Müsavat Partiyasının kənd təsərrüfatında
vəziyyətlə bağlı bəyanatı
Ölkənin kənd təsərrüfatında yaranmış ağır vəziyyət hakimiyyətin aqrar
siyasətində ciddi boşluqların olduğunu ortaya çıxarır. Bu, kənd təsərrüfatı
məhsullarının alış qiymətləri ilə bağlı qeyri-peşəkar və etinasız münasibətlərdə
özünü daha qabarıq biruzə verir. Belə ki, taxıl məhsullarının dövlət tədarükü
ilə əlaqədar əvvəlcədən taxıl əkənlərə yüksək qiymətlər vəd edilsə də, bu gün
keyfiyyəti bəhanə edərək yerli buğda növlərinin satın alınmasından imtina
edilir. Taxılın bazar qiymətlərinə ciddi surətdə təsir göstərən bu vəziyyət
istehsal edilən məhsulun maya dəyərindən də aşağı qiymətdə tələbin
formalaşmasına gətirib çıxarır. Texniki vasitələrin azlığı, onların icarəsinin
yüksək olması da vəziyyəti ağırlaşdırır. Nəticə etibarilə, taxıl istehsalı
sahəsində gələcəkdə böhranlı bir vəziyyətin bünövrəsi indidən qoyulmuş olur.
Belə vəziyyət illərdir ki, kartof və digər tərəvəz məhsullarının istehsali və
satışında da müşahidə edilməkdədir.Respublika miqyasinda kənd təsərrüfatı
məhsullarının satın alınması və tədarükünün yox dərəcəsində olması bu
məhsulların alışı və satışının inhisarçı dairələrin nəzarətinə keçməsi üçün
şərait yaradır. Nəticədə istehsalçı diktə altında, özü də gəlirsiz işləməyə
məcbur edilir.
Kənd təsərrüfatına kreditlərin ayrılmasını da qeyri-qənaətbəxş hesab etmək olar.
Cüzi miqdarda ayrilan kreditlər “şapka” və digər qeyri-qanuni əməllər hesabına
astarı üzündən baha başa gəlir.İnsanlar ayaqda qalmaq üçün son qəpiklərini də
xərcləməyə məcbur edilirlər. Elə bu səbəbdən Azərbaycanın kənd təsərrüfatı elm
tutumlu texnologiyalar və səmərəli əkinçilik mədəniyyəti yolu ilə inkişaf edə
bilmir.
Müsavat Partiyası hakimiyyəti aqrar bölməyə bu cür ögey münasibətə son qoymağa,
kənd əməyinə layiqincə qiymət verməyə və bu bölmədə yaranmış böhranlı vəziyyəti
aradan qaldırmaq üçün təsirli tədbirlər görməyə çağırır.
isagambar.az, 06 iyul 2009-cu il, Bakı