MÜSAVAT QƏRARGAHINDAKI TƏDBİRDƏ SENSASİON
AÇIQLAMALAR
Rusiyanın Qarabağla bağlı gizli planının olduğu, Azərbaycanda gələn il
ciddi proseslərin baş verəcəyi açıqlandı
İsa Qəmbər: «Azərbaycan üçün yeni risklər, eyni zamanda yeni imkanlar yaranıb»
Dünən Müsavat Partiyasının təşkilatçılığı ilə «Cənubi Qafqaz bölgəsində
geopolitik durum: yeni risklər, yeni imkanlar» mövzusunda dəyirmi masa
keçirildi. Müsavat qərargahındakı tədbirdə Müsavat Partiyasının, AXCP-nin
rəhbərliyi və politoloqlar iştirak edirdi. Müsavat başqanı İsa Qəmbər
tədbirdə çıxış edərək Cənubi Qafqaz regionunda son vaxtlar bir sıra
istiqamətlərdə dəyişikliklərin olduğundan danışdı. O, bildirdi ki, bu dəyişiklik
Gürcüstanla Rusiya arasında 2008-ci ildə baş vermiş münaqişə ilə başlayıb və
hazırda Türkiyə-Ermənistan yaxınlaşması ilə davam edir: «Cənubi Qafqazda
geopolitik vəziyyət mürəkkəbləşməkdə davam edir. Azərbaycan üçün yeni risklər,
eyni zamanda yeni imkanlar yaranıb».
Müsavat başqanı belə bir məqamda Azərbaycan hakimiyyətinin balanslaşdırılmış
siyasətinin mənasız olduğunu vurğuladı. İ.Qəmbər bildirdi ki, hakimiyyət indiyə
qədər balanslı xarici siyasət yürütdüyünü bəyan edirdisə, artıq Azərbaycanın
faktiki olaraq Rusiyaya təslim olmasını təklif edən səslər hakimiyyət tərəfindən
ucalmaqdadır: «Bu, həddən artıq qorxulu tendensiyadır. Bu mövzularla bağlı fikir
mübadilələri keçirilməsi, cəmiyyətin məlumatlandırılması, cəmiyyətin mövqeyinin
ortaya qoyulması vacibdir».
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər məruzə ilə çıxış etdi. O
bildirdi ki, Kosovonun müstəqilliyinin ABŞ tərəfindən tanınmasından sonra
dünyada geopolitik proses əvvəlki hüquq normaları çərçivəsindən kənara çıxıb.
Müsavat başqanının müavini, professor Qabil Hüseynli isə Türkiyənin öz
ənənəvi müttəfiqləri ilə münasibətləri pozmaq xətti götürdüyünü bildirdi. O qeyd
etdi ki, Türkiyənin Cənubi Qafqazda, xüsusilə də Ermənistanda irəli çıxmaq şansı
azdır. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkə tam Rusiyanın
nəzarətindədir. ABŞ isə dünyada, o cümlədən Azərbaycanın yerləşdiyi regionda
superdövlət kimi təsirini zəiflədib: «Bunun planlı şəkildə, yoxsa Vaşinqtonun
iradəsindən asılı olmadan baş verməsi başqa müzakirə mövzusudur. Fakt budur ki,
hər hansı səbəbdən Amerikanın əvvəlki təsir imkanları zəifləyib. Çoxu heç vaxt
ağlından belə keçirməzdi ki, ABŞ Rusiya ilə az qala müttəfiq vəziyyətinə qədər
yaxınlaşar. Bu gün ABŞ-ın Rusiya ilə münasibətləri çox rəvandır. Amerika hətta
Çinlə də münasibətləri normallaşdırmağa çalışır. Bu istiqamətdə son vaxtlar çox
ciddi iqtisadi-siyasi addımlar atılıb. Bir sözlə, ABŞ superdövlət kimi təsirini
zəiflədib. Bu boşluğu Rusiya sürətlə doldurmaqdadır. Onu da deyim ki, bu,
prosesin bir razılaşma ilə bağlı olduğu sezilir. Bu cür geopolitik vəziyyət
sözsüz ki, Azərbaycana, Qarabağ probleminə də təsirini göstərir».
Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli yaranmış hazırkı geosiyasi
vəziyyətdə Azərbaycanın strateji seçiminin əvvəlki kimi birmənalı və aydın
görünmədiyindən danışdı: «Hesab edirəm ki, bölgədə Azərbaycan-Türkiyə-Gürcüstan
birliyi rəsmən yaranmalıdır. Bu, konfederasiya kodu altında da ola bilər. Bundan
sonra isə Azərbaycan Qarabağı hərbi yolla işğaldan azad etməlidir. Azərbaycan
Ermənistandan deportasiya olunmuş 200 mindən yuxarı azərbaycanlının öz dədə-baba
torpaqlarına qaytarılması və orada muxtariyyət verilməsi məsələsini
qaldırmalıdır. Bəyan edilməlidir ki, Ermənistan həmin azərbaycanlılara hansı
statusu verəcəksə, Azərbaycan da Dağlıq Qarabağda ermənilərə eyni statusu
verməyə hazırdır».
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycanın Türkiyə
ilə strateji münasibətlərinə xələl gəlib. Paralel olaraq da Rusiyanın
Azərbaycana təsiri güclənib: «Bu vəziyyət Azərbaycanın və Türkiyənin
zərərinədir. Prosesin bu şəkildə inkişafının qarşısı alınmalıdır».
Siyasi ekspert İbrahim Bayandurlu Rusiyanın Qarabağla bağlı konkret
projesinin olduğu haqda informasiyaya malik olduğunu dedi: «Bu proje heç də
məsələnin Azərbaycanın xeyrinə həllini nəzərdə tutmur. Rusiyanın parçalanması
başlamayınca, Azərbaycanın Qarabağda, Gürcüstanın Abxaziya və Osetiyada
suverenliyini bərpa etməsi mümkün görünmür».
İqtisadçı-ekspert Qubad İbadoğlu region ölkələrinin iqtisadi
vəziyyətindən danışdı: «Ermənistanda ilin sonuna çox ciddi iqtisadi tənəzzül
gözlənir. Gürcüstan da bu ilin sonuna iqtisadi tənəzzüllə gedir. Rusiya və
Türkiyədə də iqtisadi azalma sürətlə gedir. Azərbaycanda isə ümumi daxili
məhsulda artım prosesi gedir. Ermənistanın xarici borcları sürətlə artır.
2010-cu ilin ortalarında xarici borc fantastik dərəcədə artacaq. Türkiyə
sərhədləri açsa, Ermənistan iqtisadiyyatı və Türkiyədəki erməni mənşəli iş
adamları xeyir götürəcək. Türkiyədə erməni mənşəli iş adamlarının mövqeləri
güclənəcək ki, bu da gələcəkdə Türkiyə üçün risklər vəd edir. Azərbaycanda isə
iqtisadi böhran ciddi təsirini gələn il göstərəcək».
Politoloq Zəfər Quliyev Cənubi Qafqazda proseslərin ABŞ-ın projesi
əsasında getdiyini bildirdi: «Qarabağla bağlı ABŞ-la Rusiya arasında konsensus
olduğunu da söyləmək mümkündür. Təhlil apararaq deyə bilərik ki, yaranmış
vəziyyət region və Azərbaycan üçün yeni risklər və imkanlar yaradır».
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də Ermənistanda
iqtisadi vəziyyətin ağır olduğundan danışdı. O bildirdi ki, iqtisadiyyatının
çökməsi Ermənistan hakimiyyətini Türkiyə ilə məlum protokolları imzalamağa
məcbur edib: «Türkiyə protokolları aprelə qədər təsdiq etməsə, Ermənistanda
hakimiyyət dəyişikliyi baş verə bilər. Gələn il Azərbaycanda da ciddi proseslər
gedəcək. Xüsusilə demokratiya və seçki məsələlərində çox ciddi proseslər
olacaq».
AXCP sədri Əli Kərimli bildirdi ki, Türkiyənin Ermənistanla sərhədi
açması həm Türkiyənin özü, həm də Azərbaycan üçün riskli addım olar: «Türkiyə
protokolları imzaladıqdan sonra 2010-cu ilin aprelinə qədər bu ölkə üçün
əvəzedilməz imkan yaranıb. Türkiyə protokolları imzalamaqla ABŞ və Avropa
Birliyi qarşısında söz sahibi haqqına malik olub. Ortaya mövqe qoyub deyə bilər
ki, artıq Ankara addım atıb, bundan sonra Ermənistana təsir edilməlidir ki,
işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Türkiyənin Qarabağ məsələsinin
ədalətli həllinə kömək etmək üçün unikal imkan yaranıb. Türkiyə bu imkandan
istifadə edə bilər və etməlidir. Sözsüz ki, belə bir məqamda ABŞ Türkiyəyə,
Azərbaycana və Ermənistana təzyiq edəcək. Təhlükə odur ki, Azərbaycan
hakimiyyəti öz iqtidarını qorumaq naminə təzyiq qarşısında geri dursun. Bu,
qətiyyən yolverilməzdir. Hakimiyyət beynəlxalq təzyiq qarşısında zəif olsa,
Azərbaycan Qarabağ məsələsində zərbə ala bilər».
