Azərbaycanın NATO-ya üzvlüyü ilə əlaqədar Müsavat Partiyası Məclisinin bəyanatı

2-4 aprel 2008-ci ildə Rumuniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO sammitində ittifaqın genişlənməsi başlıca məsələ olacaqdır. Buxarest sammitində NATO-nun Üzvlük üçün Hərəkət Planına(Membership Action Plan) daxil olan Albaniya, Xorvatiya və Makedoniyanın Şimali Atlantika alyansına üzvlük üçün dəvət alacağı gözlənilir. NATO ilə intensiv dialoq mərhələsində olan Ukrayna və Gürcüstan da üzvlük üçün ittifaqa rəsmi müraciət edibdir. GUAM üzvü olan bu ölkələr hazırda Brüssellə və NATO-ya üzv dövlətlərlə intensiv danışıqlar və məsləhətləşmələr aparır. Ukrayna və Gürcüstanın sammitdə MAP-ə dəvət olunması haqqında hələlik qərar olmasa da bu dövlətlərin alyansa üzvlük perspektivinin açıldığı artıq aydındır.

NATO-nun açıq qapı siyasətini davam etdirməsi, cənuba və şərqə doğru genişlənməsi dinc, demokratik və bölünməz Avropa strategiyasının həyata keçirilməsi baxımından həlledici önəm daşıyır. Şimali Atlantika alyansının şərqə-postsovet məkanına doğru genişlənməsilə demokratiya, sabitlik və təhlükəsizlik məkanı da C.Qafqaza doğru genişlənir. Avropa və avroatlantik institutlara inteqrasiya yolunu seçən qonşu Gürcüstanda demokratik inkişafın dərinləşməsi, 5 yanvar 2008-ci ildə keçirilən plebissitdə əhalinin böyük əksəriyyətinin (72.5%) NATO-ya üzvlük lehinə səs verməsi və onun alyansa üzvlük perspektivinin açılması Azərbaycanın strateji inkişafı baxımından da pozitiv regional inkişaf kimi dəyərləndiriliməlidir. Belə ki, NATO-nun genişlənməsi, eyni zamanda sabitlik, təhlükəsizlik və demokratiya məkanının genişlənməsi prosesi artıq Azərbaycanın da qərb qapısına dayanmışdır.

1994-cü ildən NATO-nun Sülh Naminə Əməkdaşlıq planına qoşulan Azərbaycanın ittifaqla münasibətləri bu 14 il ərzində potensial müttəfiqləri olan Ukrayna və Gürcüstandan fərqli olaraq tərəfdaşlıqdan irəli getməyibdir. Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Fəaliyyət proqramı 2007-ci ildə başa çatsa da strateji seçim etməkdə zorlanan Əliyev hakimiyyəti ittifaqla münasibətlərin yeni mərhələyə keçməsi üçün tələb olunan növbəti addımı atmaq niyyətində deyildir. Azərbaycan hakimiyyəti bu günə kimi nəinki ölkəmizin Şimali Atlantika alyansına üzvlüyü üçün rəsmi müraciət etməyib, hətta ittifaqla münasibətlərin intensiv dialoq mərhələsinə keçməsinə belə hazır deyildir.

Müsavat Partiyasının Məclisi:

- qlobal və regional inkişafın üstün meyllərini,
- eyni zamanda avroatlantik məkanda mövcud olan dinamik dəyişkən strateji durumun pozitiv inkişaf perspektivlərini;
- dinc, demokratik və bölünməz Avropa strategiyasının inkişafında genişlənməkdə olan NATO-nun rolunu;
- alyansın genişlənməsi ilə bərabər sabitlik, təhlükəsizlik və demokratiya məkanının da sərhədlərimizə doğru genişləndiyini;
- Azərbaycanın avroatlantik inkişaf vektorunun həyati vacib milli maraqlarımıza, eyni zamanda milli və hərbi təhlükəsizlik maraqlarımıza və ölkəmizin pozitiv strateji inkişafına cavab verdiyini;
- və ölkəmizin Şimali Atlantika alyansına üzvlüyünün onun beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasına xidmət edəcəyini nəzərə alaraq bir daha Əliyev hakimiyyətini siyasi iradə nümayiş etdirməyə və Azərbaycanın NATO-ya üzvlüyü üçün alyansa rəsmi müraciət etməyə çağırır.

Azərbaycanın avroatlantik məkana inteqrasiyası istiqamətində atılacaq bütün addımları dəstəkləyəcəyini bəyan edən Müsavat Partiyasının Məclisi, eyni zamanda NATO üzvü olan bütün ölkələri də Azərbaycanın alyansa üzvlüyünü dəstəkləməyə çağırır.

isagambar.az, 27 yanvar 2008-ci il