Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların
icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Müsavat Qadınlar Təşkilatının ümumi yığıncağına hazırlıq məsələləri müzakirə
edilib. Yığıncağın sentyabr ayının üçüncü ongünlüyündə keçirilməsi haqqında
qərar qəbul edilib.
Yaxın bir il üçün partiyanın fəaliyyət xətti haqqında geniş müzakirələr
aparılıb, cəmiyyətlə əlaqələrin daha da gücləndirilməsi yönündə təkliflər
səsləndirilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ilkin olaraq son bir həftə
ərzində baş vermiş İsrail prezidenti Şimon Peresin, Rusiya Federasiyası
prezidenti Dmitri Medvedyevin, Polşa prezidenti Lex Kaçinskinin Bakıya və ABŞ
prezidenti Barak Obamanın Moskvaya rəsmi səfərləri ətrafında geniş fikir
mübadiləsi aparılıb, bu səfərlərin Azərbaycan üçün əhəmiyyəti dəyərləndirilib.
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının icrasının dayandırılması
haqqında İsveçin Baş Nazirinin dedikləri ilə əlaqədar Avropa Birliyindən bu
məsələyə aydınlıq gətirilməsi istənilib.
Çinin Urumçi şəhərində uyğurlarla hökumət qüvvələri arasında baş vermiş
qarşıdurma haqqında fikir mübadiləsi aparılıb. Hökumətin qeyri-adekvat güc
tətbiq etməsi nəticəsində yüzlərlə adamın öldürülməsi və yaralanması qətiyyətlə
pislənilib, beynəlxalq təşkilatların bu ölkədə insan haqlarına əməl olunmadığını
diqqətdə saxlamalı olduğu bildirirlib.
Kənd təsərrüfatı məhsullarının dövlət satınalmalarının qeyri-şəffaflığı və
monopolistlərin maraqları ilə uzlaşdırılması kəskin tənqid olunub və bu barədə
ayrıca bəyanat qəbul edilib (Bəyanatın mətni əlavə
edilir).
İstehlakçılara verilən qazın pərakəndə satış qiymətinin iki dəfədən çox
qaldırılması müzakirə edilib. Partiyanın bəyanatında bildirildiyi kimi, bunun
sadə vətəndaşlara qarşı soyğunçuluq olduğu və korrupsioner məmurlar tərəfindən
talanan büdcəni doldurmaq üçün düşünüldüyü qeyd edilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 06 iyul 2009-cu il, Bakı