Müsavat Partiyası Məclisinin bəyanatı

Dünyanın geopolitik, geostrateji, geoekonomik və geokültürəl baxımdan mürəkkəb və həssas bölgəsi olan Cənubi Qafqazda mövcud olan hərbi münaqişələrin uzun müddətdir həll edilməməsi region ölkələrinin daxili inkişafına, eyni zamanda onlar arasında ikitərəfli münasibətlərin inkişafına mane olmaqla bərabər, regional inteqrasiya və inkişaf üçün də ciddi problemlər yaradır və bütövlükdə regionun avroatlantik məkana inteqrasiyasını ləngidir. İdarə olunan münaqişələr onların həllində maraqlı olmayan destruktiv qüvvələrin xarici təsirlərə həssas və açıq olan bu regiona, eyni zamanda münaqişə tərəfi olan ölkələrin daxili işlərinə müdaxiləsi üçün də əlverişli şərait yaradır.

Beynəlxalq birliyin, BMT, ATƏT, NATO kimi nüfuzlu beynəlxalq və regional təşkilatların, eyni zamanda ABŞ və AB-nin postsovet məkanında, o cümlədən Cənubi Qafqazda mövcud olan münaqişələrin həlli üçün bu günə kimi təsirli addımlar ata bilməməsi, NATO-nun, xüsusən də bəzi Avropa ölkələrinin Moskvanın təzyiq və təhdidlərindən çəkinərək Gürcüstana Şimali Atlantika alyansına Üzvlük üçün Hazırlıq Planı verməməsi və bundan cəsarət alan Rusiyanın demokratik inkişaf yolu seçmiş bu kiçik qonşu ölkəyə təcavüzü, separatçı Abxaziya və C.Osetiyanın müstəqilliyini tanıması, onların ərazisində hərbi bazalar yaratmağa başlaması regionda onsuz da ağır olan hərbi-siyasi vəziyyəti daha da ağırlaşdırır.

Azad dünyanın, ABŞ, AB və NATO-nun postsovet məkanını özünün imtiyazlı maraq zonası hesab edən, regionun avtoritar rejimlərinin hamisinə çevrilən Rusiyanın Gürcüstana təcavüzünün qarşısını ala bilməməsi bir tərəfdən separatçı oyuncaq rejimləri, təcavüzkar Ermənistanı və regionun avtoritar siyasi rejimlərini ruhlandırmış, digər tərəfdənsə demokratiya və avroatlantik məkana inteqrasiya yolu seçən yeni demokratiyaları və azadlıqsevər xalqları məyus etmişdir.

Gürcüstan böhranından sonra bütövlükdə regionda Rusiyanın hərbi-siyasi təsiri artsa da, o öz müttəfiqi, forpostu olan və “kalininqradlaşan” Ermənistanla quru əlaqəsini itirmişdir. Gözləmək olardı ki, öz işğalçılıq siyasəti və Gürcüstan böhranı nəticəsində çətin duruma düşən və bu səbəbdən də kompromislərə meylli ola biləcək Ermənistana qarşı nəhayət, beynəlxalq təzyiqlər artacaq, bu durum onu münaqişənin həllində konstruktiv mövqe tutmağa sövq edəcək və BMT TŞ-nın müvafiq qətnamələrinin(822, 853, 874 və 884 saylı) də tələb etdiyi kimi o, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalacaqdır. Çox təəssüf ki, beynəlxalq birlik, xüsusən də ABŞ və AB təcavüzkar Ermənistana qarşı təzyiqləri artırmaq və ondan işğal etdiyi əraziləri qeyd–şərtsiz tərk etməyi tələb etmək əvəzinə, gözlənilənin tam tərsinə olaraq onu həvəsləndirmək və cəsarətləndirmək yolunu seçmişdir. İndiki mərhələdə ABŞ və AB-nin Türkiyənin Ermənistanla sərhədlərini açması və onunla siyasi, diplomatik və ticarət-iqtisadi münasibətlərini bərpa etməsi üçün səy və təzyiqlərini artırması nəinki münaqişənin həllinə və regional inkişafa əhəmiyyətli dərəcədə müsbət təsir göstərməyəcək, əksinə təcavüzkarı siyasi-diplomatik, siyasi-mənəvi, iqtisadi, eyni zamanda dolayısı ilə hərbi-siyasi cəhətdən gücləndirməklə danışıqlar prosesində onun mövqeyinin daha da sərtləşməsinə səbəb olacaqdır.

Regionda Gürcüstan böhranı və sonra yaranmış yeni durumda Türkiyənin Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanla sərhədləri açmağa, ikitərəfli münasibətlər qurmağa hazırlaşması və bunun üçün onunla “yol xəritəsi”ni razılaşdırması cəmiyyətimizdə üzüntü ilə qarşılanmış və ciddi narahatlığa səbəb olmuşdu. Müsavat Partiyasının 07 aprel tarixli bəyanatında bildirilmişdi ki, qardaş Türkiyə Cumhuriyyətinin birtərəfli qaydada, ona qarşı ərazi iddialarından və dünyada “soyqırım”ın tanıdılmasından əl çəkməyən Ermənistana doğru mövcud şəraitdə paradoksal görünən bu addımı atması nə münaqişənin həllinə, nə regional inkişafa, nə də onun milli və regional maraqlarının inkişafına müsbət təsir edəcəkdir.

Cənubi Qafqazda yaranmış mövcud durumdan və onun inkişaf meyllərindən, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən yuxarıda göstərilən səbəblərdən dərin narahatlıq keçirən Müsavat Partiyası, böyük dövlətçilik təcrübəsi olan Türkiyə Cumhuriyyətinin hökumətini qısamüddətli, taktiki maraqlar naminə strateji önəm daşıyan ikitərəfli münasibətlərimizi yaralaya biləcək addımlar atmaqdan çəkinməyə, qardaş türk xalqını, ölkənin siyasi müxalifətini və KİV-lərini isə qardaşlıq və dostluq münasibətlərimizin sınaqdan keçdiyi bu dönəmdə daha həssas olmağa çağırmışdı.

Qeyd etmək lazımdır ki, ötən həftələrdə Türkiyənin dövlət və hökumət rəhbərləri Qarabağ problemi həll edilməyənə qədər Ermənistanla sərhədləri açmayacaqlarını bildirmiş, Türkiyənin aparıcı müxalifət partiyaları Azərbaycan xalqına tam dəstək vermiş, Türkiyə mediası isə mövzunun bütün yönləri ilə həssas bir şəkildə işıqlandırılmasını təmin etmişdir.

Müsavat Partiyası eyni zamanda, Azərbaycan hökumətini ikitərəfli münasibətlərə zərbə vura və ya kölgə sala biləcək tələsik addımlar atmaqdan çəkinməyə, Ermənistanın Qarabağı işğal faktı arxasında hansı xarici qüvvələrin durduğunu unutmamağa, xalqı isə ayıq-sayıq olmağa, iki dost və qardaş dövlət arasında mövcud olan münasibətləri pozmaq üçün fürsət axtaranlara meydan verməməyə çağırmışdı və bu çağırış qüvvədə qalır.

Biz bir daha inandığımızı bildiririk ki, Türkiyə-Azərbaycan münasibətləri, eyni zamanda qardaş xalqlarımız arasında mövcud olan və tarixin sınağından dəfələrlə uğurla çıxan ikitərəfli münasibətlərimiz bu sınaqdan da möhkəmlənərək çıxacaqdır.

isagambar.az, 02 may 2009-cu il, Bakı