İ.Qəmbər sonda qısa çıxışla tədbirə yekun vurdu. O bildirdi ki, dünyanın artıq
bir qütbdən idarə olunmadığı haqda fikirlər yanlışdır: «Mən istəmirəm cəmiyyətdə
aldanışlar yaransın ki, guya çoxqütblü dünya formalaşır. Belə şey yoxdur. Dünya
hələ ki birqütblüdür və yaxın 50 ildə ABŞ-a qarşı rəqabət yarada biləcək
qüvvənin olacağı, dəyişiklik gözlənilmir. ABŞ hamıya şərait yaradır ki,
maraqlarınızı, imkanlarınızı ortaya qoyun. Bu, təsir imkanlarının zəifləməsi
deyil».
İ.Qəmbər Azərbaycanın strateji seçiminin Avropa, Qərb olduğundan başqa yol
görmədiyini vurğuladı.
Etibar SEYİDAĞA, "Yeni Müsavat", 02 dekabr, 2009
Müxalifət bölgədəki gəlişmələri müzakirəyə
çıxardı
“Ermənistanla Rusiya təzyiqlərə duruş gətirərlərsə, növbəti hədəf
Azərbaycan olacaq”
“Cəmiyyəti zəiflədilmiş Azərbaycanın təzyiqlər qarşısında nə dərəcədə duruş
gətirə biləcəyi sual altındadır”
Dünən Müsavat Partiyasının təşəbbüsü ilə regionumuzda baş verən son geosiyasi
hadisələrlə bağlı dəyirmi masa keçirilib. Partiya qərargahında baş tutan tədbirə
ictimai-siyasi xadimlər, politoloqlar, tanınmış jurnalistlər qatılmışdılar.
Tədbir iştirakçıları Cənubi Qafqazda cərəyan edən son hadisələrə münasibət
bildirməklə yanaşı Azərbaycan qarşısında açılan yeni imkanlar və ölkəmizi
gözləyən risklərə də toxundular.
Tədbiri giriş sözü ilə açan Müsavat Partiyasının başqanı İsa Qəmbər
bildirdi ki, tədbirin keçirilməsinin məqsədi bölgəmizdə yaranan vəziyyəti birgə
dəyərləndirməkdir. Cənubi Qafqazda geosiyasi durumun hər ötən il daha da
mürəkkəbləşdiyini deyən İ.Qəmbər hesab edir ki, proseslərin dönüş nöqtəsi
Rusiyanın Gürcüstana hücumu oldu: “Rusiyanın Gürcüstana təcavüzü ilə başlayan
regionumuzdakı dəyişikliklər daha sonra Türkiyə ilə Ermənistan arasında
münasibətlərin normallaşması ilə davam etdi. İranın isə son zamanlar kütləvi
qırğın silahına sahib olmaq istiqamətindəki addımları da onu regionun bir
subyekti kimi gündəmə gətirdi. Bu baxımdan bölgədə vəziyyət kifayət qədər
qəlizdir. Və bu durum Azərbaycana yeni imkanlarla yanaşı, yeni risklər də açır.
Ölkəmizin inkişafı üçün ən məqbul yolun Avroatlantik məkana inteqrasiya olsa da,
hakimiyyət düşərgəsindən son zamanlar Rusiyaya meyillənmə hiss olunur. Bu isə
hazırkı durumda olduqca təhlükəlidir. Ona görə də düşünürəm ki, cərəyan edən
proseslərə cəmiyyətin mütləq reaksiyası olmalıdır. Bilinməlidir ki, Azərbaycan
hakimiyyəti öz xarici siyasətini necə quru və bu siyasət vektoru nə dərəcədə
səmərəlidir?”
