“UŞAQ VAXTI QAQARİN KİMİ KOSMOSA UÇMAQ İSTƏMİŞƏM”
İsa Qəmbər: “Fikirləşirəm ki, uşaqlıqdakı davaların 90 faizinə ehtiyac yox idi”
“Dərsdən qaçıb “Qaçış” filminə baxmağa getdik”
Ciddi imici, təmkini, səbri ilə insanı heyrətə salan bir siyasətçinin
uşaqlığına səyahət edəcəyik bu gün. Həmişəmi belə olub? Onu nümunəvi, hər şeyi
bilən, müəllimlərin, sinif yoldaşlarının sevimlisi saya bilərikmi? Fotolara
baxır, illər öncəyə birgə ekskursiya edirik. Xatirələr bir-birini əvəzlədikcə
məlum olur ki, təsəvvürlərimizdə az da olsa, yanılmışıq. Qarşımızda futbol,
kosmos həvəskarı, dərsdən qaçan, dava-dalaşlarda da tez-tez görünən bir uşaq
görürük. Kimdən danışırıq? Müsavat başqanı İsa Qəmbərdən... İsa bəy uşaqlığı
barədə danışmağı sevənlərdəndir. Amma yeri düşəndə...
- Bu, zamandan, əhval-ruhiyyəmdən, kiminlə bir yerdə olmağımdan asılıdır. Tutaq
ki, ailə mühitində və yaxud dostlarla olanda hərdən uşaqlıqdan danışırıq. Yəni
bu haqda mövzu açılanda qoşuluram, bir-iki xatirə dilə gəlir. Amma xüsusi
olaraq, xatirə janrına meylim yoxdur.
- Bəs uşaqlığınızı? Onu xatırlamaq xoşdurmu sizə?
- Ümumiyyətlə, uşaq özü çox müqəddəsdir. Başqalarını sevməyən adamlar da uşağı
görəndə onun məsumluğu, saflığı, köməksizliyi qarşısında riqqətə gəlir, nəsə xoş
söz demək həvəsinə düşürlər. Bütün o zəifliklə bərabər, uşaqda o qədər böyük
güc, qüdrət var ki, insanlar onu dərk etsələr, mükəmməlləşə bilərlər. Çünki
insan bütün həyatı boyu aldığı informasiyanın 80 faizini 5 yaşa qədər alır.
Deməli, uşaqlıq dövrünün, illərin önəmi, əhəmiyyəti nə dərəcədə böyükdür. Bunu
nəzərə almaq lazımdır. İkincisi, uşağın kortəbii olaraq, malik olduğu müəyyən
üstünlüklər var ki, insan getdikcə onu itirir.
- Adını deməyəcəyimiz müsahiblərimizdən biri öz uşaqlığı barədə çox tənqidi
bir fikir söyləmişdi. Hətta “uşaqlığımdakı o cocuğu döyərdim” deyə səmimi bir
sözü də olmuşdu. Siz də öz uşaqlığınıza elə tənqidi yanaşanlardansınız?
- (gülümsünür) Aldanma ki, şair sözü əlbət ki, yalandır.
- Uşaqlar, uşaqlıq barədə ümumi danışdıq. İndi keçək İsa bəyin uşaqlığına.
Açar sual: necə uşaq olmusunuz?
- Çox çətin sualdır. Amma xoşbəxtəm ki, səviyyəli bir ziyalı ailəsində anadan
olmuşam. Minimum tələblərimizi həmişə yerinə yetirsələr də, ərköyün, hər şeyə
iddia edən adam kimi böyütməyiblər. Uşaqlığımız, yeniyetməliyimiz intellektual
mənəvi, ləyaqət dəyərlərinin öndə olduğu bir mühitdə keçib. İstər həyətimizdə,
istər məktəbdə çoxlu dostlarım, yaxınlarım olub. Hər zaman dərsi, məktəbi,
futbolu, şahmatı, nərdi, davası, barışmağı ilə azad, xoşbəxt uşaq həyatı
yaşamışam.
