T ə b r i k

Hörmətli həmvətənlərim!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə hamınızı təbrik edir, üzümüzə gələn 2009-cu ilin xalqımız üçün uğurlu olmasını arzulayıram.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda apardığımız ümummilli hərəkatın dalğasında 31 dekabr 1989-cu ildə cənublu soydaşlarımızla uzun onilliklər bizi ayıran tikanlı məftillərin sökülməsi həmin günü təqvimimizin ən əziz bayramlarından birinə çevirib. İndi 31 dekabr təkcə Quzeydə və Güneydə yox, bütün dünyada yaşayan Azərbaycanlıların həmrəylik günü kimi qeyd edilir. Bu illər ərzində dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlıların təşkilatlanması, toparlanması, ümumi Azərbaycan idealı naminə birgə fəaliyyət göstərməsi sahəsində xeyli işlər görülüb. Əlbəttə, görülən işlərlə fəxr etməyə dəyər. Amma nəzərə alsaq ki, hələ də xalqımızın, onun ayrı-ayrı nümayəndələrinin potensialından tam mənada istifadə edə bilmirik, onda bu sahədə hələ xeyli görüləsi işlərin də olduğunu unutmamalıyıq.
Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təəssüf ki, yola saldığımız ilin yekunlarını təhlil edərkən o qədər də ürəkaçan mənzərənin şahidi olmuruq. !993-cü ildən bəri ölkəni idarə edən Əliyevlər rejiminin səriştəsiz və xalqa zidd siyasəti nəticəsində bu il də itirilmiş illərin sırasına daxil oldu. Bütün sahələrdə ölkəni bürüyən aşır böhran daha da dərinləşdi. Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş baş vermədi. Xalqı iqtisadi güzəranı daha da ağırlaşdı, cəmiyyətdə təbəqələşmə bir az da dərinləşdi, insan hüquqları və digər azadlıqlar sahəsində yaranmış acınacaqlı vəziyyət dözülməz həddə çatdı. Bütün bunlar azmış kimi ilin sonunda xalqımız daha bir xoşagəlməz sürprizlə üzləşdi. Ölkəni fəlakət həddinə gətirib çıxarmış hakim rejim acış-aşkar Konstitusiya çevrilişi edərək öz hakimiyyətini əbədiləşdirmək istəyir. Mədəni, inkişaf səviyyəsinə görə bütün Yaxın Şərqdə ən üstün mövqelərə malik bir ölkəni orta əsrlərin cəhalətinə sürükləmək istəyirlər. Bu gün vətəndaşları faktiki olaraq seçmək və seçilmək hüququndan məhrum edilmiş bir məmləkətdə bunları gerçəkləşdirmək o qədər də çətin deyil. Sadəcə olaraq, biz bir millət, toplum olaraq məsuliyyətimizi dərk etməli, ölkəni bu qaranlıq perspektivdən xilas etməliyik. Odur ki, üzümüzə gələn Yeni ildə birlik nümayiş etdirərək ümummilli amallar uğrunda bir nöqtəyə vurmalı, demokratik Azərbaycan dövlətinin qurulması yolundakı maneələri aradan qaldırmaq üçün maksimum fəallıq nümayiş etdirməliyik.

Hörmətli soydaşlarım!

Bir daha bayramınızı təbrik edir, hamınızı xoşbəxt gələcəyimiz naminə sözün əsl mənasında birliyə, həmrəyliyə çağırıram.

Tanrı Azərbaycanımızı qorusun!

Hörmətlə,
İsa Qəmbər,
Müsavat Partiyasının Başqanı

isagambar.az, 28 dekabr 2008-ci il, Bakı