Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
edilib.
Toplantının əvvəlində İsa Qəmbər Türkiyə səfəri haqqında ətraflı məlumat verib.
Divan bu məlumatlar əsasında regional prosesləri hərtərəfli müzakirə edib.
Bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə edilib. Qeyd edilib ki, Müsavat
Partiyasının səlahiyyətli nümayəndələrinin siyahısının MSK-ya təqdim edilməsinə
baxmayaraq, MSK onların təsdiq edilməsini yubadır. Müsavat Partiyasının
Bələdiyyə seçkilərində partiya şəkilində iştirakına MSK tərəfindən bürokratik
baryerlər yaradılmasına qarşı etiraz bəyanatı qəbul edilib (bəyanatın mətni
KİV-lərə təqdim olunub).
2010-cu il üçün Dövlət Büdcəsi layihəsi də Divanda müzakirə olunan məsələlər
sırasında olub. Layihəyə görə büdcənin həcminin ciddi şəkildə azaldılması,
sosial yönümlü olmaması, qeyri-şəffaflığı və korrupsiyaya geniş imkanlar
yaratması qeyd edilib. Qərara alınıb ki, büdcə layihəsinin cəmiyyətdə geniş
müzakirəsini təşkil etmək üçün müəyyən tədbirlər keçirilsin.
Divan iki gənc bloggerin məhkəməsinin süni şəkildə uzadılmasını Adnan və Emini
məhkəmə qərarı olmadan cəzalandırmaq və ictimaiyyətin prosesə diqqətini azaltmaq
cəhdi kimi qətiyyətlə pisləyir, hakimiyyəti heç bir günahı olmayan bu iki gənci
azad etməyə və əsl günahkarları cəzalandırmağa çağırır.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 02 noyabr 2009-cu il, Bakı