MÜSAVAT BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İŞTİRAK
QƏRARI VERDİ
İsa Qəmbər Türkiyə-Azərbaycan münasibətləri, partiyanın seçkilərə
qatılmasını zəruri edən məsələlər haqda geniş nitq söylədi
Dünən Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirildi. Məclisin
toplantısında yenicə Türkiyəyə səfərdən qayıdan partiya başqanı İsa Qəmbər də
iştirak edirdi. Müsavatın himninin oxunması ilə açıq elan edilən iclasda Məclis
sədri Sülhəddin Əkbərin təklifi ilə Neft Akademiyasındakı dəhşətli hadisənin
qurbanları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra S.Əkbər Məclisin
gündəliyi barədə məlumat verdi. Bir sıra aktual məsələlərlə yanaşı, gündəlikdə
dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə münasibət də var idi.
Müsavat başqanı İsa Qəmbər geniş nitqində öncə aprelin 30-da baş vermiş dəhşətli
faciədən təəssüfünü ifadə etdi: “Gənclərimizin, ağsaqqal müəllimlərin, yaşlı
insanların qanlı terror olayında həyatını itirməsi böyük faciə, hamımızı üzən
bir hadisədir. Allah bu hadisədə bütün həyatını itirənlərə rəhmət eləsin,
yaralananlara şəfa versin. Müsavatın bəyanatında deyildiyi kimi, əgər hakimiyyət
bu hadisəni önləyə bilməyibsə, hadisə zamanı kifayət qədər operativlik
göstərilməyibsə, - nə hadisə yerində, nə də cəmiyyətin, insanların
bilgiləndirilməsi baxımından - təbii ki, xeyli suallar yaranıb. Görünür elə məhz
bu suallar da bütün cəmiyyəti, o cümlədən gənclərimizi, tələbələrimizi narahat
edib. Onlar son günlər etiraz aksiyaları keçirərək öz mövqelərini ifadə ediblər.
Gənclərimizin keçirdiyi aksiyalar bizim gəncliyimizin - bəzən narazılıq eləsək
də - sağlam mövqeyinin olduğunu və lazım gələndə səsini ucaltmağını göstərən bir
hadisə oldu. Biz də hakimiyyəti heç olmasa indi cinayəti doğru-düzgün araşdırıb
nə baş verdiyini dəqiq müəyyənləşdirməyə çağırırıq. Hadisənin təşkil
olunmasında, həyata keçirilməsində neçə insan iştirak edib, kimlər iştirak edib,
burada hansı qüvvələr var, bunun hamısının müəyyənləşdirilməsini və cəmiyyətə
tam bilgi verilməsini tələb edirik”.
İsa Qəmbər partiyanın bu mərhələdəki vəzifələrini müəyyənləşdirmək üçün mövcud
duruma qısa nəzər salmağa ehtiyac olduğunu söylədi və fikirlərini bölüşdü. Son
aylar dünyada, regionda və Azərbaycanda dəyişikliklərin olduğunu vurğulayan
Müsavat başqanı dedi ki, dünya miqyasında ən önəmli hadisə böhranın
dərinləşməsidir: “Böhranın dərinləşməsi də Azərbaycan kimi sağlam iqtisadiyyatı,
sağlam iqtisadi siyasəti olmayan ölkələrə daha sarsıdıcı zərbələr vurmaqdadır.
Regional miqyasda isə Rusiyanın Gürcüstana təcavüzündən sonra bölgədə yaranmış
tendensiyalar dərinləşib, xeyli dərəcədə aydınlaşıb. Bu prosesdə iştirak edən
müxtəlif qüvvələrin yanaşmaları ortaya qoyduğu ideyalar diqqəti cəlb edir. Bütün
bunlar da Azərbaycanın taleyindən yan keçə bilməz və Azərbaycandakı vəziyyətə,
proseslərə birbaşa təsir edir”. Müsavat başqanı Türkiyə-Ermənistan münasibətləri
istiqamətində cəhdlərə toxundu. Bildirdi ki, bu məsələ ətrafında Azərbaycan və
Türkiyə arasında münasibətlərin gərginləşməsi narahatçılıq doğurur: “Birincisi,
aydın məsələdir ki, Türkiyənin Ermənistanla sərhədləri açmağa, diplomatik
münasibətləri bərpa etməyə hazırlaşması Azərbaycan cəmiyyətində bir şok effekti
yaratdı. Çünki doğrudan da Azərbaycanın bu haqlı mübarizəsində Türkiyədən başqa
gerçək bir müttəfiqinin olmadığı hər birimizə bəllidir və belə bir mərhələdə
Türkiyənin də fərqli mövqe göstərməyə başlaması təbii ki, cəmiyyətdə suallar
yaratmaya bilməzdi. Ancaq bunun həlli yolu münasibətlərin pozulmasından keçmir.
