Müsavat Partiyasının məclisi

Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Partiya himninin oxunuşu ilə açılan yığıncaqda öncə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Məclisdə “Aktual durum və partiyanın qarşısında duran vəzifələr” və “Bələdiyyə seçkiləri haqqında” məsələlər müzakirə edilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər söylədiyi geniş nitqində müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayıb (İsa Qəmbərin nitqinin mətni ilə “Yeni Müsavat” qəzetinin sabahkı sayında və sabahdan etibarən İnternetdə 0205-meclis.htm tanış ola bilərsiniz). Sonra müzakirə edilən məsələlər ətrafında çıxışlar olub.

Məclis 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində Müsavat Partiyasının iştirakını məqsədəuyğun hesab edib. Məclis habelə bələdiyyə seçkilərində müxalifətin birgə iştirakı istiqamətində səylərin artırılmasını və demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsini zəruri hesab edib.

Məclis “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumun nəticələrinə dair rəyini təsdiq edib.

Toplantıda regionda yaranmış son geopolitik durum və Azərbaycan Dövlət neft Akademiyasında baş vermiş qanlı faciə ilə bağlı bəyanat qəbul edib (hər iki bəyanatın mətni əlavə olunur).

isagambar.az, 02 may 2009-cu il, Bakı