Yaşıllıq əvəzinə «Öztürk» dönəri təklif
edilir
Heç bir rayon kəsilən ağacların sayına görə Nizami rayonu ilə ayaqlaşa
bilməz
|
«Ağac kəsiləndə, elə bil mənim qollarım
kəsilir!» |
Fikir vermişəm ki, son dövrlər haradasa ağac kəsildiyini söyləyəndə bu,
camaatda artıq heç bir reaksiya doğurmur. «Nə olsun, əlimizdən nə gəlir, biz nə
edə bilərik», – deyərək özlərinə haqq qazandırırlar.
Mən də onları qınamıram, daha doğrusu, bu məsələdə qınamıram. Etiraf edirəm ki,
Azərbaycan jurnalistikası son dövrlər daha çox istifadə olunan termin ilə desək,
«yaşıl soyqırım»ına qarşı heç nə edə bilmir...
Təkcə «Azadlıq» radiosu bu məsələyə onlarla reportaj həsr edib, internetdə
yazılar və şəkillər yerləşdirib, bu mövzuda ancaq tənbəl jurnalistlər nəsə
yazmayıb.
Aqil Xəlil nəyin güdazına getdi? Rüşvətxorluqdan, monopoliyadan, siyasi
qətllərdən yazdığı yazılara görəmi? Yox, kəsilən ağacların qatilləri az qala onu
da bais olduqları ağacların aqibətinə düçar edəcəkdilər.
XXI əsrin vandalları jurnalistlərdən qat-qat güclü, pullu, ən əsası da isə
arxalı imiş!..
Bakıda ağacların məhv edilməsinə dair növbəti bir faktı da qeyd edək. Onlar
kəsməkdən yorulmur, biz niyə yazmaqdan yorulmalıyıq?
Beləliklə Bakının Nizami rayonu. Qətiyyətlə demək olar ki, bu rayon ekoloji
vandalizmə görə Bakı «çempionudur». Kəsilən ağacların sayına görə bəlkə də
paytaxtın bütün digər rayonları birlikdə Nizami rayonunun statistikası ilə
ayaqlaşa bilməz.
Rayonu iki hissəyə bölən uzun magistralın solunda və sağındakı yaşıllıq 40-50
illik qalın şam və təqribən 30 illik zeytun ağaclarından ibarətdir. Son 3-4 il
ərzində bu yaşıllıq, belə demək mümkünsə, «keçəlləşdirilib», kəsilən ağacların
yerində çox surətlə istisnasız olaraq ticarət mərkəzləri tikilir.
Bu tikinti «bumu» bilavasitə Nizami Rayon İcra Hakimiyyətinin başçısı, keçmiş
«JEK» müdiri, Mehbalı Əliyev tərəfindən himayə olunur. Deyirlər ki,
Nizami rayonundan deputat seçilmiş, Azərbaycan Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayevin halallığı olmadan Mehbalı Əliyev bir ağacın budağını
belə qırmağa cürət etməzdi. Ancaq Nizami Rayon İcra Hakimiyyətindən bu məsələ
təkzib olunur.
Təbii ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
bu prosesdən xəbəri var. Yazsam ki, bu səlahiyyətli orqan sadəcə «müşahidə» ilə
kifayətlənir, heç bilmirəm bu, neçə oxucuda təbəssüm doğurar…
Bu mütəşəkkil qruplaşmanın hakimiyyətin hansı qoluna gedib çıxdığı barədə bir
şey yazmaq istəmirik, onsuz da ərəblər demişkən, «bir şey ki, ördək kimi
qaqqıldayır, ördək kimi yeriyir və ördək kimi üzürsə, deməli bu elə ördəkdir».
Yeni ticarət mərkəzlərin ümumi cəhəti yalnız onların qırılan ağacların yerində
ucalması deyil. Bütün bu tikililərin hər birinin altında «Öztürk» dönərxanası
var.
Maraqlıdır, yüzlərlə ağac kəsib onun yerində ticarət mərkəzləri salan bu
adamların türkçülüyə nə dəxli?
Məhz bu suala cavab vermək çətindir. Əksinə, qətiyyətlə demək olar ki,
hakimiyyət iyerarxiyasında «Öztürk» restoranları şəbəkəsində iqtisadi maraqları
olan bir rütbəli zat var. Yoxsa özlərini belə sərbəst aparmazdılar.
Bu adamların vandalizminin həcmini göstərmək üçün biz çox primitiv üsulla Nizami
rayonunda kəsilmiş ağacların təxmini sayını hesablamağa çalışdıq.
Çox böyük bir rəqəm alındı, kəsilən ağaclar MİNLƏRLƏDİR.
Yüz eşidincə, bir dəfə gör. Bu fotolar normal insanda ürək ağrısı doğurur. Amma
nə faydası, təəssüf ki, Azərbaycanın taleyini həll edən insanlara belə hisslər
yaddır.
Yoxsa qəzet və jurnallarda gündəlik dərc olunun bu fotolara bir reaksiya
verərdilər.
Diqqətinizə yuxarıda təqdim olunan fotolar eyni yerdən çəkilib, təqribən 4 ay
vaxt fərqi ilə.
Bura metronun «Xalqlar dostluğu» stansiyası ərazisidir, «Səhhət» klinikasının
qarşısı, şəkillərin biri bu ilin sentyabrında, biri isə son günlər (dekabrda)
çəkilib...
| Sentyabr, 2008 | Dekabr, 2008 |
![]() |
![]() |
![]() |
![]() |
P.S. Redaksiyaya gələndə yolumu metronun «Neftçilər» stansiyasından
saldım. «Dakar» meydanı tərəfdə, yolun qırağındakı növbəti meşə kimi ağaclıq
hasarlanırdı...
Rafiq Məmmədli, "Azadlıq" radiosu, 30.12.2008
http://www.azadliq.org/content/Article/1365104.html