Müsavat Partiyasının bəyanatı

Bakı şəhərinin Keşlə qəsəbəsində kanalizasiya borusunun partlaması nəticəsində dəhşətli qəza baş verib. Ölkə KİV-lərinin məlumatına görə 100-ə yaxın ev çirkab suların altında qalaraq faktiki olaraq sıradan çıxıb. 1 nəfər qəsəbə sakini həlak olub. Artıq mütəxəssislərin söyləmələrinə görə şəhərin həmin zonası qorxulu epidemiya ilə üz-üzə qalıb. Bu təhlükə günbəgün, saatbasaat artır. Hakimiyyət orqanlarının səhlənkarlığı və səriştəsizliyi ucbatından 100-ə yaxın ailə evsiz-eşiksiz qalıb.

Son illər Bakı şəhərində vüsət almış tikinti işlərinin plansız şəkildə həyata keçirilməsi, kommunikasiya xətlərinin həddindən artıq yüklənməsi, bir çox hallarda yararsızlığı nəticəsində şəhərin dəhşətli aqibətlə üzləşəcəyi haqqında həyəcan təbili çalınır. Təəssüf ki, hakimiyyət buna əhəmiyyət vermir, mütəxəssislərin, müstəqil ekspertlərin rəylərini nəzərə almır. Korrupsiya və rüşvətxorluq o səviyyəyə çatıb ki, tikintidə elementar normalara belə əməl edilmir, şəhərin nəinki görkəmi eybəcər hala salınır, bütövlükdə həyat əhəmiyyətli strukturları məhv edilir. Bakı şəhəri tikinti meydançasına yox, neft pullarının mənimsənilməsi üçün böyük bir yarış arenasına çevrilib. Belə davam edərsə, bütün şəhər gec-tez bu və ya digər şəkildə Keşlə qəsəbəsinin aqibətini yaşayacaq.

Müsavat Partiyası hakimiyyətdən Bakı şəhərinə, bütövlükdə ölkəyə qarşı talançılıq və soyğunçuluq siyasətinə son qoyulmasını tələb edir. Biz habelə Keşlə qəsəbəsində yaranmış ağır durumun tezliklə normallaşdırılmasını, əhaliyə dəyən ziyanın ödənilməsini tələb edirik.

isagambar.az, Bakı, 28 iyul 2008-ci il