Rüstəm İbrahimbəyovMüsavat Partiyasının başqanı İsa Qəmbər görkəmli yazıçı və dramaturq Rüstəm İbrahimbəyovu 70 İllik yubileyi münasibətilə ürəkdən təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Rüstəm bəy!

70 illik yubileyiniz münasibətilə Sizi təbrik edir, uzun ömür və cansağlığı arzulayıram.

Siz, Azərbaycan ədəbiyyatının, kino və teatr sənətimizin canlı klassikisiniz. Dünyanın çoxsaylı ölkələrində dərc olunan əsərləriniz, nümayiş etdirilən filmləriniz və teatr tamaşalarınız tək “Rüstəm İbrahimbəyov” imzasını yox, Sizin də mənsub olduğunuza görə fəxr etdiyiniz Azərbaycanı və onun xalqını məşhurlaşdırıb. Və təkcə Azərbaycanı, Azərbaycan xalqını yox! Sizin yaradıcılığınız həm də sovet və Rusiya ədəbiyyatı, kinosu və teatrı üçün həmişə böyük hadisə olub. Bir yazıçı, kino ssenariçi və dramaturq kimi Sizin yaratdığınız əsərlər həm yüksək sənətkarlığı, həm real həyat həqiqətlərinin əks etdirilməsi, həm də cəsarəti ilə seçilib. Bir çox sənətkarların deyə bilmədiyi, yazmağa cəsarət etmədiyi həqiqətləri məhz Sizin əsərlərinizdən oxumuşuq. Təsadüfi deyil ki, zəngin və çoxşaxəli yaradıcılığınız nəticəsində dünyanın müxtəlif yerlərində çoxmilyonlu oxucu auditoriyası toplamış, bir sıra nüfuzlu mükafatlara layiq görülmüsünüz. Sizin ssenariniz əsasında çəkilmiş “Günəşdən usanmışlar” filminin Amerika kino Akademiyasının ən ali mükafatı olan “Oskar”a layiq görülməsi hamımızın iftixarımızdır.

Siz, təkcə yazıçı və dramaturq kimi yox, həm də görkəmli ictimai xadim kimi Rusiya və Azərbaycan kinosunun inkişafına böyük töhfələr vermisiniz. Azərbaycan Kinomatoqrafçılar İttifaqının Sədri, MDB və Baltik Ölkələri Kinomatoqrafçılar İttifaqı Konfederasiyasının sədri, Rusiya Kinomatoqrafçılar İttifaqının katibi və çalışdığınız digər vəzifələrdə bu sahələrin inkişafı yolunda öz istedadınızı və təşkilatçılıq qabiliyyətinizi əsirgəmirsiniz. Bakıda yaratdığınız “İbrus” teatrı isə teatr sənətimizin tərəqqisi yolunda mühüm hadisədir. Siz, həm də bir görkəmli ziyalı kimi istər Rusiya, istərsə də Azərbaycan cəmiyyətində baş verən proseslərə biganə qalmır, lazımi anda məsələlərə konkret vətəndaşlıq mövqeyindən münasibət bildirirsiniz. Həm də bu münasibətin kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq obyektiv ziyalı mövqeyindən çıxış edirsiniz.

Hörmətli Rüstəm bəy!

Bir daha Sizi yubileyiniz münasibətilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, hələ neçə-neçə yeni əsərlərinizlə bundan sonra da bizi çox sevindirəcəksiniz.”

isagambar.az, 04 fevral 2009-cu il, Bakı