GETDİYİM YERDƏ HEÇ ZAMAN YIXILMAMIŞAM
İsa Qəmbər: Düşünmürəm ki, basketbolda siyasətçilərdən kimsə qabağıma
çıxa bilə
Müxalifətin yox, xalqın birləşməsinə ehtiyac var
Artıq yaşı ötmüş Mercedes-600"-ə əyləşəndə ilk sualımı verirəm: İsa bəy,
avtomobili niyə dəyişmirsiz?" Ani pauzadan sonra sualın qəfil və
gözlənilməzliyinə varmadan sakit şəkildə cavab verir: Maşın önəmli məsələ
deyil. Əsas odur ki, məsafələri vaxtında qət eləmək üçün bir vasitə olsun.
Hazırda da bu vasitədən istifadə edirik.
Budəfəki Bazar Günündə müsahibimiz olan Müsavat Partiyasının başqanı İsa
Qəmbərlə söhbətimizə elə maşınla yol gedərkən körpü salıram. Öncə son bir
həftədə paytaxt başda olmaqla ölkədə həyatın iflic olmasına münasibətini bilmək
istəyirəm. Deyir ki, bir tərəfdən baxanda bu, obyektiv hadisədir: Ancaq hər
halda bu problemləri şəhər hakimiyyətləri həll eləməlidir. Özü də söhbət yalnız
Bakıdan getmir. Bunun Gəncəsi, Sumqayıtı, Mingəçeviri, Şəkisi, Naxçıvanı, Əli
Bayramlısı, Lənkəranı və sairi var. İcra hakimiyyətləri bu məmləkəti qış
şəraitinə hazırlaya bilmirlərsə, deməli, onları təyin eləyən dövlət başçısı
vəziyyətə görə məsuliyyət daşıyır. Çünki hazırlığı vaxtında görməyib. Çox
arxayın şəkildə, fəxrlə fövqəladə hallara qarşı şəhərə yeni texnika
gətirilməyindən danışırdılar. Fövqəladə hal yarananda gördük ki, əllərində kürək
küçəyə torpaq səpələyir, yaxud külünglə buz sındırmağa çalışırlar. Sual yaranır
ki, onda bu texnika hardadır, onu kim, nə üçün, hansı pula gətirib, nəyə
istifadə olunur? Yoxsa bunlar hamısı görüntü üçünmüş?
Müsavat başqanı nümunəvi abonentdir
Sualımıza səmimi cavabından məlum olur ki, İsa bəy də ailəsi ilə bərabər hər gün
digər sadə vətəndaşlar kimi ölkədəki mövcud problemləri öz həyatında hiss edir:
- Bilirsiniz ki, bizim ev Gəncliklə Ayna Sultanovanın abidəsinin arasında olan
bir yerdədir. Sayğaclar qoyulandan qaz pis-yaxşı gəlir. Suyun hər gün 10-12 saat
olmasına, qalan vaxtlar kəsilməsinə artıq adət eləmişik. İşıq məsələsi çox
bərbaddır. Xüsusən də soyuqlar düşəndən - əvvəlki vaxtlarda da bərbad idi - amma
bu günlər çox bərbad vəziyyətdə oldu. Yanvarın ötən günlərində bir-iki gün olub
ki, gün ərzində işıq sönməsin. Hər gün azından yarım saat, bəzən də 10-12
saatlığa işıqlar sönüb. Özü də bizim binada istilik sistemi demək olar ki, 20
ildir yoxdur. Onsuz da mən nə soyuqdan, nə də istidən çox şikayət eləyən adam
deyiləm. Sadəcə, indi bir daha məşq elədik.
- İsa bəy, təsadüfən enerjiyə və sairə görə borcunuz yoxdur ki?..
- Vallah, bu məsələlərə mən baxmıram, evdə uşaqlar nəzarət edirlər. Onlar adətən
ilin əvvəlində çalışırlar ki, imkan olanda bir-illik, olmayanda 3 və ya 6 aylıq
telefon, qaz, elektrik və sairin haqqını ödəsinlər. İndi də deyəsən, bir
hissəsini ödəyiblər, bir hissəsini də hava şəraitinə görə gedib ödəyə
bilməyiblər. Yəqin hava düzələn kimi gedib həll edəcəklər.