Əksinə, Türkiyə və Azərbaycan hakimiyyət dairələrinin, cəmiyyətlərinin daha sıx
məsləhətləşməsi, danışması, müzakirələrdən keçirməsi, ortaq mövqe
formalaşdırılmasından keçir”. Müsavat başqanına görə, Türkiyənin irəli sürdüyü
şərtlərin heç birinin Ermənistan tərəfindən qəbul olunmadığı halda sərhədlərin
açılması təəccüblü görünür: “Bu, hətta Türkiyə ilə dünyanı idarə eləyən güclərin
müstəvisində müzakirə olunan bir məsələ olsa belə, aydın bilinməlidir ki,
Türkiyə nə üçün bunu edir, nəyə görə bu addımları atmaq məcburiyyətində olduğunu
nümayiş etdirir?”
İsa Qəmbər rəsmi Bakının da öz üzərinə düşən vəzifələri yerinə yetirmədiyini
bildirdi: “İstənilən halda Azərbaycan tərəfinin, hakimiyyət dairələrinin elə bil
yaranmış vəziyyətdən bir bəhanə kimi istifadə etməyə cəhd göstərməsi, belə bir
mərhələdə Rusiya tərəfə meyl eləməsi, Türkiyəyə qarşı bir sıra yanlış addımlar
atılması açıq-aydın özünü göstərir və bizi narahat eləməyə bilməz. Xüsusən də
Türkiyə ilə münasibətlərə yenidən baxıb, Rusiya ilə münasibətləri üst səviyyədə
inkişaf etdirmək meyli təbii ki, Azərbaycanın maraqlarına cavab verən bir şey
deyil. Aydın məsələdir ki, yaranmış vəziyyətin məsuliyyəti Türkiyə və
Azərbaycanın üzərində deyil. İşğalı Erəmənistan həyata keçirib, onun arxasında
dayanan Rusiyadır. Müəyyən formalarda bu işğaldan razı qalan, vəziyyətin davam
etməsində maraqlı olan İrandır. Məsələdə obyektiv mövqe tutmayan, tərəflərə
ədalətli yanaşmayan dünya, beynəlxalq birlik, beynəlxalq təşkilatlardır. Türkiyə
və Azərbaycan isə bu məsələlərdə bir baxış ortaya qoymağa, birgə qərarlar almağı
nümayiş etdirməlidir”.
Müsavat başqanının sözlərinə görə, məsələyə həddindən artıq sakit, təmkinli
yanaşılmalıdır: “Türkiyənin də məqsədlərini və hədəflərini maksimum başa düşməyə
çalışmaq lazımdır. Bir məsələ də açıq-aydın görünür ki, Azərbaycan hakimiyyəti
bunda maraqlı deyil. Bir həftədir Türkiyənin baş naziri Azərbaycana gəlmək
fikrində olduğunu bildirir, ancaq bu səfər baş tutmayıb. Əgər bir ölkənin baş
naziri açıq şəkildə digər ölkəyə gəlmək istədiyini bildirirsə, bir həftə ərzində
bu səfər baş tutmursa, deməli, bu biri tərəf səfərin baş tutmasında, söhbətlərin
açıq getməsində maraqlı deyil. Azərbaycanın dövlət başçısı Avropada deyir ki,
"yol xəritəsi" barədə bizə ziddiyyətli məlumatlar çatır, biz sadə suallarımıza
sadə cavablar istəyirik. Bizdə də belə sual yaranır ki, axı, sizdə, Azərbaycan
hökumətində suallar varsa, bu sualları Avropada niyə səsləndirirsiniz? Niyə
Türkiyə ilə bu sualları açıq şəkildə danışıb məsələyə nöqtə qoymağa maraqlı
görünmürsünüz? Türkiyə ilə danışın, şərait yaradın Türkiyənin baş naziri gəlsin,
suallarınızı ona verin".
