Ağasif İbrahimovun həbs edilməsi ilə bağlı
bəyanat
Avqustun 3-də Müsavat Partiyasının üzvü, «Hədəf» Gənclər koalısiyasının rəhbəri
Ağasif Şakiroğlu hərbi xidmətdən yayınmaq bəhanəsi ilə polis tərəfindən
saxlanılmış və Nərimanov Rayon Məhkəməsi tərəfindən haqqında 1 ay həbs qəti
imkan tədbiri seçilmişdir.
Müsavat Partiyası vətənpərvər bir gənc olan, ölkədə keçiriliən ictimai-siyasi
aksiyalarda fəal iştirak edən Ağasif Şakiroğlunun hərbi çağırışdan yayınması, bu
səbəbdən də axtarışda olması barədə hüquq-mühafizə orqanlarının yaydığı məlumatı
qeyri-ciddi hesab edir, baş verən hadisəni hakimiyyətin siyasi opponentlərinə,
xüsusən də gənclərə qarşı son zamanlar vüsət almış repressiya dalğasının növbəti
təzahürü kimi qiymətləndirir. Partiya müxtəlif maraqlar naminə qanunlarda süni
surətdə yaradılan boşluqlardan müxalifətçilərə qarşı təzyiq vasitəsi kimi
istifadə edilməsini xüsusi olaraq qeyd edir, bu halı hüquqi dövlət üçün biabırçı
hal sayır.
Müsavat Partiyası baş vermiş hadisəni qətiyyətlə pisləyir, Azərbaycan
hakimiyyətindən Ağasif Şakiroğlunun dərhal azadlığa buraxılmasını, haqqındakı
cinayət işinə xitam verilməsini və siyasi opponentlərə qarşı repressiyalara son
qoyulmasını tələb edir.
isagambar.az, 04 avqust 2009-cu il, Bakı