Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Şəki şəhərində keçirilən zona müşavirəsi haqqında məlumat dinlənilib və müsbət qiymətləndirilib. Sonra mayın 4-də keçirilməsi nəzərdə tutulan mitinqə hazırlıq işlərinin gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Mitinq həftəsində bu işlərin daha da gücləndirilməsi qərara alınıb.

Toplantıda Milli Məclisin müzakirəsinə təqdim edilmiş “Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanun”a dəyişikliklər və əlavələr” barədə qanun layihəsi ətrafında ilkin müzakirələr aparılıb. Bu layihənin əvvəlki qanundan heç də prinsipial fərqlərinin olmadığı qeyd edilib. Qərara alınıb ki, Milli Məclisdə müzakirələr başlayanadək layihə haqqında partiyanın tam və hərtərəfli mövqeyi hazırlanıb, ictimaiyyətə çatdırılsın. Bu mövqeyin parlamentdə təqdim olunması Müsavat Deputat Qrupuna tövsiyə edilsin.

Sonra son vaxtlar Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı təhdidlərinin gücləndirilməsi, eləcə də Rusiyadan Azərbaycan ərazisindən İrana ötürülən, lazımı şəkildə sənədləşdirilməmiş yükün sərhəddə saxlanılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Rusiya və İranın bu məsələlərdə tutduğu aqressiv mövqe pislənilib.

Yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın seçkilərə hazırlıq məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 28 aprel 2008-ci il, Bakı