanıb. Şəhər rəhbərliyinə müraciət edilib, rayon
təşiklatları ilə iş gücləndirilib. Toplantılar keçirilir, mitinqin məramı,
məqsədi şərh edilir və əhaliyə çatdırılması yönündə işlər aparılır. Hələ ki
hazırlıqlar yaxşı gedir.
- Müsavatın siftəsini necə proqnozlaşdırırsınız?
- Şişirdərək deməzdim ki, ilk dəfəyə böyük bir kütləvilik gözləyirik. Çünki
ictimai fəallıq hələ arzuolunan səviyyədə deyil. Ancaq bugünkü şərtlər daxilində
mitinqə hazırlıq işi gözlədiyimizdən daha yaxşı gedir.
- Aksiya ilə bağlı digər ictimai-siyasi təşkilatlara müraciət olacaqmı? Çünki
bəzi müxalifət partiyalarının yetkililəri məhz belə bir müraciətdən sonra
mitinqə qatılıb-qatılmamaq məsələsinə baxacaqlarını söyləyiblər.
- Hər hansı müraciət nəzərdə tutulmayıb və belə fikrimiz də yoxdur. Çünki bu da
bəzi hakimiyyətyönlü qəzetlərin sevimli mövzusudur. Məsələni ortaya atırlar,
nəticədə mitinqin hədəfi arxa planda qalır. Axı bizim aksiyamız ölkədəki ağır
sosial-iqtisadi problemlərin həlli və seçki mühitinin demokratikləşməsilə, insan
haqlarının, o cümlədən azad sözün müdafiəsi, jurnalistlərin taleyilə bağlı
olacaq. Yəni bu günün aktual mövzularını əhatə edən bir mitinq keçirmək
niyyətindəyik. Bəzi iqtidar texnoloqları isə - təbii ki, onların çörəyi də
bundan çıxır - mövzunu, gündəmi dəyişmək, diqqəti müxalifətdaxili münasibətlərə
yönəltmək istəyirlər. Ona görə müraciətə ehtiyac duymuram. Kim aksiyaya
qatılmaq, bizimlə birgə olmaq istəyirsə, buyursun, danışaq həll edək. Kim ayrıca
mitinq etmək arzusundadı, irəli. Kim də mitinq keçirmək istəmirsə, canı sağ
olsun.
- Aksiyaya təxminən 10 gün qalır. Cəmiyyətə, xalqa hansısa çağırışlarınız,
mesaclarınız olacaqmı? Onları indi də edə bilərsiniz.
- Bir sadə həqiqəti vətəndaşlarımız dərk etməlidir ki, yalnız bir neçə on min
nəfər müsavatçı, yaxud digər demokratik partiyaların üzvləri ölkədəki vəziyyəti
dəyişmək gücündə deyillər. Vəziyyəti dəyişmək üçün prosesə hamılıqla
qatılmalıyıq. Kütləvi tədbirlərə gəlib, vəziyyətlə barışmadığımızı nümayiş
etdirməliyik. Biz dinc bir nümayiş keçirmək niyyətindəyik. Hakimiyyətə də
aksiyamızı yasaqlamaq üçün, ona müdaxilə üçün heç bir əsas verməmişik. Normal
bir tədbir olacaq və vətəndaşlarımız da onda rahat şəkildə iştirak edə bilərlər.
Hələ vaxtımız var və sözlərimizi, mesajlarımızı camaata yenə çatdıracayıq, amma
fürsətdən istifadə edib bütün vətəndaşlarımızı öz talelərinə sahib çıxmağa,
xalqımızın ən önəmli məsələlərinə həsr olunacaq 4 may kütləvi tədbirində fəal
olmağa çağırıram.
- Bəs, o variantı nəzərə alırsızmı ki, şəhər rəhbərliyi bu dəfə ölkədəki
həssas durumu bəhanə edib mitinqə yenə icazə verməsin? O halda razılaşdırılmamış
aksiyalar mövzusu gündəmə gələ bilərmi?
