Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlərin gedişatı haqqında məlumat dinlənilib. Məclisin Təhsil Komissiyasının “Azərbaycan Xalq Cümhuriyyətinin Təhsil Siyasəti” mövzusunda keçirdiyi elmi-praktiki konfrans, davam etməkdə olan açıq şahmat turniri, mayın 27-də keçiriləcək bayram tədbiri və mayın 28-də saat 12.00-da Novxanı qəsəbəsində M. Ə. Rəsulzadənin abidəsi önündə keçiriləcək bayram mitinqi haqqında geniş fikir mübadiləsi aparılıb. Cümhuriyyət – 90 tədbirləri sırasında İsa Qəmbərin Türkiyə səfəri, bayram tədbirlərində və Ankarada M. Ə. Rəsulzadənin məzarının üstünün yenidən götürülməsindən sonra açılış mərasimində iştirak edəcəyi haqqında məlumat verilib.

Gürcüstanda keçirilmiş son parlament seçkilərinin nəticələri barədə fikir mübadiləsi aparılıb. Bu ərəfədə Tiflisdə səfərdə olmuş Gülağa Aslanlı qonşu ölkədə proseslərin gedişi barədə məlumat verib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər barəsində müxalifətin vahid təkliflər paketinin hazırlanması yönündə görülmüş işlər haqqında məlumat verilib və prosesin davam etdirilməsi haqqında razılığa gəlinib.
Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 26 may 2008-ci il, Bakı