Beynəlxalq normaların süqutu
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər hesab edir ki, əsas diqqəti
Gürcüstan olaylarından sonra baş verənlərə çəkmək lazımdır. Qərb Kosovanın
müstəqilliyini tanıyandan sonra Rusiyanın buna cavab addım atacağının əvvəlcədən
proqnozlaşdırıldığını deyən S.Əkbər əlavə etdi ki, Cənubi Osetiya və Abxaziyanın
tanınması Kremlin cavab reaksiyası idi: “Artıq Kosovanın müstəqilliyinin
tanınması, Rusiyanın Gürcüstana təcavüz edərək onun subyektlərinin müstəqil elan
etməsi İkinci Dünya müharibəsindən sonra qəbul olunan beynəlxalq normaların
dəyişməsi demək oldu. Həmin dövrdə də ABŞ-ın Gürcüstanı yetərincə müdafiə edə
bilməməsi, Kremlin əlinə əlavə təbliğat imkanları verdi. Bu tendensiya bir növ
Qərbin regiondakı nüfuzuna zərbə oldu”. Gürcüstan olaylarından sonra ümumilikdə
postsovet məkanında avtoritarizmin möhkəmlənməyə başladığını deyən S.Əkbər
vurğuladı ki, bu meyl öz növbəsində Rusiya ilə bir sıra ölkələrin yaxınlaşmasına
səbəb oldu. Türkiyə ilə Ermənistan arasında yaşananların da regionda baş verən
proseslərə sarsıdıcı təsir etdiyini deyən S.Əkbər vurğuladı ki, Türkiyənin yeni
strategiyasının əsasını bir vaxtlar Osmanlı coğrafiyasına daxil olan ərazilərə
Ankaranın nüfuzunun yenidən yayılması təşkil edir: “Türkiyənin hazırda yürütdüyü
xarici siyasəti ABŞ dəstəkləyir. Bu isə öz növbəsində Türkiyəyə yeni əlverişli
imkanlar açmaqla yanaşı, bu dövləti bir sıra risklər qarşısında zəiflədir. Eyni
zamanda yaranan vəziyyət Cənubi Qafqaz ölkələrini strateji seçim etməyə vadar
edir. Artıq belə bir seçimi Ermənistan və Gürcüstan edib. Yeganə seçimi etməyən
Azərbaycandır ki, bu addımın da yubunması, qeyri-müəyyənliyin davamı Azərbaycana
yaxşı heç nə vəd etmir. Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığa
dırnaqarası baxması və perspektivdə bu qurumlara inteqrasiyanın görünməməsi
milli maraqlara uyğun siyasət deyil”.
Balanslaşdırma əslində birmənalı güzəşt siyasətidir
“Yaxın zamanlara qədər elə düşünülürdü ki, bölgədə əsas mübarizə Rusiya ilə ABŞ
arasında gedir. Amma hazırda Rusiya ilə ABŞ arasında münasibətlər olduqca
rəvandır. Hətta ABŞ-ın Çinlə də münasibətləri normallaşır. Amerika büdcə
kəsirini qapamaq üçün 1 trilyon dolları məhz Çindən alıb”. Bu sözlər Müsavat
funksioneri Qabil Hüseynliyə məxsusdur. ABŞ-ın istər Cənubi Qafqazda,
istərsə də Orta Şərqdə siyasətini Türkiyəyə həvalə etdiyini deyən Q.Hüseynli
bildirdi ki, burada müəyyən həqiqət olsa da, Türkiyənin tam ABŞ-ın istəyi ilə
hərəkət etdiyini demək olmaz. Azərbaycanı düşündürən əsas problemin həllinin
hələ görünmədiyini vurğulayan Q.Hüseynli problemin həllinin daha çox Rusiyanın
mövqeyindən asılı olduğunu düşünür.
“Əhrar” Partiyasının sədri Vaqif Hacıbəyli isə bildirdi ki, iqtisadi
böhranın ABŞ-a ciddi təsir etməsi onun dünyadakı siyasətindən də yan keçməyib.
Azərbaycan hakimiyyətini neçə illərdir apardığı balanslaşdırma siyasətinin
əslində birmənalı güzəşt siyasəti olduğunu deyən V.Hacıbəyli hesab edir ki,
regiondakı bir çox problemilərin həlli regional inteqrasiyadan keçir. Bu
inteqrasiyanın subyektləri isə Gürcüstan, Türkiyə, Azərbaycan olmalıdır. Partiya
sədrinin fikrincə, Ermənistanın yürütdüyü siyasət onun bu inteqrasiyanın tərkibi
olmasını qeyri-mümkün edir.
