Müsavat partiyası məclisinin növbəti toplantısı

Bu gün Müsavat partiyası məclisinin növbəti toplantısı olub. Əvvəlcə yeni seçilmiş təşkilat sədrlərinin Məclis üzvü səlahiyyətlərinin təsdiqi məsələsinə baxılıb. Tural Abbaslının Müsavat Partiyası Gənclər Təşkilatının, Rəşid Nəcəflinin Ağcabədi, Azər İsmayılın Sabirabad rayon təşkilatının sədri kimi Məclis üzvü səlahiyyətləri təsdiq olunub. Sonra partiyanın Divan üzvü Qubad İbadoğlunun 2007-ci ilin iqtisadi yekunları və 2008-ci ilin perspektivləri, Arif Hacılının prezident seçkilərinə hazırlıq barədə, Sülhəddin Əkbərin Məclisin bir illik fəaliyyəti haqqında məlumatları dinlənilib. Məclisin Din və Vicdan Azadlığı Komissiyasının sədri Mirbaba Babayev, Milli Münasibətlər Komissiyasının sədri Mustafa Hacıbəyli rəhbərlik etdikləri komissiyalarının fəaliyyəti ilə bağlı hesabatla çıxış ediblər.

Məclis Müsavat Deputat Qrupunun Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, Xalq Hərəkatının Lideri Əbülfəz Elçibəyin 70 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi üçün Milli Məclisin yığıncağında məsələ qaldırması barədə qərar qəbul edib.
Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və 2008-ci il üçün partiyanın əsas fəaliyyət istiqamətləri haqqında məruzə ilə çıxış edib.

Sonra məruzə ətrafında, eləcə də 2008-ci ilin prezident seçkiləri haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. Partiyanın Avropa Liberal-Demokrat Islahat Partiyasına qəbul olunması, prezident seçkilərinə hazırlıgı davam etdirməsi, Avroatlantik məkana inteqrasiyanın zərurəti barədə mövqeyi yekdilliklə təqdir edilib və 2008-ci il üçün fəaliyyət proqramı təsdiq edilib.
Toplantıda Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı bəyanat qəbul edilib (bəyanatın mətni əlavə yayılacaq).

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, 27 yanvar 2008-ci il, Bakı