- Şahmatı, nərdi və davası... ilə dediniz. Bu siyahıda ən çox diqqəti cəlb
edən də elə bu “dava” kəlməsi oldu. Davakar uşaq olmusunuz?
- 8-ci kilometr qəsəbəsində anadan olmuşam, 25 yaşıma qədər orda yaşamışam.
Oranın da özünəməxsus mühiti vardı. İstər bütövlükdə o məkanın, istər oxuduğum
məktəbin - 62 saylı məktəb nümunəvi idi - uşaqlığıma böyük təsiri olmuşdu. Yeri
gəldi-gəlmədi davalar, mübahisələr olurdu. Davanı xüsusi qara bir səhifə kimi
yox, əksinə, adrenalinin yüksək olduğu məqamlar kimi xatırlayıram. Amma təbii,
düşünürəm ki, o davaların 90 faizinə ehtiyac yox idi. 90 faizinin ya
təşəbbüskarı olmamaq, ya da başqaları təşəbbüskarı olanda danışıqla yola vermək
tamamilə mümkün imiş. Təbii, uşaqlıq dövründə bunları düşünə bilmirsən.
- Sizi dərsdən qaçan, valideyninin sözündən çıxan, müəlliminin üzünə ağ olan
obrazda nəsə təsəvvür edə bilmirəm. Təsəvvürümdə yanılmıram?
- Məktəbdə çox rahat olmuşam. Mənimçün dərsləri hazırlamaq xüsusi bir zaman
tələb etmirdi. Dərslərdə heç bir çətinlik çəkməmişəm, hər zaman “5"lə oxumuşam.
Ona görə də dərs mənimçün zaman itkisinə gətirib çıxarmayıb. Boş vaxtım çox idi.
Yaxşı oxumağım bir tərəfdən futbola, uşaqlarla əyləncəyə çoxlu vaxt yaradırdı.
Digər tərəfdən də, nisbətən sərbəst olurdum. Çünki əgər pis oxuyursansa, hansı
dərəcədəsə müəllimlərdən asılısan. Yaxşı oxuyursansa, özünə arxayınsansa,
sərbəstliyin olur. Müəllimlərlə mübahisələrimiz də olub, onları incitdiyimiz də.
Onlar da yeri gələndə bizi az incitmirdilər.
- Dərsdən qaçırdınızmı?
- Vaxtaşırı olurdu. Hətta yadıma düşür ki, təxminən 6-7-ci sinifdə elə bir
mərhələ oldu ki, uzun müddət sinifdəki yeddi-səkkiz nəfər beşgünlük dərs
sisteminə keçdik. Həftənin müəyyən günü dərsə getmirdik. Bu bir neçə ay belə
davam elədi. Dərsdən qaçır, 8-ci kilometrdə - həmin vaxt orda hələ boş sahələr
qalırdı - binaların, məktəblərin ətrafındakı çəmənliklər, təpəliklərdə gəzir,
istirahət edir, dərs qurtaran vaxt evə qayıdırdıq. Sonralar çox təəccübləndik
ki, yalan olmasın, 5-6 ay bu “islahat”ımız davam etsə də, məktəbdən heç bir cəza
gəlmədi, evdən də xəbər tutmadıqları üçün ötüşdürdük.
Ən gülməli dərsdən qaçış hekayəmiz 9-cu sinifdə baş verdi. Söz vaxtına çəkər,
təxminən aprelin ikinci yarısı olardı. Dərsə gələn kimi deyildi ki, sizin sinif
tam tərkibdə rentgen müayinəsindən keçməlidir və rentgen də filan yerdədir.