- Bunu xüsusi müzakirə etməmişik. Hələlik məhkəmə kontekstində mübarizəmizi
davam etdirmək əzmindəyik. İkincisi, yenə müraciət edib hakimiyyətin yalanını
ifşa edəcəyik. Çünki o, iddia edir ki, ölkədə sərbəst toplaşmaq azadlığı ilə
bağlı heç bir problem yoxdur. Yox, hakimiyyət müraciətlərimizə yenə müsbət cavab
verməsə, hansısa mərhələdə Müsavat razılaşdırılmamış mitinqlərə başlamaq zorunda
qala bilər. Bir şey dəqiqdir ki, Müsavat heç zaman haqsızlıqlarla,
ədalətsizliklərlə barışmayıb və barışa bilməz.
- Kütləvi etiraz aksiyalarının narazı toplumu fəallaşdırmaq yönündə olduqca
zəruri addımlardan biri olması bəllidir. Ancaq cəmiyyətdən gələn sosial
sifarişlərdən biri müxalifət düşərgəsindəki konsolidasiya ilə bağlıdır. Bilmək
istərdik, bu yöndə hansı işlər planlaşdırılır, liderlər səviyyəsində yaxın
dövrdə təmaslar, görüşlər nəzərdə tutulurmu?
- Mən başa düşürəm ki, siz də, bir çox digər jurnalist dostlarımız da bu
sualı səmimi niyyətlə verirsiz, amma iş ondadır ki, bu, hakimiyyətin mətbəxində
hazırlanıb ortaya çıxarılan mövzulardandır. Siyasi liderlər bir araya gəlir, ya
gəlmirlər, bunun mətləbə birbaşa dəxli yoxdur. Bizim məqsədimiz müxalifəti
birləşdirmək ola bilməz. Bu, sadəcə, vasitə rolu oynaya bilər. Hədəf vəziyyəti
dəyişməkdir. Kim də bizlə birgə mübarizə aparmaq istəyirsə, aparsın. Başqa bir
partiya da, vətəndaş da bunu etmək istəyindədilərsə, etsinlər, amma hərəkət
eləsinlər, fəallıq göstərsinlər. Daha öz hərəkətsizliklərinə, öz qorxularına,
xoflarına bəhanə axtarırlarsa, bu, ayrı məsələ.
- Hakimiyyət isə belə görünür siyasi müxalifətə münasibətdə köhnə taktikanı
izləmək niyyətindədir. Artıq AXCP sədri Əli Kərimliyə qarşı “Lider”
telekanalında əxlaqsız bir kampaniyaya başlanıb. Sizcə, bunun kökündə hansı
niyyətlər durur?
- Mən bu televiziyaya uzun illərdir baxmıram. Haqqında danışılan veriliş barədə
də yalnız eşitmişəm. Ancaq “Lider” telekanalının xislətinə bələd olduğum üçün
deyə bilərəm ki, bu, cəmiyyətə əxlaqsızlıq toxumunu səpmək cəhdidir. Aydın
məsələdir ki, irəli sürülən ittihamlar böhtandır. O da aydındır ki,
“yuxarıdakılar” cəmiyyətdə siyasi diskussiyanı bu səviyyəyə salmaq, bu mövzuları
körükləmək istəyirlər. Bu da hakimiyyətin əxlaqsızlığından xəbər verir. “Lider”
televiziyası, təbii ki, özbaşına deyil. Hesab edirəm ki, bu, iqtidar tərəfindən
aparılan və cəmiyyətdən daha çox, onun özü üçün həddən artıq ziyanlı bir
siyasətdir. Mən ictimai fikri izləyirəm. Hətta müxalifətdən xoşu gəlməyənlər də
hakimiyyətin belə bir addımına görə ona qəzəblənirlər.
Bilirsiz, buna bizdə “qara piar” deyirlər. Amma söhbət “qara piar”dan getmir.
Mən mütəxəssislərdən soruşmuşam, onlar dedilər ki, “qara piar” siyasi rəqibi
təhqir etmədən onun nüfuzuna xələl gətirəcək məqamları ictimai fikrə ötürməkdir.
Konkret halda isə başdan-ayağa təhqir və böhtanlardan, əxlaqsızlıqdan söhbət
gedir. Odur ki, biz hələ həftənin birinci günü partiya Divanında yaranmış
vəziyyəti müzakirə edib, hakimiyyətin addımını qətiyyətlə pisləmiş, belə
kampaniyaya son qoyulmasını tələb etmişik.
- Sizcə, İlham Əliyev aparılan kampaniyadan xəbərdardımı?
(Davamı var)
Zahid SƏFƏROĞLU, Yeni Müsavat, 24 aprel 2008-ci il