Müsavat Partiyasının BƏYANATI
23 dekabr 2009-cu ilə təyin edilmiş bələdiyyə seçkilərində namizədlərin siyasi
partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları
Seçki Məcəlləsinin 54-cü maddəsində kifayət qədər mürəkkəb yazılıb. Məcəllənin
bələdiyyə seçkilərinə həsr olunmuş VII bölməsində bu qaydalar bələdiyyə
seçkilərinə uyğunlaşdırılmayıb. Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi
Təlimatlarda bu qaydalar bürokratik əngəllərlə zənginləşdirilib və analoqu
olmayan hala salınıb. Belə ki, Məcəllənin 52.3 və 54-cü maddələrində və
“Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların
blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”da eyni sənədlər
siyasi partiyalardan iki dəfə tələb olunur.
1. Siyasi partiyanın qeydə alınması barədə Şəhadətnamənin notariat qaydasında
təsdiq edilmiş surəti;
2. Siyasi partyanın qüvvədə olan Nizamnaməsinin notariat qaydasında təsdiq
edilmiş surəti;
3. Siyasi partiyaların təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları.
4. Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının
Mülkü Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri.
Tələblərə görə bu sənədlər MSK-ya və dairə seçki komissiyalarına, 1-ci və 2-ci
sənəd isə həm də “Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması
qaydaları haqqında Təlimat”a uyğun olaraq xüsusi seçki hesabı açılarkən
bankların tələbi ilə onlara da təqdim olunmalıdır.
Respublika üzrə 119 seçki dairəsində bələdiyyə seçkilərini keçirildiyi nəzərə
alınarsa, bu sənədlərin hər birindən 240 nüsxə hazırlanması gərəkdir.
“Qeyd olunan sənədlərin MSK-ya təqdim edildiyi, təsdiq olunmuş səlahiyyətli
nümayəndələrin siyahılarının rəsmi dövlət qəzetlərində çap olunduğu halda, bu
sənədlərin dairə seçki komissiyalarına təqdim olunma məcburiyyəti nədən irəli
gəlir” sualına MSK-da cavab verən yoxdur.
MSK tərəfindən Müsavat Partiyasına yönəlik növbəti maneəçilik, partiyanın
bələdiyyə seçkilərində iştirakına aid sənədlərin MSK-ya oktyabr ayının 29-da
təhvil verilməsinə baxmayaraq, partiyanın səlahiyyətli nümayəndələrinin bu günə
qədər (02 noyabr) təsdiq olunmamasıdır. Bu hal partiyanın namizədlərinin dairə
seçki komissiyalarına çatdırılmasını gecikdirmək üçündür. Belə ki, namizədliyin
təsdiq olunması üçün sənədlər dairə seçki komissiyalarına siyasi partiyaların
səlahiyyətli nümayəndələri tərəfindən təqdim olunmalıdır. O da qeyd olunmalıdır
ki, Seçki Məcəlləsində MSK-ya təqdim olunmuş səlahiyyətli nümayəndələrin
siyahısının təsdiqi üçün 5 gün lazım gəlməsi haqqında maddə yoxdur.
Beləliklə, MSK qəbul etdiyi təlimatlarla və partiyanın səlahiyyətli
nümayəndələrinin təsdiqini gecikdirməklə, Müsavat Partiyasının bələdiyyə
seçkilərində iştirakını əngəlləməkdə davam edir.
Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası MSK-nın siyasi partiyaların
bələdiyyə seçkilərində iştirtakına əngəllər yaratdığını, bu prossesin
Azərbaycanın nüfuzuna mənfi təsir etdiyini bəyan edir və bu əngəllərin tezliklə
aradan qaldırılmasını tələb edir.
isagambar.az, 02 noyabr 2009-cu il, Bakı