Təşviqat qrupu yaradılması barədə qərar
İsa Qəmbər və Müsavat Partiyasının rəhbərliyinə daxil olan digər şəxslər bir
sıra başqa siyasi partiyaların, ictimai təşkilatların təmsilçiləri ilə birgə 18
mart 2009-cu il tarixdə keçiriləcək referendumda demokratik ictimaiyyətin
mövqeyini təmsil etmək məqsədi ilə təşviqat qrupu yaradılması barədə qərar qəbul
ediblər. Təşviqat qrupunun “Respublikaçılar” adlandırılması təklifi ilə çıxış
edən təşəbbüsçülər yaxın günlərdə ilkin təşəbbüs qruplarının toplantılarını
keçirməyi planlaşdırır. İlkin təşəbbüs qrupları Bakı, Sumqayıt, Gəncə
şəhərlərində və ölkənin bir sıra rayonlarında yaradılacaq.
“Respublikaçılar” təşviqat qrupuna referendumla bağlı təşviqat prosesində
iştirak etmək niyyətində olan siyasi və ictimai təşkilat nümayəndələrinin cəlb
olunması, eyni zamanda digər müxalifət təşkilatlarının təşəbbüsü ilə yaradılacaq
təşviqat qrupları ilə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulur.
“Respublikaçılar” təşviqat qrupunun təşəbbüsçüləri demokratik ictimaiyyətin
vahid təşviqat qrupunun yaradılması ehtimalını da istisna etmir və bu
istiqamətdəki təklifləri dəyərləndirməyə hazırdır.
isagambar.az, 07 yanvar 2009-cu il, Bakı