Müsavat Partiyasının
B Ə Y A N A T I

Bu gün Milli Məclis Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı 18 mart 2009-cu ildə referendum keçirilməsi haqqında qərar qəbul edib. Müsavat Partiyası bundan əvvəl bəyanatla çıxış edərək bu əlavə və dəyişikliklərin antidemokratik, mürtəce xarakteri haqqında öz mövqeyini açıqlamışdı. Bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağan edən müddəanın ləğv edilməsi ölkədə faktiki olaraq mövcud olan monarxiya rejiminin rəsmiləşdirilməsinə xidmət edir. Bundan başqa əlavə və dəyişikliklərdə söz azadlığına və digər azadlıqlara qarşı yönələn bəzi müddəaların yer alması göstərir ki, hakimiyyət ölkədə demokratiyanın son işartılarını da boğmağa çalışır. Bütün bu məsələlərin olduqca qısa zaman çərçivəsində həll edilməsinin özü də sübut edir ki, məqsəd heç də dövlət idarəçiliyini təkmilləşdirmək, mövcud hüquqi boşluqları doldurmaq yox, dar siyasi maraqları gerçəkləşdirməkdən ibarətdir. Əslində bu cür ciddi Konstitusiya dəyişiklikləri istənilən normal cəmiyyətlərdə uzun müddətli ictimai diskussiyalardan, bütün siyasi qüvvələrin və sosial zümrələrin fikirləri öyrənildikdən sonra həyata keçirilir. Üstəlik, 41 əlavə və dəyişikliyin bir sual altında birləşdirilməsi insanların seçim imkanını sıfıra endirir.

Müsavat Partiyası bu əlavə və dəyişiklikləri ölkənin gələcəyini çox ciddi təhlükələrə sürükləyən bir addım kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir. Biz, ölkənin bütün ictimai-siyasi qüvvələrinə, ziyalılara, sosial zümrələrə, ümumiyyətlə ölkənin və xalqın gələcək taleyinə biganə olmayan hər bir kəsə müraciət edərək bu Konstitusiya çevrilişinə qarşı çıxmağa, onun gerçəkləşməsinə imkan verməməyə çağırırıq. Biz, habelə Azərbaycanın demokratik inkişafında maraqlı olan beynəlxalq təşkilatlar və güc mərkəzlərini bu mürtəce dəyişikliklərin qarşısını almaq üçün öz nüfuz və imkanlarından maksimum istifadə etməyə
çağırırıq.

isagambar.az, 26 dekabr 2008-ci il, Bakı