Sərhədlər açılandan sonra Ermənistan daha da aqressivləşəcək
Hakimiyyətin son addımlarının Azərbaycanı gözləyən risklər qarşısında aciz
etdiyini düşünən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd etdi ki, əsas
təhlükələr Qarabağın taleyilə bağlıdır. Cərəyan edən hadisələrin fonunda
Türkiyənin Qarabağ siyasətində dəyişikliklər etməsinin sevindirici məqam
olduğunu vurğulayan AXCP yetkilisi əlavə etdi ki, bununla belə
Türkiyə-Ermənistan sərhədlərinin açılması olduqca həssas məsələdir. Çünki
sərhədlər açılandan sonra heç bir güzəştə getməyən Ermənistanın mövqeyi daha da
aqressivləşə bilər. ABŞ-ın Türkiyəyə ilə münasibətləri fonunda regionumuzda baş
verən proseslərə də toxunan sədr müavini son hadisələrin təsadüf olmadığını
vurğuladı. “Türkiyə Orta Şərq açılımını ABŞ-ın verdiyi mandatla həyata keçirir.
Bu xarici siyasət vektoru Obama dövründə vüsət almağa başlayıb. Bu dönəmdə ABŞ
Orta Şərqdə İsrail vasitəsilə maraqların doğrulmasından əl çəkdi. Çünki bu yol
ABŞ-ı müsəlman dünyası ilə qarşıdurmaya aparır”, deyə F.Qəhrəmanlı qeyd etdi.
Türkiyənin Qarabağ probleminin həlli istiqamətində atdığı addımların fonunda
Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin olduqca yanlış olduğunu vurğulayan
AXCP yetkilisi bayraq böhranının türk cəmiyyətində təəssüf hissiylə
qarşılandığını söylədi: “Sanki Azərbaycan hakimiyyəti hər vəchlə Türkiyəni
özündən uzaqlaşdırmağa, münasibətləri gərginləşdirməyə çalışır. Bu isə hazırkı
dönəmdə olduqca riskli addımdır. Çünki müttəfiqlə münasibətlər daha da
sıxlaşdırılmaq əvəzinə, korlandırılır”.
İqtisadçı Qubad İbadoğlu isə bölgədə cərəyan edən proseslərin iqtisadi
tərəflərinə toxundu. Bölgədəki vəziyyəti iqtisadi baxımdan xarakterizə edən
Q.İbadoğlu bölgə ölkələrinin iqtisadi vəziyyətinin heç də ürəkaçan
qiymətləndirmir: “Cənubi Qafqaz ölkələri arasında ən pis iqtisadi durum
Ermənistandadır. Müqayisə üçün deyim ki, Ermənistanla, Gürcüstanın birgə Ümumi
Daxili Məhsulu Azərbaycandakından azdır. Buna görə isə biz daha çox neftimizə
minətdar olmalıyıq. Azərbaycana gəlincə isə hakimiyyət yetkililəri böhranın
Azərbaycana təsir etmədiyini bildirsələr də, bu reallıqdan uzaqdır. Düşünürəm
ki, Azərbaycan iqtisadi böhranın təsirini daha çox gələn il hiss edəcək. Hazırda
bu təsirin ilkin simptomları hiss olunmaqdadır. Məsələn Azərbaycana yatırılan
xarici investisiya durmadan azalır. Məsələn, Türkiyə-Ermənistan münasibətlərində
yaxınlaşma yaşanandan sonra ölkəmizdəki türk şirkətlərinin sayı 1261-dən 500-ə
enib”. Türkiyə-Ermənistan sərhədlərinin açılmasının sonuncuya bir sıra iqtisadi
dvidentlər verəcəyini deyən iqtisadçının sözlərinə görə, sərhədlər açılandan
sonra iki ölkə arasındakı ticarət dövriyyəsi, 3 dəfə artıb üç yüz min dollar
təşkil edə bilər.