- Maraqlıdır, hətta qabaqcadan ödənişlər edirsiniz. Deməli, Sizi nümunəvi
abonent də saymaq olar...
- Uşaqlar ilin əvvəlindən ödəməyə çalışırlar ki, sonra yaddan çıxıb borc qəbzinə
çevrilməsin.
Bir neçə qonşu var ki, kibrit, ya duz olmayanda onlardan istəmək olar
- Qonşularla münasibətiniz necədir? Olurmu ki, hansısa problemlərlə bağlı
sizə müraciət eləsinlər?
- Təbii, qonşuların demək olar ki, hamısı ilə hər zaman qarşılıqlı hörmət
münasibətində yaşamışıq. Düzdür, son illər bizim blokda çox mənzillərin
sahibləri dəyişib, çox insanlar gediblər, yeni qonşular gəliblər. Ancaq normal
münasibətlər var. Bir neçə qonşu var ki, məsələn, köhnə ənənəvi qaydada evdə
duz, ya kibrit olmayanda, ya almaq yaddan çıxanda gedib onlardan istəmək olar.
Atatürk prospekti boyunca uzanan parkın yaxınlığında maşından düşürük. Buz
örtüyünün üstü ilə aramla addımlayıb yolun digər tərəfinə keçirik. Başqandan
qara olan münasibətini soruşduqda qar əvvəl yağanda yaxşıdır, amma sonra
buzlayır da... deyir.
- Uşaq və buz şeirindəki kimi buza hirsləndiyiniz anlar olubmu?
- (Gülür) Yox, mənim təcrübəm çoxdur. Ona görə də demək olar ki, getdiyim yerdə
heç zaman yıxılmamışam. Uşaq vaxtı bizdə evin və məktəbin həyətində belə havalar
olanda nəinki ayağımız sürüşürdü, özümüz sürüşmək üçün yer hazırlayırdıq. Onun
da xüsusi texnologiyası var idi. Qar kürəklərlə hamarlanırdı, sonra ora su
tökülürdü, sonra təzədən bir də əl gəzdirilirdi. Çox sürüşkən bir yer düzəldib
orda sürüşməyə başlayırdıq. Uşaq vaxtı qarlı havada elə əyləncələr olurdu...
Ancaq ümumiyyətlə, nə zamansa qarda sürüşüb yıxılmağım yadıma düşmür.
Sözarası Azərbaycanda qış oyunlarının keçirilməsi üçün şəraitin yaradılmasının
mümkün olub-olmamasına da toxunuruq. Başqan bunun mümkünlüyünü vurğulayır:
Ölkənin böyük sərvətlərini mənimsəmək və boş-boş proyektlərə həsr eləməkdəsə,
turizm sahəsinə xeyli vəsait ayrıla bilər. Təbii ki, turizm sahəsində həmçinin
qış istirahəti üçün Azərbaycanın müvafiq bölgələrinə investisiya qoymaq və çox
mükəmməl istirahət zonaları yaratmaq olar.
Şahmat oynamağı xoşlayıram
Evinin parka yaxın olduğuna işarə edib İsa bəyin bura tez-tez gəlib-gəlmədiyi
ilə maraqlanıram. Cavabında məlum olur ki, başqan bura ara-bir çıxa bilir.
Səbəbini soruşduqda, bunu bir tərəfdən işinin çoxluğu ilə izah edir: Ondan
sonra çıxanda görürsən ki, ətrafda öz uşaqlarımız bizi müşayiət edirlər.
Dostlarımıza əlavə əziyyət də vermək istəmirəm. Həm də buna görə".
- Ailənin istirahətinə diqqət yetirə bilirsinizmi?
- İmkan daxilində çalışıram ki, ailə üzvlərim yayda bir-iki həftə də olsa,
havalarını dəyişsinlər. Konsert və digər mədəni tədbirlərə də hərdənbir vaxt
ayırırıq. Adətən, bazar günləri evdə ailəmlə olmağa üstünlük verirəm.
- İdmana münasibətiniz necədir?
- Uşaqlıqda basketbolla məşğul olmuşam, futbolla çox maraqlanmışam. Arada hətta
məktəbin voleybol yığmasında da oynamışam. Stolüstü tennisi çox sevirdim.
Akademiyada çalışanda fasilədə bizim yeddinci mərtəbədəki tennis stolunda iş
yoldaşlarımızla yarışlar keçirirdik. Bir də şahmat oynamağı xoşlayıram.
