Müsavat Partiyasının bəyanatı
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror hadisəsi baş
verib. Silahlı şəxs(lər) səhər saatlarında Akademiyanın 2-ci korpusuna daxil
olaraq qarşısına çıxan şəxslərə atəş açıb. 13 nəfər həlak olub və onlarla insan
yaralanıb. Ölənlər və yaralananlar əsasən Akademiyanın müəllim və tələbələri
olub. Hadisənin sifarişçisi, təşkilatçısı və motivi barəsində hələlik heç bir
rəsmi açıqlama verilməyib.
Müsavat Partiyasının Məclisi bu qanlı terror hadisəsini qətiyyətlə pisləyir və
hakimiyyətdən tələb edir ki, qısa müddət ərzində hadisənin səbəbləri barədə
ictimaiyyətə məlumat versin. Partiya habelə bu qanlı olayda əli olan digər
şəxslər varsa, dərhal tapılaraq cəzalandırılmasını tələb edir.
Müsavat Partiyasının Məclisi Azərbaycan gənclərinin, tələbələrin son günlər
keçirdiyi aksiyaları, irəli sürdüyü tələbləri dəstəkləyir və gənclərlə tam
həmrəyliyini bildirir.
Biz, terror hadisəsi nəticəsində həlak olan şəxslərin ailə üzvlərinə,
yaxınlarına, Akademiyanın kollektivinə, eləcə də bütövlükdə Azərbaycan xalqına
dərin hüznlə başsağlığı verir, həlak olanlara ulu Tanrıdan rəhmət diləyir,
yaralananlara isə şəfa arzulayırıq.
isagambar.az, 02 may 2009-cu il, Bakı