Partiyaların növbəti toplantısı

Bu gün Müsavat Partiyasının qərargahında “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatına daxil olan partiyaların növbəti toplantısı keçirilib.
Toplantıda bələdiyyə seçkilərinə hazırlığın gedişi geniş müzakirə edilib. Toplantıda həmçinin avtoritar və korrupsioner iqtidarın daxili siyasətdə yol verdiyi bir sıra qanunsuzluqlara diqqət yetirilib. Vətəndaş Hərəkatı ombudsmanla bağlı mövcud qanunun kobud surətdə pozulmasını, ombudsmanın yalnız bir dəfə seçilməsi ilə bağlı müddəanın ləğvinin faktiki olaraq Azərbaycanda ombudsmanlıq institutunun mahiyyətini dəyişdiyini və demokratikləşmədə rolunu azaldacağını vurğulayıblar. Bu fakt ölkədə insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaradacaq.

Vətəndaş Hərəkatı son zamanlar Azərbaycan Milli Ordusunda baş verən hadisələri müzakirə edərək, Azərbaycanda dinc dövrdə orduda xidmət edən əsgər itkisinin çox olmasını, ordunun təchizatında ciddi cinayət xarakterli nöqsanlardan, zabitlərin əsgərləri öz xüsusi məqsədləri ilə istifadə etdiyini və bunun da ağır nəticələrə gətirib çıxardığını nəzərə alaraq Milli Orduda yaranmış vəziyyətin təhlükəli istiqamətdə inkişaf etdiyini bildirir və bununla bağlı təxirəsalınmaz addımlar atılmasını zəruri hesab edir.

Vətəndaş Hərəkatı son vaxtlar Azərbaycanda, xüsusilə Bakı şəhərində müxtəlif bəhanələr altında dini ibadət yerlərinin bağlanması, sökülməsi və dindarların birgə ibadətinə imkan verilməməsini ölkəmizin Konstitusiyasında da əksini tapmış vicdan azadlığı prinsipinin məhdudlaşdırılması kimi qiymətləndirir və iqtidarı bu cür addımlar atmaqdan çəkinməyə çağırır.

isagambar.az, 03 iyun 2009-cu il, Bakı