Sevindik, dedik, gedək. Bilirsiniz də, uşaq vaxtı adamda “dərs olmasın, nə
olur-olsun” düşüncəsi olur. Məktəbdən çıxanda direktorumuz İlyas müəllim dedi
ki, rentgendən çıxandan sonra birbaşa məktəbə qayıdırsınız, oldumu? Xorla dedik
ki, “oldu”. Getdik rentgenə. Rentgen də xoşbəxtlikdən indiki “Təbriz”, o vaxtkı
“Sevinc” kinoteatrının lap yaxınlığında idi. Rentgendən çıxan kimi dedik ki,
kinoya gedək, ya getməyək? Çox az adam etiraz etdi. Getdik, bəxtimizə də
ikiseriyalı “Qaçış” filmi çıxdı. Axırıncı qəpiklərimizi topladıq, qızlarımızı
dondurmaya qonaq elədik, ikiseriyalı filmə baxdıq. Mənimçün maraqlı gəldi. Fakt
odur ki, məktəbə dərslər qurtaran vaxt gəlib çıxdıq. Gördük ki, direktor qapının
ağzında bizi gözləyir.(gülür) Bir balaca qanqaraçılıq oldu, amma yola verdik.
Belə şeylər çox olub, heç vaxt nümunəvi şagird olmaq həvəsində olmamışam. Yaxşı
oxusam da, sinifdə müəllim məcbur eləməsə, ön partalarda yox, arxa partalarda
oturmağa üstünlük verirdim. Çünki arxa partaların aurası daha çox azadlıq,
müstəqillik, rahatlıq verirdi.
- Azadlıq? Nəyə azadlıq?
- Orda daha azad, “2" almaqdan qorxmayan, müəllimin təzyiqlərinə çox da baş
əyməyə həvəsi olmayan, onun gözünə girmək marağından uzaq uşaqlar otururdular.
Bilirik ki, bir əlaçı tipi var, həmişə çalışırlar ki, ön partada otursunlar,
hamıdan tez əllərini qaldırıb, desinlər ki, "mən hazır". Mən o növdən olmamışam.
- Necə şagird olmanız barədə az-çox təsəvvürümüz yarandı. Maraqlıdı, bəs necə
qardaş olmusunuz? Ümumiyyətlə, ailənin neçənci uşağısınız?
- Böyük qardaşımla aramda 6-7 yaş fərq var. O biri qardaşım məndən təxminən
ilyarım kiçik idi. Onunla həmişə dostluq, qardaş rəqabəti şəraitində yaşamışıq.
Bacım da məndən bir-iki yaş böyük idi. Ailədə yeganə qız kimi yeri tamamilə
fərqli idi. Evdə hərdənbir zarafatla deyirdim ki, böyük qardaşımı böyük kimi,
kiçik qardaşımı kiçik kimi, bacımı da yeganə qız olduğu üçün çox istəyirsiz. Mən
ortada qalmışam. Gülürdülər, çünki məni də çox istəyirdilər. Xüsusən də babam
xətrimi çox istəyirdi. Mənə böyük oğlunun adını qoymuşdu. Bu oğlu 30-cu illərdə
cavankən rəhmətə getmişdi. Sonra mən anadan olanda atamın, babamın istəyi ilə
rəhmətlik əmimin adını qoymuşdular. Ailə böyük idi. İlk uşaqlıq illərində atam,
anam, dörd uşaq, babam-nənəm, atamın iki qardaşı və iki bacısının müəyyən bir
müddət üçotaqlı evdə birgə yaşadığı dönəm olub. Ancaq az çəkib bu dövr. Sonra
əmilərimin biri, sonra o biri evlənib, bibilərim ərə gediblər. Sonra da
babam-nənəm dünyasını dəyişdi. Çox böyük, mehriban bir ailə mühitində yaşamışıq,
qələbəliyə adət eləmişik.
- Nənə-babanın yanında keçən uşaqlıq... Bu, tamam maraqlı bir dünyadır.
Valideynləri tərəfindən danlanan, nənə-baba tərəfindənsə daim himayə olunan,
qorunan uşaqlardan olmusunuz yəqin...
