SOYQIRIMINDAN 16 İL KEÇDİ
Minlərlə insan faciə qurbanlarını yad etdi
Dünən Xocalı qətliamından 16 il ötdü. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı Motoatıcı
Alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum
edib. Qeyd edək ki, Xocalıya hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən
şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulub. Şəhərin
müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin
hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa
da, şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib.
Qırğın nəticəsində 613 nəfər həlak olub.
Onlardan 63 uşaq, 106 qadın, 70 isə yaşlılardır. Bundan başqa, 8 ailə tamamilə
məhv edilib. Həmçinin erməni silahlılarının Xocalıya hücumu nəticəsində 487
nəfər yaralanıb. Ermənilər 1275 nəfəri əsir götürüb. Hücum zamanı 150 nəfər
itkin düşüb.
Dünən səhər saatlarından etibarən Xocalı soyqırımı xatirəsinə ucaldılmış "Ana
fəryadı" heykəlini minlərlə insan ziyarət edib. Minlərlə Azərbaycan vətəndaşı
bir daha erməni vəhşiliyini lənətləyib və şəhidlərimizin ruhuna dualar
oxuyublar. İlk olaraq dövlət başçısı İlham Əliyev və hökumət nümayəndələri "Ana
fəryadı" heykəlini ziyarət ediblər. Xocalı soyqırımının anım mərasiminə ölkənin
aparıcı siyasi partiyaları və ictimai təşkilatları da qatılıb. Müsavat
Partiyasının başqanı və yüzlərlə müsavatçı "Ana fəryadı" heykəlinin önünə
toplaşıb. Müsavat başqanı heykəlin önünə xatirə çələngi qoyub. Anım mərasimində
çıxış edən Müsavat başqanı İsa Qəmbər Xocalı soyqırımını bəşəriyyət tarixinin ən
qanlı cinayətlərindən biri olduğunu bildirdi.
İ.Qəmbər törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırım
qurbanlarının xatirələrinin əbədiləşdirilməsi istiqamətində hakimiyyətin üzərinə
düşən işləri yerinə yetirmədiyini qeyd etdi. Anım mərasimində çıxış edən Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağı Xocalıda axıdılan qanların qisasının
alınacağını dedi. Xocalı soyqırımının anım mərasiminə "Azadlıq" blokuna daxil
olan partiyalar, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası, ADP və digər müxalif
qüvvələr də iştirak edib. Qeyd edək ki, dünən saat 17:00-da ölkə ərazisində
Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı qurbanları xaricdə də anılıb
Dünyanın bir çox ölkələrində də Xocalı faciəsinə həsr edilmiş tədbirlər həyata
keçirilib. Avropada yaşayan siyasi mühacirlərin təşkil etdiyi aksiyalardan biri
İsveçrənin paytaxtı Cenevrədə keçirilib. Bu barədə redaksiyamıza məlumat verən
siyasi mühacir, iqtisadi inkişaf nazirinin sabiq müşaviri Şahverdi Əsədov
aksiyanın Ermənistanın İsveçrədəki səfirliyi qarşısında baş tutduğunu bildirib.
Azərbaycanlıların İsveçrə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada
Xocalıda qətlə yetirilən insanların fotoşəkilləri nümayiş etdirilib. Aksiya
zamanı xüsusi səsgücləndirici vasitəsi ilə 613 dəfə həyəcan zəngi çalınıb və
Xocalı soyqırımında həlak olan şəhidlərin sayı qədər - 613 şam yandırılıb.
Aksiya iştirakçıları yerli sakinlərə Xocalı faciəsindən bəhs edən 500-dən artıq
buklet paylayıb.
İsveçdə yaşayan mühacirlər paytaxt Stokholmda Xocalı faciəsinin ildönümü ilə
bağlı nümayiş keçirib. Bu barədə qəzetimizə məlumat verən Hikmət Rzasoy
Stokholmda Xocalı faciəsinə həsr edilmiş abidənin qoyulması istiqamətində işlərə
başladıqlarını bildirib.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə,
Xocalı faciəsi Kanada, Danimarka, Türkiyə, Birləşmiş Ərəb Əmirliyində və digər
ölkələrdə də yad edilib.
Dünən qardaş Tükiyənin bir çox şəhərlərində də Xocalı soyqırımının anım
mərasimləri keçirilib.
Əfqan MUXTARLI, Yeni Müsavat, 27.02.2007