Müsavat Partiyasının bəyanatı

Hakimiyyət orqanları Bakı şəhərində vətəndaşlara məxsus evlərin və obyektlərin söküntüsünü davam etdirir. Həm də  hər gün bu söküntü prosesinin miqyası bir az da artır. Hakimiyyət dairələrinin özlərinin verdiyi məlumatlara görə bu söküntü prosesi Bakı və onun ətrafında 300 mindən çox adamın həyatına toxuna bilər. Ən qəribəsi də odur ki, bu sökülən evlərin və obyektlərin müqabilində vətəndaşlara heç bir konpesasiya ödənilmir. Guya dövlət maraqlarına uyğun olaraq aparılan bu söküntü işləri 10 minlərlə ailənin illərlə qəpik-qəpik yığıb bir təhər başa gətirdiyi evlərin sökülməsinə, hətta məmur təbəqəsinin inşa etdirdiyi bahalı obyektlərin yerlə-yeksan edilməsinə səbəb olur. Bütün bunlar onu göstərir ki, bu hakimiyyət məhdud bir qrup istisna olunmaqla yerdə qalan əhalinin hüquqlarına barmaqarası baxır, onların mülkiyyət və əmlak toxunulmazlığını heçə sayır. Konstitusiyanın əsas prinsipləri ilə daban-dabana zidd olan bu özbaşınalıq ölkədə insan hüquqlarının ən kobud formalarda pozulmaqda davam etdiyini əyani surətdə sübuta yetirir.

Ə. Ələkbərov küçəsində alimlərə məxsus evin sakinlərinin qəza adı ilə evlərindən çıxarılması da bu qəbildəndir.
Müsavat Partiyası baş verənləri hakimiyyətin özbaşınalığı, öz vətəndaşına ögey münasibətinin təzahürü kimi qiymətləndirir və hakimiyyətdən tələb edir ki, insanların qanunlarla təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına dərhal son qoyulsun.


isagambar.az, Bakı, 30 iyun 2008-ci il