Avropa Parlamentinin nümayəndə heyəti ilə görüş
Bu gün Müsavat Partiyasının qərargahında Avropa Parlamentinin Azərbaycanda
səfərdə olan nümayəndə heyəti ilə Müsavat Partiyasının rəhbərliyi arasında görüş
keçirilib. Müsavat Partiyasının Başqanı İsa Qəmbər qonaqları salamladıqdan sonra
tərəflər arasında Azərbaycanda və regiondakı son ictimai-siyasi durumla bağlı
ətraflı fikir mübadiləsi olub. Nümayəndə heyətinin başçısı Qraham Vatson
səfərlərinin məqsədi, Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi situasiya
ilə bağlı Avropa Parlamentinin mövqeyi və gördüyü işlərlə bağlı məlumat verib.
Qeyd edib ki, Cənubi Qafqaz olduqca həssas bir bölgədir və burada meydana çıxan
istənilən konfliktin və fikir ayrılıqlarının diplomatik yolla, bütün maraqlı
tərəflərin dialoqu ilə həll etmək lazımdır. Müsavat Partiyasının Başqanı İsa
Qəmbər sözügedən konfliktlə bağlı partiyanın mövqeyini qonaqlara çatdırıb. İsa
Qəmbər deyib ki, Cənubi Qafqazın demokratikləşməsi və Avroatlantik məkana
inteqrasiyasının sürətlənməsi buradakı sabitliyin və tərəqqinin başlıca
şərtidir. “Nə qədər ki, Qərbin siyasi mərkəzlərində regiona münasibətdə
müəyyənləşmiş prioritetlər arasında demokratiya təhlükəsizlik və enerji
maraqlarından sonra gələcək, o vaxtadək təhlükəsizlik və enerji maraqlarının özü
təhlükə altına düşəcək” - deyə o bildirib.
Sonra Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli yolları, Azərbaycandakı
prezident seçkiləri və Müsavat Partiyasının bu seçkilərdə iştirakdan imtina
etməsi və seçkisonrası dövr ilə bağlı fikir mübadiləsi aparılıb.
29.09.2008, isagambar.az. Bakı