Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Gündəliyin görülən işlər bölməsində İsa Qəmbər Cənubi Qafqazla Avropa Birliyi və
NATO arasında əməkdaşlığın durumu barədə tədbirlərdə iştirak etmək üçün getdiyi
Brüssel səfəri haqqında ətraflı məlumat verdi.
İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı diqqət mərkəzində
prezident seçkiləri ərəfəsində ölkədəki vəziyyət olub. AŞ PA-nın yay
sessiyasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə haqqında geniş fikir
mübadiləsi aparılıb.
Bakı şəhərində aparılan söküntü işləri və bunun nəticəsində yaranan sosial
narazılıqlar müzakirə olunub. Qeyd edilib ki, əksər hallarda mülkiyyət
sahiblərinə ya heç bir təminat ödənilmir, ya da ödənilmiş təminat sökülən
mülkiyyətin dəyərinə adekvat olmur. “Elmlər Akademiyası” metrostansiyası
yanındakı “alimlər evi” kimi tanınan yaşayış binasının “qəzalı vəziyyət” adı
altında sökülməsinə cəhd edilməsi və bunun müqabilində sakinlərə adekvat təminat
ödənilməməsi ciddi narazılıqla qarşılanıb və bu məsələ ilə bağlı Divan adından
bəyanat qəbul edilib.
Divan son vaxtlar İranda insan haqlarının daha da kobud pozulmasına və siyasi
qətllərin artmasına diqqət çəkərək bundan narahat olduğunu bildirib və
qanunsuzluqların dayandırılmasını tələb edib.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 30 iyun 2008-ci il, Bakı