İ.Qəmbər onu da dedi ki, Türkiyə-Ermənistan sərhədlərinin açıq, ya qapalı olması
öz-özlüyündə heç nəyi həll etmir: “Sərhədlər 16 ildir ki, bağlıdır. Bu 16 ildən
istər Türkiyə, istərsə də Azərbaycan lazımınca istifadə edə bilibmi? Sərhədlərin
bağlı olmasının strateji hədəfi var idisə, bu hədəfə çatılıbmı? Bundan sonra
sərhədlər bağlı qalacaqsa, Azərbaycan və Türkiyə nə etmək fikrindədir? Bu
sualların cavabları tapılmalıdır. Gündəlikdə sərhədlərin açılması ideyası varsa,
Azərbaycan və Türkiyə birlikdə düşünməlidir ki, sərhədlər nəyə görə açılır və
açılacaqsa, bizim bu məsələdən qazancımız nə olacaq? Məncə, yaxın zamanlarda
Qarabağ probleminin həlli real görünmədiyi kimi, Ermənistanla Türkiyənin
arasındakı sərhədin açılması da real görünmür. Çünki bu, bölgədə imkanlarını
saxlayan Rusiyanın maraqlarına cavab vermir. Rusiya sərhədlərin açılmasına
maraqlı deyil”. Müsavat başqanı qeyd etdi ki, Rusiya mövqeyini açıq şəkildə
ifadə edə bilmədiyi üçün Azərbaycanın vasitəsilə istəyinə nail olmağa, üstəlik
də Bakı ilə Ankara arasındakı münasibətləri pozmağa çalışır.
Müsavat başqanı daha sonra mart ayında keçirilən referendumda partiyanın
fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, ölkə üzrə öz xoşu ilə səsverməyə
gələnlərin sayının 5 faizdən çox olmadığını bildirdi. Ardınca isə dekabrda
keçiriləcək bələdiyyə seçkilərindən danışdı: “Biz bələdiyyə seçkilərini ölkədə
önəmli bir ictimai-siyasi hadisəyə çevirmək əzmində olmalıyıq. Bununçün
seçkilərdə ayrı-ayrı fərdlər şəklində yox, partiya siyahısı ilə iştirakın daha
məqsədəuyğun olduğu fikrindəyik. Çünki əgər mövcud bələdiyyələrin yarısından
çoxunda biz namizəd irəli sürə bilsək, bələdiyyə seçkilərinə bütöv bir siyahı
ilə girə bilsək, yenə də dövlət seçkilərdə öz siyahısı ilə iştirak edən
partiyalara efir vaxtı verməlidir, mitinqlər, görüşlər keçirmək imkanı
yaratmalıdır. Yəni bu, ümumölkə miqyaslı bir siyasi kampaniya ola bilər. Necə
ki, referendumda biz bu məsələni sınaqdan keçirtdik və deyilənə görə,
televiziyada müxalifət liderlərinin görünməsi ölkədəki ictimai situasiyaya
kifayət qədər müsbət təsir edib”. İ.Qəmbərə görə, Vahid Vətəndaş Hərəkatı blok
kimi seçkilərdə iştirak edə bilər: “Ancaq bizim bir yox, bir neçə siyahı ola
bilər ki, bir neçə müxalifət təşkilatı, partiyası bələdiyyə seçkiləri zamanı
efir vaxtından, televiziyanın, qəzetlərin imkanlarından istifadə eləyə bilsin”.
İ.Qəmbər dedi ki, bələdiyyə seçkiləri ilə bağlı müəyyən sualların yaranacağını
da istisna etmədi: “Sual səslənə bilər ki, prezident seçkilərini boykot
edirsiniz, ancaq bələdiyyə seçkilərində iştirak barədə düşünürsünüz, nə dəyişib?