- Nənəmi 6, babamı isə 9 yaşımda itirmişəm. Amma dediyiniz kimi, xüsusi bir
müdafiəyə ehtiyacım olmayıb. Anam hərdənbir hirslənib bizi danlasa da, atam
çalışırdı, heç vaxt səsini ucaltmasın. Bizə ailədə demək olar ki, valideynlər
tərəfindən əl qaldırılmayıb, nəyəsə zorla məcbur edilməmişik. Hər zaman bizim də
fikrimiz, özümüzün düşünüb-daşınıb qərar verməyimizi istəyiblər. Amma babam məni
çox istəyirdi, bəzən bunun köməyi olurdu. Məsələn, babam mömin adam idi, namazı,
duası, orucluğu hər zaman yerli-yerində idi. Yadımdadır ki, Məhərrəmlik ayı
olanda televizoru açmağa icazə vermirdi. Bir dəfə şənbə günü “Neftçi” oynamalı
idi, yenə də əmilərim-dayılarım bizdəydi, amma babam televizoru açmağa icazə
vermirdi. Axırda mənə dedilər ki, get, sən babanı dilə tut, bəlkə sənin xətrinə
icazə verər. Getdim babama xahişimi dedim, “futboldan sonra televizoru
söndürərik” vədimi də həmçinin. Kişi bir az baxdı, “get, aç, bala, get aç. Sizin
bu futbol da Kərbəla kimi bir şeydir” dedi. Yəni belə üstünlükləri olub. Amma
yeri gələndə, həddən artıq sərbəstlik etdiyimi düşünəndə babam da sərt şəkildə
sözünü deyib.
- Azadlığın sərhədlərini nə dərəcədə pozurdunuz? Və daha çox nəyə görə
danlanırdınız?
- O sərhədlər dayanıqlı olmur ki. Biz böyüdükcə sərhədlər də genişlənirdi. Elə
bir vaxt olurdu ki, mən həyətdə olarkən evimizin eyvanından, pəncərəsindən
görünməliydim ki, hardayam. Bizim həyətimiz kifayət qədər böyük idi. Sonradan
mənim azadlığımın sərhədləri həyətin sərhədlərinə qədər genişləndi. Sonra ordan
çıxmağa başladım. Vaxt baxımdan qaranlıq düşməmiş evdə olmalıydım. Bir də
görürsən, o sərhədi genişləndirmək istəyəndə anam narahat olurdu.
- Bəzən insanlar çətin məqama düşəndə, hansısa problemin yükünü çiyinlərində
hiss edəndə “kaş ki, uşaq qalsaydım” deyirlər. Sizin dilinizdən bu cümlə çıxırmı
heç?
- Yox, heç vaxt. Çünki o cür düşünmək bir az infantilizmdir. Uşaq vaxtı hamı tez
böyümək istəyir. Böyüyəndə isə problemlər artdıqca, məsuliyyət sənin üzərinə
düşdükcə düşünürsən ki, uşaq vaxtı nə qədər azad olmusan, məktəb illəri necə
rahatmış. Ancaq geriyə qayıtmaq düşüncəsi təxminən ona bənzəyər ki, bəşəriyyət
əldə etdiyi nailiyyətlərdən, təcrübədən, texnologiyalardan imtina edib, daş
dövrünə və ya orta əsrlərə qayıtsın.
- Bəs ən böyük uşaqlıq arzunuz, fantaziyanız...
- Uşaq vaxtı hamı xəyallar aləmində yaşayır. Düşünürsən ki, niyə sən Peledən
daha yaxşı futbolçu olmayasan, göyə Qaqarinin yerinə özün uçmayasan, kosmosa
uçan ilk azərbaycanlı sən olmayasan? Dünyanın ən böyük futbolçusçu olmaq,
Qaqarin kimi göyə uçan ilk azərbaycanlı olmaq istəmişəm.
