Müsavat Partiyası Gənclər Təşkilatının

b ə y a n a t ı

Dekabrın 26-da saat 18:30 radələrində Müsavat Partiyası Gənclər Təşkilatnın üzvü Murad Kərimov yaşadığı evin qarşısında 2 nəfər idmançı görkəmli naməlum şəxslər tərəfindən hücuma məruz qalaraq, vəhşicəsinə döyülmüşdür. Naməlum şəxslər müsavatçıya yaxınlaşaraq onun Murad Kərimov olduğunu dəqiqləşdirib, sonra onun və Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına təhqiramiz ifadələr işlədiblər. Bu zaman M. Kərimova yumruq və təpiklərlə zərbələr endirib, ona xəsarət yetiriblər. Onlar M. Kərimovu “Sən özünü çox yuxarıdan aparırsan, lazım gəlsə lap başınızı da kəsərik. Onsuz da İlham Əliyev ömürlük prezident olacaq, siz heç bir şey edə bilməyəcəksiniz. Səni bir də Müsavat Partiyasının qərargahı qarşısında görməyək. Əgər bir də səni orda görsək, xəbərdarlıq etmədən səni öldürəcəyik” – deyə təhdid ediblər.

Qeyd edək ki, M. Kərimov digər müsavat fəalları ilə yanaşı dekabrın 24-də Konstitusiya Məhkəməsinin binası önündə keçirilən piketdə fəal iştirak edib və “Xalq kral istəmir!” şüarını qaldırıb.

Müsavat Partiyası Gənclər Təşkilatı M. Kərimova qarşı edilən və siyasi sifariş əsasında həyata keçirildiyi şübhə doğurmayan bu zorakılq aktını qətiyyətlə pisləyir, hakimiyyətdən belə üsullardan əl çəkməsini tələb edir.

Müsavat Partiyası Gənclər Təşkilatı habelə ölkədə fəaliyyət göstərən bütün gənclər təşkilatlarına, hüquq müdafiəçilərinə, eləcə də Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyən bütün beynəlxalq təşkilatlara və güc mərkəzlərinə müraciət edərək bizə dəstək vermələrini xahiş edir.

isagambar.az, 27 dekabr 2008-ci il, Bakı