Təbii biz onu da deyə bilərik ki, prezident seçkisi sırf hakimiyyət məsələsidir
və bir nəfərin prezident vəzifəsinə gəlməsindən söhbət gedir. Ancaq bələdiyyə
seçkiləri minlərlə, bəlkə on minlərlə bələdiyyə üzvünün seçilməsinə şərait
yaradır. Burda istənilən nəticə özü resursların əldə edilməsi deməkdir. Vacib
deyil ki, 20 mindən çox bələdiyyə üzvü yerinin hamısında müsavatçı, ya
müxalifətçi olsun. Ancaq onların önəmli bir hissəsində müsavatçıların,
müxalifətçilərin olması özü müsbət bir hadisə ola bilər. Digər tərəfdən biz
demokratikləşdirmək uğrunda mübarizəmizi dayandırmaq fikrində deyilik, əksinə,
bələdiyyə seçkisində iştirak qərarımız ölkədəki siyasi mühitin dəyişməsi ilə
bağlı konkret istiqamətləri də qüvvədə saxlayır, aktuallaşdırır. Söhbət söz və
mətbuat azadlığının bərpası, qorunması istiqamətində fəaliyyətdən, sərbəst
toplaşma azadlığının bərpasından, parlament və bələdiyyə seçkilərində
proporsional seçki sisteminin tətbiq olunmasından gedir. Eyni zamanda seçki
komissiyalarının tərkibi məsələsi yenə gündəmə gətiriləcək bizim tərəfimizdən,
bələdiyyələrin statusunun artırılması, Bakı şəhərində bələdiyyə seçilməsi,
rayonlarda, şəhərlərdə bələdiyyə sədrinin birbaşa xalq tərəfindən seçilməsi
tələbi gündəmdə olacaq, partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi
bir daha tələb olunacaq”.
Gündəlikdəki məsələlər barəsində çıxışlar dinlənildikdən sonra Məclis Müsavat
Partiyasının bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak
etməsinə dair qərar qəbul etdi. Qərarda real müxalifət partiyalarının, “Qarabağ
və Respublika Uğrunda Vətəndaş Hərəkatı” çərçivəsində geniş koalisiyanın
yaradılması istiqamətində səylərin artırılması da əksini tapır. Bundan əlavə
Müsavat Partiyasının Məclisi “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun
referendumun nəticələrinə dair rəyini təsdiqlədi, Bakıda baş verər qanlı faciə,
o cümlədən regiondakı mövcud durumla bağlı bəyanat qəbul etdi.
“Yeni Müsavat”, 03 may, 2009, Hazırladı: E.PAŞASOY
http://www.musavat.com/site/shownews.php?news_id=52435
İSA QƏMBƏR HAMINI
HADİSƏYƏ SƏS VERMƏYƏ ÇAĞIRDI
“Türk xalqı Türkiyə nümayəndəsinə 12 bal verməməyimizdən çox ciddi şəkildə
inciyə bilər”
“Müsavat Partiyası bu yaxınlarda Moskvada keçiriləcək "Eurovision" yarışmasına
diqqətlə yanaşmalıdır. Bütün Azərbaycan Türkiyə nümayəndəsinin çıxışına yaxşı
səs verməlidir ki, Azərbaycandan mahnı müsabiqəsinə 12 bal getsin. Türkiyədəki
qardaşlarımızdan da Azərbaycanın nümayəndəsinə 12 bal gözləyirik".
Bu fikirləri Müsavat Partiyası başqanı İsa Qəmbər dünən partiya Məclisinin
toplantısında söyləyib. O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə
vətəndaşları çox həssas və emosional insanlar olduğu üçün qarşıdakı musiqi
yarışmasına xırda məsələ kimi yanaşmaq olmaz: “Türkiyə bizim Quzey Kıprısı
tanımamağımıza dözə bilər, ancaq türk xalqı Türkiyənin nümayəndəsinə 12 bal
verməməyimizdən çox ciddi şəkildə inciyə bilər. Azərbaycan xalqı da bəlkə də
Türkiyə-Ermənistan sərhədlərindən daha artıq dərəcədə Türkiyə xalqının
Azərbaycan nümayəndəsinə səs verməməsindən ciddi şəkildə inciyə bilər. Bu
psixoloji məqamı nəzərə almaq lazımdır. Mən inanıram ki, mahnı festivalı
keçirilən günlərdə Azərbaycandan Türkiyə nümayəndəsinə, Türkiyədən də Azərbaycan
nümayəndəsinə tam dəstək veriləcək”.
Xatırladaq ki, “Eurovision” yarışmasında Azərbaycanı Aysel Teymurzadə və əslən
Güney Azərbaycan türkü olan Arəş, Türkiyəni isə müğənni Hadisə təmsil edəcəklər.
Elşad PAŞASOY, “Yeni Müsavat”, 03 may, 2009