- Uşaq vaxtı sizi daha çox nəyə görə sevməzdilər?
- Danışmağı xoşlamamışam. Yadıma gəlir ki, uşaqlıq, eləcə də cavanlıq illərində
bəziləri bunu bildiyini başqalarından gizləmək həvəsi kimi görürdülər. Bu, mənə
bir az gec çatdı. Amma xüsusi tənqid olunmamışam. Çünki öz aramızdı, böyük bir
qüsurum olmayıb axı. Normal oxumuşam, uşaqları satmamışam, heç zaman xəbərçilik
eləməmişəm, imkanım olanda, məndən asılı olanda səxavətli olmuşam, heç zaman
davadan qaçmamışam. Dava dedim, yadıma düşdü. Bir dəfə 10-cu sinifdə oxuyanda
uşaqlarla doğma 8-ci kilometrdə gəzəndə nəsə birdən darıxıb dedim ki, evə
gedirəm. Dedilər, getmə, gəzək, sonra kinoya gedək. Razılaşmadım, evə getdim.
Bir az keçmiş o görüşdə iştirak etməyən sinif yoldaşlarımızdan biri zəng edib,
həyəcanlı səslə dedi ki, “İsa, kömək elə, bir-iki nəfərlə davam düşüb, məni
"Sevinc" kinoteatrının yanında davaya çağırıblar, mən də heç kimi tapa bilmirəm,
təkəm, gəl". Dedim, yaxşı, gəlirəm. Dilxor oldum ki, oturmuşdum, bu da bir
tərəfdən davaya çağırdı. Özü də 8-ci kilometr zarafat yer deyildi, orda özündən
deyən oğlanlar çox idi. Nəsə, getdim, baxdım ki, dostum yoxdur. Bir-iki dəqiqə
gözlədim, bir də gördüm, bir saat öncə ayrıldığım dostlarımın hərəsi kinoteatrın
bir tərəfindən, ağacların arxasından çıxıb mənə güldülər. Məlum oldu ki, onlarla
birgə gəzintini axıra qədər davam etdirmədiyimə görə məndən belə “intiqam”
alıblar. Bilirdilər ki, mən belə şeylərdən qaçan deyiləm və məni kinoteatra
gətirmək bu üçün yolu seçiblər.
- Bəs bacı-qardaşlar arasında?
- Böyük qardaşımla heç vaxt dava eləməmişik. Bacıma həmişə hörmət etmişəm. Kiçik
qardaşımla isə mən dalaşmamışam, o mənlə dalaşıb. Məndən bir-iki yaş kiçik
qardaş kimi sübut etmək istəyirdi ki, güclüdür, onun da birinci olmaq haqqı var.
Hərdənbir dirəşir və bir az dalaşırdıq. Amma o da təxminən 10-12 yaş həddinə
qədər idi.
- Bizə verdiyiniz müsahibələrinizdən birində uşaq vaxtı kiçik qardaşınızla
gəldiyiniz “elmi nəticə” barədə danışmışdız. Deyəsən, 50 yaşdan sonra insanların
ölməli olması barədə qənaətiniz vardı...
- (gülür) Yadıma salmayın, o biabırçılıq idi. Nəsə böyüklərdən incimişdik, bizim
hansısa azadlığımızı məhdudlaşdırmışdılar. Mənim 6, onun da 4 yaşı vardı.
Oturduq, müzakirə etdik və qərara gəldik ki, 50 yaşdan böyük insanlar dünyanı
başa düşmədikləri üçün onları o biri dünyaya göndərmək lazımdır. Nəsə belə bir
qəribə uşaq ideyasıydı. Amma bu bir daha sübut edir ki, uşaqların xətrinə dəymək
olmaz.
04.04.2009, Sevinc TELMANQIZI, Yeni Müsavat qəzeti
http://www.musavat.com/site/shownews.php?news_id=50801