Qarabağ probleminin həlli üçün yeni imkanlar
Politoloq Zəfər Quliyev müzakirəyə çıxarılan mövzunun aktual olduğunu
bildirərək, əlavə etdi ki, Cənubi Qafqazda cərəyan edən prosesləri bir neçə
konteksdən təhlil etmək olar. Ümumiyyətlə hazırda cərəyan edən proseslərin
qloballaşan dünyanın bir təzahürü olduğunu düşünən Z.Quliyevin sözlərinə görə,
proseslər ABŞ-ın vahid ssenarisi ilə həyata keçirilir: “Türkiyənin regionda
fəallaşması ABŞ-ın qlobal procesidir. Bölgədə yürüdülən siyasət ölkəmizə yeni
risklərlə yanaşı yeni imkanlar da yaradır. Bu baxımdan hesab edirəm ki, Qarabağ
probleminin həlli üçün hazırda real şans yaranıb. Amma bu imkanlardan istifadə
etmək üçün yeni oyun qaydalarına uyğun hərəkət etmək lazımdır. Hazırda
Azərbaycan hakimiyyəti daxilindəki rusiyapərəst qüvvələrin aktivləşməsi təsadüfi
deyil. Çünki onlar bölgədə yeni iqlimin yarandığını dərk edirlər”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də hesab edir ki,
Azərbaycan daxilindəki problemlərin həlli Avrointeqrasiya ilə sıx bağlıdır.
M.Əliyev də hesab edir ki, Azərbaycan hakimiyyətinin daxili proseslərə və
islahatlara qarşı çıxması da məhz bununla bağlıdır.
Azərbaycan ciddi zərbə ala bilər
Ekspertlərin regionda cərəyan edən prosesləri birmənalı qiymətləndirmədiyini
deyən AXCP sədri Əli Kərimli bildirdi ki, bu gün dünyanın heç bir
yerində, o cümlədən Cənubi Qafqazda konsensus yoxdur. Türkiyə ilə ABŞ-ın
regiondakı problemləri hazırda həll etməyə çalışdığını deyən Ə.Kərimli vurğuladı
ki, bu problemlərin həlli region üçün yeni imkanlar aça bilər: “Türkiyə
hökumətinin son addımları heç şübhəsiz Türkiyə üçün bir riskdir. Çünki buna
qədər də Türkiyə hökumətinə təzyiqlər olsa da, Ankara bu problemlərin tam
çözülməsinə çalışmayıb. Türkiyə hökumətinin addımları həm türk xalqının özünə
qarşı münasibətini dəyişə bilər, həm də onu Azərbaycan kimi strateji müttəfiqdən
edə bilər. Türkiyə hazırda ondan tələb olunanları edib və bu gün üçün Türkiyə
Qarabağ probleminin həllinə heç zaman olmadığı qədər yardım edə bilər. Hazırda
Türkiyə və Qərb çalışır ki, bu proses yarımçıq qalmasın. Ona görə də Azərbaycan,
Ermənistan və Rusiyaya qarşı təzyiqlər artacaq. Elə Azərbaycan üçün riskli məqam
da buradadır. Çünki təzyiqlərə Ermənistanla Rusiya duruş gətirərlərsə, növbəti
hədəf Azərbaycan olacaq. Cəmiyyəti zəiflədilmiş Azərbaycanın isə təzyiqlər
qarşısında nə dərəcədə duruş gətirə biləcəyi sual altındadır”.
Azərbaycanın yaranmış durumda ciddi zərbə ala bilməsini istisna etməyən
Ə.Kərimli bildirdi ki, cərəyan edən proseslərdə əsas məqsəd Qarabağı Azərbaycana
qaytarmaq yox, problemin həllidir. Azərbaycan hakimiyyətinin hazırkı xarici
siyasət kursunun maraqlarımıza cavab vermədiyini deyən Ə.Kərimli hesab edir ki,
Avroatlantik məkana inteqrasiya Azərbaycanın həm demokratik inkişafına, həm də
təhlükəsizliyinə təminatdır: “Hazırkı haikmiyyətin yürütdüyü balanslaşdırma
siyasətinin məqsədi sülalə hakimiyyətinin iqtidarda qalmasıdır. Ona görə toplum,
siyasi partiyalar, mətbuat olaraq avroatlantik məkana inteqrasiyanın
sürətlənməsinə çalışmalıyıq. Eyni zamanda Qarabağa ola biləcək təhlükələrin
qarşısını almaq üçün daxildə müqavimət formalaşdırmalıyıq”.
Xəyal, "Azadlıq", qəzeti, 2 Dekabr, 2009
http://azadliq.az/?p=40136