Müsavat Partiyasının əhaliyə satılan təbii qazın qiymətinin artırılması ilə bağlı bəyanatı

“Dünən Tarif Şurası əhaliyə satılan təbii qazın qiymətini artırıb. Artıq iyulun 1-dən 1000 kub metr qazın qiyməti 100 manat olacaq. İndiyə kimi bu qiymətin 47,2 manat olduğu nəzərə alsaq, artımın 100%-dən çox olduğunu görərik.

Ölkə vətəndaşlarının sosial-iqtisadi durumunun gündən-günə ağırlaşdığı bir şəraitdə əsas enerji daşıyıcılarından biri olan qazın qiymətinin artırılması, həm də bu qədər artırılması rəsmi səviyyədə soyğunçuluq siyasətinin növbəti dalğasıdır. Dünya iqtisadi böhranı hər yerdə qiymətlərin ucuzlaşması ilə müşayiət olunsa da, bu gün enerji daşıyıcılarının istehsalçısı və ixracatçısı olan Azərbaycanda əks proseslərin getməsi bir daha sübut edir ki, hökumətin iqtisadi siyasəti, ümumiyyətlə, mövcud deyil. Bu siyasət yalnız təbii sərvətlərin talan edilməsi və xalqın soyulub var-yoxdan çıxarılması üzərində qurulub.

Müsavat Partiyası Tarif Şurasının bu qərarını qətiyyətlə pisləyir, qazın, eləcə də digər enerji daşıyıcılarının-benzinin, elektrik enerjisinin satış qiymətlərinin ən azı 2 dəfə azaldılmasını tələb edir”.

isagambar.az, 01 iyul 2009-cu il, Bakı