Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Əvvəlcə 31 mart- azərbaycanlıların soyqırım günü ilə bağlı partiyanın qərargahında keçirilmiş tədbir haqqında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, keçən əsrin əvvəlində baş vermiş bu hadisələrlə bağlı Müsavat Partiyasının konseptual baxışlarını əks etdirən sənəd hazırlansın və ictimaiyyətə təqdim edilsin.

Toplantıda Gəncə şəhərinin hakimiyyət orqanlarının Müsavat Partiyasıının Gəncə şəhər təşkilatına təzyiqləri kəskin pislənib. Qeyd edilib ki, şəhər polisi 20 mart 2008-ci il tarixdə Amerika Milli Demokratiya İnstitutu Bakı nümayəndəliyinin Gəncə ŞT ilə birlikdə tədbir keçirməsinə imkan verməyib. Bundan iki gün sonra Gəncə ŞT yerləşdiyi qərargahdan çıxarılıb. Bununda bağlı Divan ayrıca bəyanat qəbul edib.

İclasda «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin martın 26-dan həbsxanada aclıq aksiyasına başlaması və azadlıqda olan bir qrup həmkarının ona qoşulması da müzakirə edilib. Divan jurnalistlərin fədakarlığını yüksək qiymətləndirib və onların tələblərini müdafiə etdiyini bildirib. Eyni zamanda Divan jurnalistlərə, xüsusən ağır həbsxana şəraitində olan Eynulla Fətullayevə müraciət edərək onları aclığı dayandırmağa çağırıb.

Daha sonra Divan işini Məclisin qərarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illik və Əbülfəz Elsibəyin anadan olmasının 70 illik yubiley tədbirlərinin həyata keçirilməsi üçün Təşkilat Komitəsi yaratmaqla davam etdirib.

Azərbaycan hakimiyyətinin seçki məcəlləsi ilə bağlı təkliflərinin AŞ Venesiya Komissiyası tərəfindən qəbul edilməməsi haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu, hakimiyyətin azad və ədalətli seçkilər keçirmək fikrində olmadığını bir daha sübut edir.

Ölkə başçısının ATƏT-in Minsk qruppu çərçivəsində aparılan danışıqlarda 7 rayonumuzun işğaldan azad edilməsi haqda müzakirələr getdiyini, XİN-nin müavini A.Əzimovun isə bu danışıqlarda yalnız 5 rayonumuzun işğaldan azad olunmasının müzakirə edildiyini deməsi ciddi narahatlıq doğurub. Divan bunu danışıqların əsas prinsiplərinin xalqdan gizlədilməsi kimi qiymətləndirib və hakimiyyətdən bu məsələyə aydınlıq gətirməsini tələb edib.

Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

Müsavat Partiyası Divanın QƏRARI

Müsavat Partiyasının 30 iyun 2007-ci il tarixli Məclisində bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 90 illiyinin tamam olması ilə əlaqədar 2008-ci ilin «Cümhuriyyət ili» elan edilməsi barədə qərar qəbul edilib. Müsavat Partiyasının həmin Məclisində 2008-ci ildə Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın demokratik seçkilərlə seçilmiş ilk prezidenti Əbülfəz Elsibəyin anadan olmasının 70 illik yubileyinin də təntənəli qeyd olunması, bu yubileylərlə əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsi qərar alınıb. Bu qərarların icrası istiqamətində artıq bəzi işlər görülüb.

Müsavat Partiyası Divanı qeyd edilən qərarların daha səmərəli həyata keçirilməsi məqsədi ilə qərara alır:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi, Əbülfəz Elsibəyin anadan olmasının 70 illiyi ilə əlaqədar təntənəli tədbirlərin həyata keçirilməsini təşkil etmək məqsədi ilə Təşkilat Komitəsi yaradılsın.

2. Qeyd edilən tədbirlərin digər ictimai, siyasi təşkilatlarla birlikdə həyata keçirilməsi məqsədəuyğun hesab edilsin.

isagambar.az, 31 mart 2008-ci il, Bakı