MƏMMƏD İSMAYILIN YUBİLEYİ KEÇİRİLDİ
İsa Qəmbər: «Onun «Şərəf» ordeni yoxdur, amma şərəfli ömür yolu var»

Bu gün Azərbaycanın ünlü şairi Məmməd İsmayılın 70 yaşı tamam olur. Bu münasibətlə dünən Müsavat Partiyasının mərkəzi qərargahında şairin yubiley mərasimi keçirildi. Tədbirə müsavatçılarla yanaşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), Liberal Partiyasının yetkililəri, şairin sənət dostları və pərəstişkarları da qatılmışdı.

Məclisin aparıcısı Müsavat Partiyası Divanının üzvü İbrahim İbrahimli şairin həyat və yaradıcılığı haqda qısa məlumat verdi: «Məmməd bəy Bakı Dövlət Universitetini bitirib, tələbəlik illərində yaradıcılığı ilə o zamankı ədəbi mühitin diqqətini cəlb edib. Təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib. 60-cılar nəslinin Azərbaycan ədəbiyyatında bir dönüş yaratdığı hamıya məlumdur. Şəxsən mən həmin nəslin nümayəndəsi olan Məmməd İsmayıl yaradıcılığından bəhrələnmişəm. Məmməd İsmayıl, Ramiz Rövşən, Vaqif Bayatlı Önərin şerlərini, Əkrəm Əylisli nəsrini oxumasaydım, bəlkə də milli-demokratik hərəkata qoşulmazdım. Məmməd İsmayılın yaradıcılığında xeyli populyar, sevilib-seçilən şerləri var, amma mən onun "Hələ yaşamağa dəyər bir az da" çox nikbin ruhlu bir şerini yaradıcılığının zirvəsi hesab edirəm. Məmməd bəyə Allah-Təalanın verdiyi ömür qədər şərəfli bir ömür yaşamağı arzu edirəm".

Müsavat Partiyasının başqanı İsa Qəmbər də şairin yaradıcılığından, şərəfli ömür yolu keçməsindən söz saldı: «Azərbaycanda ziyalı anlayışı hər zaman diskussiyalara səbəb olan bir mövzudur. Ötən əsrin ortalarından başlayan azadlıq hərəkatı bizə böyük şanslar verdi. Bu şanslardan biri də uzaqdan gördüyümüz, şerlərini oxuduğumuz adamları tanımaq, onlarla dost-yoldaş münasibətləri qurmaq fürsəti idi. Eyni zamanda ayrı-ayrı ziyalıların kim olduğu müəyyənləşdi. Sovet dönəmində bir ziyalı elitası formalaşmışdı ki, onların arasında həqiqətən də millətin yetişməyində, milli şüurun qorunub saxlanmasında öz xidmətləri olanlar çoxdur. Bütövlükdə isə onlar kommunist hakimiyyəti ilə xalq arasında bir sipər rolunu oynayırdılar, xalqla hakimiyyət arasında sanki gərginliyi aradan götürə bilirdilər. Təbii ki, o dövrün ziyalıları üçün başqa cür olmaq çətin idi. Amma 80-ci illərin ikinci yarısından başlayan proseslərdə artıq hərə olduğu kimi görünməyə başladı. O dönəmdə təbii ki, bizim əsl ziyalılara ehtiyacımız vardı və onlardan biri də hər zaman xalqla bir yerdə olan Məmməd İsmayıl idi. Məmməd bəy təkcə sözlə yox, həm də əməllə, hərəkətlə, özünəməxsus mövqeyi ilə tanındı. O dövrü xatırlayanlar bilir ki, Məmməd İsmayılın rəhbərlik etdiyi "Gənclik" dərgisi Azərbaycanın ən sevilən, oxunan jurnalı idi.

Xalq hərəkatı gücləndikcə Məmməd bəyin də mövqeyi daha qabarıq üzə çıxırdı. 1991-92-ci illərdə vəziyyətin ən gərgin anlarında Məmməd İsmayıl və digər dəyərli ziyalılarımız Demokratik Ziyalılar Birliyi yaratdılar. O qüvvə ən gərgin anlarda ən çətin, mürəkkəb mitinqləri idarə etməkdə mühüm rol oynadı. Sonrakı illərdə də Məmməd İsmayıl milli hakimiyyət dönəmində xalqa xidmətini davam etdirdi, növbəti illərdə də öz mövqeyini dəyişmədi. 7 sentyabr 2003-cü ildə Azərbaycan tarixində ən məşhur olan mitinqi Məmməd İsmayıl idarə etdi. Millətimiz barədə bədgüman olan insanlar Məmməd İsmayıl kimi ziyalıya baxsınlar. Məmməd İsmayılın yubileyini bu gün Azərbaycanda müxtəlif təşkilatlar, qurumlar qeyd edir. Biz də öz imkanlarımızdan istifadə edib Məmməd bəyə olan ən səmimi ürək sözlərimizi qeyd etmişik və qeydlərimizi şairə həvalə edirik. Onun «Şöhrət» ordeni yoxdur, amma kifayət qədər şöhrəti var, «Şərəf» ordeni yoxdur, amma şərəfli ömür yolu var. Məmməd İsmayıl barədə çox xatirələrim var, inşallah, memorial yazan yaşımızda bu xatirələr öz əksini tapacaq. Onu da qeyd edim ki, dünya çox sürətlə dəyişir və yaxın illərdə bölgəmizdə, Azərbaycanda da baş verən dəyişikliklərin əminəm ki, biz də həm şahidi, həm də iştirakçısı olacağıq. Bir daha Məmməd bəyi təbrik edirəm və onun əsərləri və varlığı ilə də bizi sevindirməsini arzu edirəm".

Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub şairin yaradıcılığından geniş söhbət açaraq onun ana və vətənpərvərlik mövzusunda şerlərinin bir neçəsini təhlil etdi: «Çətinliklə keçən həyat mübarizəsi və təbii istedadı Məmməd İsmayılı bir şəxsiyyət kimi formalaşdırıb».

Şairin kiminsə davamçısı olmadığını deyən İbrahim İbrahimli onun xeyli davamçıları olduğunu vurğuladı və şair Akif Əhmədgili də bu davamçılardan biri kimi çıxışa dəvət etdi. Akif Əhmədgil Məmməd İsmayılın yaradıcılığından geniş söz açıb ustadını klassik şairlərlə müqayisə etdi: «Məlum olduğu kimi, şerdə qafiyə başlıca rol oynayır. Tofiq Kazımov və Bəkir Nəbiyevə istinadən deyə bilərəm ki, Məmməd İsmayılın qafiyələrinin Nəsimi, Xətai, Füzuli, Sabir, Səməd Vurğun qafiyələrinə qohumluğu var».

Sonra Müsavat Partiyasının üzvü, Azərbaycan İncəsənət Universitetinin müəllimi, aktrisa Məleykə Həsənova dünənki havaya köklənərək şairin lirik, məhəbbət şerlərindən bir neçəsini səsləndirdi:

«Qıyma məhəbbətin cavan çağına,
Payız həsrət çəkər yaz yarpağına,
Ölmüşəm, qalmışam - nəyinə gərək,
Harda qocalmışam - nəyinə gərək?"

Tədbirdə çıxış edən AXCP sədrinin müavini Nurəddin Məmmədli öncə partiya sədri Əli Kərimlinin tədbirə qatılmamasının səbəbini izah etdi: «Çox təəssüf ki, Əli bəy yaxın bir adamının toy məclisinə getdiyi üçün bura gələ bilmədi. Məmməd bəyə gəlincə isə mən onu vurğulamaq istəyirəm ki, 90-cı illərdə tale Azərbaycanın bir çox şairlərini sınağa çəkəndə bu sınaqdan uğurla çıxanlardan bəlkə də birincisi elə Məmməd İsmayıl oldu. Poeziyası ilə şəxsiyyəti bütövləşə bilməyən şairlərdən fərqli olaraq Məmməd İsmayıl Azərbaycan xalqının tükənməz sevgisini və həmişəyaşar Azərbaycan poeziyasında özünə əbədi yer qazandı».

Şairi Azərbaycan Liberal Partiyası adından isə Əvəz Temirxan təbrik etdi: «Şair qarşısında danışmaq çox çətindir. Amma mən Məmməd bəyin özünə istinadən demək istəyirəm ki, hələ inqilab, mübarizə naminə nəinki 70 il, 100 il də yaşamağa dəyər. Həyat 70-dən sonra başlanır, şair, sizə öz istedadınızla özünüzü əbədiyyətə daxil etmisiniz».

Gənc yazar Rasim İlyasov mövqeyi olmayan ziyalıların ünvanına oxuduğu qısa hekayətdən sonra şairi belələri ilə bir sırada görməməsindən məmnunluq duyduğunu dedi.

Sonra şair öz yaradıcılığından bir neçə şer oxudu:

«Bu xalq yeddi yerdən zavala gəldi,
Bu xalqın danışan dili olmadım,
Bu xalqın başına min bəla gəldi,
Mən ki dözüb durdum, dəli olmadım.
Mən şair deyiləm, atam-qardaşım,
Vətən tikə-tikə, parça-parçasa,
Ömür deyilənin sonu borcasa.
Yuxuya gedibsə içimdə qiyam,
Dərənin axmağı, çölün dəlisi,
Elin ifləməsi və nəsi, nəsi,
Bir də lap inciyim, nə desən, oyam, -
Mən şair deyiləm, atam-qardaşım".

Şair «Mən təəssüf edirəm ki, bizi parçalamağa nail oldular, amma arzu edirəm ki, elə bu tədbirdən başlayaraq özümüzdə birləşməyə, həmrəy olmağa güc tapaq» deyə bildirdi.

Qeyd edək ki, bu gün saat 14:00-da Aktyorlar Evində şairin 70 illik yubileyi ilə əlaqədar musiqili tədbir keçiriləcək.

S.HİLALQIZI

Yeni Müsavat, 01 noyabr 2009-cu il, Bakı
http://musavat.com/new/shownews.php?news_id=63582