Müsavat Partiyasının
b ə y a n a t ı

Dünya maliyyə böhranı bütün sahələrdə olduğu kimi əhalinin alıcılıq qabiliyyətinə də ciddi təsir göstərmişdir. Dərinləşməkdə olan inflyasiya, iş yerlərinin ixtisarı bu prosesi daha da sürətləndirməkdədir. Bu isə öz növbəsində istehlak bazarındakı məhsulların və xidmətlərin qiymətinə ciddi təsir göstərməkdə və onların qiymətinin sürətlə aşağı düşməsində biruzə verir. Dünya böhranının Azərbaycana da təsirinin getdikcə daha ciddi surətdə hiss olunmağa başladığı bir vaxtda oxşar proseslərin Azərbaycanda baş verməsinin şahidi olmuruq. Bu xüsusilə enerji daşıyıcılarına, ərzaq məhsullarına, bir sözlə ilkin tələbat məhsullarına daha çox aiddir. Enerji istehsalçısı olmayan bir çox ölkələrdə əhaliyə satılan yanacaq məhsullarının, elektrik enerjisinin və qazın, eləcə də ilkin tələbat mallarının qiymətinin aşağı düşməsi meyllərinin müşahidə edildiyi halda, neft və qaz ölkəsi olan Azərbaycanda ucuzlaşmanın olmaması təəccüb doğurmaqdadır.

Müsavat Partiyası bütün bunların kökündə hakimiyyətin yeritdiyi səmərəsiz iqtisadi siyasətin dayandığını hesab edir. Belə ki, iqtisadiyyatın bütün sahələrində hökm sürən inhisarçılıq və korrupsiya sistemi daxildə qiymətlərin bazar sisteminin qanunlarına uyğun olaraq tənzimlənməsinə imkan vermir. Hakimiyyətdə təmsil olunan iri maliyyə oliqarxlarının maraqlarına da uyğun gələn bu talançı siyasət xalqın daha da yoxsullaşmasına gətirib çıxarır.

Müsavat Partiyası bir daha bəyan edir ki, ölkədə yüksək qiymətlərin subyektiv və iradi qərarlarla qorunub saxlanılması bir ovuc inhisarçı təbəqənin maraqlarına xidmət etməklə əhalinin böyük hissəsinin sürətlə yoxsullaşmasına və səfalətə sürüklənməsinə xidmət edir. Biz partiya olaraq əsaslandırılması mümkün olmayan bu xalqa zidd qiymət siyasətinin dayandırılmasını və bazar qanunlarına uyğun olaraq yeni qiymətlər sisteminin formalaşdırılmasına şərait yaradılmasını tələb edirik.

isagambar.az, 04 fevral 2009-cu il, Bakı