- Yarışlar təşkil olunsa və dəvət alsanız, hansı idman növündə qüvvənizi
sınamaq istərdiniz?
- Şahmatda məmnuniyyətlə. Basketbolda da, düşünmürəm ki, siyasətçilərdən kimsə
qabağıma çıxa bilər. Futbol artıq zalın ölçüsündən asılıdır. Voleybolu da
yoxlamaq olar.
Müsavat başqanı saçının sürətlə ağarmasını özünə dərd eləyənlərdən deyil: 51
yaş kiminçünsə qocalıq, kiminçünsə orta yaşdır. Mən özümü çox normal hiss edirəm
və sağlamlığımdan şikayətim yoxdur.
Şükürlər olsun deyib övladlarının seçdiyi yoldan razı olub-olmadığını
soruşuram. İkisi də beynəlxalq münasibətlər sahəsini seçiblər. Biri Bakıda,
digəri İstanbulda təhsil alır. Yəni özləri istəyiblər, seçiblər. Bütün uşaqlara
uğurlar arzulayıram. Bizimkilərə də onların içində-deyir.
Ailədə heç vaxt siyasi fəaliyyətimlə bağlı irad olmayıb
İsa Qəmbər Azərbaycanın müstəqilliyində müstəsna xidmətləri olanların işsiz
qalması, onların 15 ildir bu dövlətin imtiyazlarından bəhrələnə bilməməsindən də
şəxsən narahat olmadığını deyir: Mən şüarfason sözlərlə danışmağı xoşlamıram.
Ancaq biz gənclik illərindən bir missiya seçmişik, bir yoldur, gedirik. Bu yolun
gətirəcəyi problemləri, yaradacağı çətinlikləri gözümüzün önünə alıb onu qət
edirik.
- Olubmu ki, ailə üzvləriniz belə riskli, təzyiqlərlə üzbəüz həyat tərzindən
uzaqlaşmağı sizə tövsiyə etsinlər?
- Yox. Xanımım tarix elmləri namizədidir, Bakı Dövlət Universitetinin
müəllimidir. Uşaqlarım öz gənclik həyatını yaşayırlar. Yəni heç zaman mənim
siyasi fəaliyyətimlə bağlı hər hansı bir narazılıq, hansısa bir irad olmayıb".
- Yeri gəlmişkən, övladlarınız da bir ara siyasi proseslərə aktiv müdaxilə
edib hətta həbs olundular. Bu narahatçılıqlarla bağlı onlara məsləhətləriniz
olmadı ki?..
- Hansı valideyn övladlarının həbsindən narahat olmaz? Aydın məsələdir ki,
narahat oluram. Ancaq bu, elə bir hadisədir ki, ona bir qədər dözümlü
yanaşılmalıdır. Çünki mən bütün gəncləri fəal vətəndaş mövqeyi tutmağa, öz
haqlarını, xalqın haqqını müdafiə etməyə çağırıram. Əgər mənim çağırışıma cavab
verən gənclərin arasında mənim övladlarım da varsa, nə cür onlara deyə bilərəm
ki, yox, siz bu prosesə qatılmayın, qoy başqaları qatılsın. Təbii ki,
deməyəcəyəm. Onlar xüsusən 2005-ci seçki ilində çox fəal oldular və müəyyən
sərgüzəştlər yaşadılar.
2008 hakimiyyət üçün 2003-dən daha çətin il ola bilər
Söhbətin bu məqamında prezidentliyə iddialı olan Müsavat başqanından 2008-ci
seçki iliylə bağlı gözləntilərini bilmək istəyirəm. İsa bəy 2008-də xalqın,
demokratik qüvvələrin uğur qazanması tamamilə realdır. Əminəm ki, 2008 Əliyev
hakimiyyəti üçün 2003-dən daha çətin bir il ola bilər-deyir.
- Əksər ekspertlər müxalifətdəki pərakəndəliyi ciddi qüsur kimi
dəyərləndirib, bunu, qələbəni əngəlləyən əsas faktor sayırlar...
- Hamı dərk eləməlidir ki, Azərbaycanda həlledici problem müxalifətin birliyi
deyil və heç zaman da bu, həlledici problem olmayıb. Azərbaycanda problem ölkəni
qəddar bir rejimin mənimsəməsidir. 1993-cü ildən hakimiyyəti qiyam nəticəsində
zəbt ediblər və indiyə qədər də seçkiləri saxtalaşdıraraq əllərində saxlayırlar.
