Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Əvvəlcə 2005-ci il martın 2-də qətlə yetirilmiş Elmar Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərhum jurnalistin qətlinin üstünün hələ də açılmaması təəssüflə qeyd olunub və hakimiyyətdən cinayətkarları tezliklə tapılıb, məsuliyyətə cəlb olunması tələb edilib.

Son bir həftə ərzində ordumuzun müxtəlif səbəblərdən 7 əsgər itirməsi və cəmiyyətdə intihar hadisələrinin çoxalması faktının ciddi narahatçılıq doğurduğu qeyd edilib və hakimiyyətdən bunu doğuran səbəblərin araşdırılması və müvafiq tədbirlər görülməsi tələb edilib.

Daha sonra referendum təşviqatının gedişatı ilə bağlı məsələyə baxılıb. “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” təşviqat qrupu nümayəndələrinin İctimai radio və televiziyadakı çıxışları yüksək qiymətləndirilib. Martın 1-də “Təbriz” kinoteatrında Nizami rayon seçiciləri ilə keçirilmiş görüşün də çox yüksək səviyyədə keçdiyi qeyd olunub və növbəti görüşlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Yığıncağın sonunda martın 2-nin Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 17-ci ildönümü olduğu vurğulanıb və bir vaxtlar vətənimizin müstəqilliyi uğrunda aparanların indi də irticaya qarşı çıxış edərək, ölkənin demokratikləşməsi uğrunda mübarizə apardıqları qeyd olunub.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 02 mart 2009-cu il, Bakı