Müsavat Partiyasının
b ə y a n a t ı
Təhsil Haqqında Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə qəbul
olunub. Boloniya sisteminə keçid prinsipləri üzərində qurulmuş layihə bir sıra
müsbət tərəflərinə baxmayaraq, hələ də keçmiş sovet avtoritar təhsil sisteminin
bir sıra mənfi xüsusiyyətlərini özündə saxlayır. Bu hər şeydən əvvəl təhsilin
idarə edilməsi ilə bağlı məsələlərə aiddir. Belə ki, layihədə Təhsil
Nazirliyinin rolu və funksiyaları həddən artıq şişirdilməklə təhsil
müəssisələrinin muxtariyyəti məsələsi yenə də söz olaraq qalır. Layihədə qeyd
edildiyi kimi, ölkədə təhsilin strategiyasının müəyyənləşdirilməsi, təhsil
müəssisələrinə rəhbər kadrların seçilib yerləşdirilməsi bütünlüklə Təhsil
Hazirliyinin tabeçiliyində saxlanılır. Halbuki Boloniya sistemi təhsil
müəssisələri üçün geniş muxtariyyatı nəzərdə tutur, burada təhsil
müəssisələrinin rəhbərləri kollektivin özü tərəfindən seçilir. Layihədə Boloniya
sisteminə uyğun olaraq ali təhsilin 3 mərhələli sistemi öz əksini tapsa da,
sovet dövrünün ənənələrinə uyğun olaraq doktorantura pilləsində yenə də iki
pilləlik saxlanılır. Bu isə faktik olaraq ali təhsil müəssisələrində elmi
tədqiqat işlərinin dünya standartları səviyyəsində qurulmasında ciddi maneçilik
yaradır. Ali məktəblərə qəbulda test sisteminin saxlanılması müsbət hadisə olsa
da, bu imtahanlarla bağlı bəzi millət vəkillərinin verdiyi şərhlər, məsələn test
imtahanından sonra ali məktəblərdə abutiruyentlərlə xüsusi söhbətlərin
keçirilməsindən sonra onların qəbul edilməsinin zəruriliyi barədə iddiaların
irəli sürülməsi, mövcud yerləşdirmə prinsipinin dəyişdirilməsi barədə
çağırışlar, bu barədə qanunda birmənalı müddəanın olmaması ciddi narahatlıq
oyadır. Biz hesab edirik ki, tələbə qəbulundakı mövcud sistem reallıqlara
uyğundur. Təhsilin maliyyələşdirilməsi, təhsil işçilərinin əmək haqları barədə
müddəaların heç olmasa ümumi şəkildə layihədə yer almaması da ciddi nöqsanlar
sırasına aid edilməlidir.
Müsavat Partiyası belə hesab edir ki, təhsil və ona qayğı ölkənin əsas prioritet
sahəsi olmalı, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması və
Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılması üçün
qanunlarla yanaşı, bu qanunların praktikada ardıcıl surətdə tətbiq edilməsi üçün
də təxirəsalınmaz tədbirlər görülməlidir.
isagambar.az, 29 dekabr 2008-ci il, Bakı