Xalqın iradəsinin gerçəkləşməsinə imkan vermirlər. Ölkədə azad və ədalətli
seçkilər keçiriləcəksə, xalq öz seçimini edəcək və kimisə prezident seçəcək,
hansısa partiyaya üstünlük verib parlamentdə onları əksəriyyət halına gətirəcək.
Ona görə də müxalifətin birliyi adında bir problem yoxdur. Bu məsələdən heç cür
əl çəkmək istəməyən, istər səmimi şəkildə bunu vacib hesab edənlərə, istərsə də
bunun önəminin olmadığını dərk edib, sadəcə süni şəkildə bu məsələni qabartmaqla
müxalifəti hər zaman sual qarşısında qoymaq istəyənlərə bircə sual üzərində
düşünməyi təklif edirəm. Təsəvvür edin ki, bütün müxalifət birləşib və seçkilərə
vahid namizədlə gedib. Nədi, o zaman İlham Əliyev kövrəlib riqqətə gələcək ki,
aha, axır ki, müxalifət birləşdi, əgər bu dəfə məndən çox səs toplasalar,
hakimiyyəti bunlara təhvil verib gedim? Aydın məsələdir ki, belə bir şey
olmayacaq. Müxalifətin birləşməsi yox, xalqın birləşməsinə ehtiyac var. Xalqın
ayağa qalxmasına ehtiyac var ki, hakimiyyət öz hüquqları uğrunda mübarizə aparan
xalqa güllə atmaqdan çəkinsin. Çünki namizədin 1, ya 8 olmasından, seçkidə kimin
qalib gəlməsindən asılı olmayaraq, bu rejim hakimiyyətdən getmək niyyətində
deyil. Bir namizəd, bir partiya, yaxud bir blok seçkidə qələbəsində israr edib
hakimiyyətə təzyiqini davam edəndə, xalqın önəmli bir hissəsi ayağa qalxıb öz
hüququnu tələb eləməsə, hakimiyyət Özbəkistanda olduğu kimi xalqa qarşı atəş
açmağa başlayacaq. Məhz buna görə mən israr edirəm ki, müxalifətin yox, xalqın
birliyinə ehtiyac var.
İsa bəy, biz sizinlə fəxr edirik
Bayaqdan parkı dolaşdıqca, ətrafdakı insanların maraqla İsa Qəmbərə baxdığını
müşahidə edirik. Onlardan biri - Elmira xanım isə tərəddüd etmədən başqana
yaxınlaşıb sayğı ilə onu salamlayır: İsa bəy, biz sizinlə fəxr edirik, Allah
sizi qorusun. Bütün ailəmizin, oğlum Eminin sizə salamı var. Məqam düşmüşkən
xanım, bu seçki ilində sizin kimi düşünənlər çoxdurmu sualını ünvanlayıram.
Tərəddüd etmədən cavab verir: İndiki durumda daha çoxdur. Yazın ki, Eminin
anası deyir biz ailəlikcə İsa Qəmbəri dəstəkləyirik. Allah ona səbr, təmkin və
qüvvə versin.
Söhbətimizin yekununda İsa Qəmbər yeni ildə ölkə vətəndaşlarına arzularını
bölüşür:
- 2008-in hər bir soydaşımıza və bütövlükdə xalqımıza, millətimizə uğurlu
olmasını arzu edirəm. Eyni zamanda əlavə eləməyi də lazım bilirəm ki, Allah
Azərbaycana hər şey verib. Həyatımızı istədiyimiz kimi qurmaq, bütün xalqa aid
olan arzularımıza çatmaq üçün hər bir imkan var. Həyat səviyyəsindən tutmuş
işğal olunmuş torpaqların azad olunmasına qədər. Xalqımızın, millətimizin bütün
məsələləri həll eləməyə gücü var. Sadəcə olaraq bu gücün toparlanması üçün hər
bir vətəndaş, hər bir soydaş özünə aid olan məsuliyyəti dərk eləməli, özünün
bacardığı gücü, qüvvəni, işi ortaya qoymalıdır".
Elşad PAŞASOY, "Yeni Müsavat", Baku, 14.01.2008