REFERENDUM QEYRİ-QANUNİDİR,
DAYANDIRILMALIDIR!
İsa Qəmbər və İqbal Ağazadə xalqı efirdən boykota çağırdı
Dünən referendumla bağlı təşviqat qrupları nümayəndələrinin İTV-də üçüncü debatı
keçirildi. Debatda hakimiyyəti 7 təşviqat qrupu təmsil edirdi. Müxalifət adından
isə (“Respublikaçılar” təşviqat qrupu) Müsavat başqanı İsa Qəmbər və (“Qarabağ
və Respublika Uğrunda Hərəkat” təşviqat qrupu) Ümid Partiyasının sədri İqbal
Ağazadə çıxış etdi. Debat gərgin keçdi. İsa Qəmbərlə İqbal Ağazadənin
çıxışlarını mümkün ixtisarlarla təqdim edirik. Müsavat başqanı nitqinə
Azərbaycan qadınlarını 8 mart bayramı münasibətilə təbrik etməklə başladı.
“Biz qadınların xoşbəxtliyini istəyirik. Azərbaycan qadınını xoşbəxt etmək
üçünsə Azərbaycanın problemlərini həll etmək, torpaqlarını işğaldan azad etmək
lazımdır. Bu cür saxta, ehtiyac olmayan, yalnız bir ailənin, bir rejimin
maraqlarına xidmət edən referendumlar keçirməyə ehtiyac yoxdur. Bu referendum
İlham Əliyevin istədiyi qədər prezident olmaq səlahiyyəti əldə etməsi üçün
həyata keçirilir. Hakimiyyətə sual veririk: siz nə deyirsiniz, bu dəyişiklik
hansı məqsədlə həyata keçirilir? Keçən il Rusiyada prezident seçkiləri
keçirildi. Rusiya əhalisinin müəyyən hissəsi də, Rusiya Duması da Putindən
yapışmışdı ki, konstitusiyanı dəyişin, üçüncü dəfə prezident olun. Putin dedi
ki, konstitusiyanı yox, beyinləri, təfəkkürləri dəyişmək lazımdır. Putin
demokrat deyil. Ancaq konstitusiya dəyişikliyinə getmədi. Eynilə Ermənistanda
əlini Azərbaycan xalqının qanına batırmış cinayətkar Köçəryan üçüncü dəfə
prezidentliyə getmədi. Nəyə görə avtoritar Putin və cinayətkar Köçəryan bu cür
konstitusiya dəyişikliyinə getmir, ancaq İlham Əliyev gedir? Çünki Putinlə
Köçəryan bilir ki, belə addım ölkələrini dünya miqyasında hörmətdən və nüfuzdan
tamam salacaq. İlham Əliyevsə Azərbaycanın nüfuzu barədə düşünmür. Referendum
təşəbbüsünü müdafiə edənlər də görünür, ölkəmizin dünyada nüfuzu barədə
düşünmür. Başa düşmək istəmirlər ki, bu məsələ Azərbaycana sarsıdıcı zərbələr
vuracaq. Qarabağ məsələsinin həllində və digər məsələlərdə Azərbaycanda
demokratiyanın olmaması, avtoritarizmin gündən-günə güclənməsi arqumenti
düşmənlərimizin əlində ciddi arqumentə çevriləcək. Təşəkkür edirəm ki, burada
Əli Əhmədov etiraf elədi ki, referenduma çıxarılan dəyişiklik Əliyevlərin
hakimiyyətinin ömrünün uzadılmasına xidmət edir. Əli Əhmədov deyir ki,
Azərbaycanın xoşbəxtliyi Əliyevlər ailəsi ilə bağlıdır, ancaq Əliyevlərin
hakimiyyəti dövründə Azərbaycanda inkişaf gedə bilər. Azərbaycanın Əliyevlər
dövründə hansı günə düşdüyü bəllidir. O da bəllidir ki, müstəqil Azərbaycan
Respublikasını Heydər Əliyev qurmayıb. Bu respublikanı böyük liderimiz Məhəmməd
Əmin Rəsulzadə 1918-ci ildə qurub. 1991-92-ci illərdə isə Əbülfəz Elçibəy bu
respublikanı bərpa edib. Hakimiyyətdəkilər istər Rəsulzadənin, istər Elçibəyin,
istər onların hakimiyyətləri dövrünün ünvanına istənilən fikirləri söyləyə
bilərlər. Ancaq 1918-20 və 1992-93-cü illər Azərbaycanın tarixinə işıqlı
səhifələr kimi düşəcək. Zaman gələcək, bunu hamı etiraf edəcək.
İlham Əliyev Azərbaycanın hansı problemini həll edib ki, ona əlavə müddət
verilməlidir? Torpaqlarımızın bir qarışını azad edibmi? Xalqın həyat səviyyəsini
Azərbaycanın sərvətlərinin imkan verdiyi səviyyəyə gətirib çıxarıbmı?
Azərbaycanın işıq, qaz, istilik kimi sadə problemini heç olmasa həll edibmi?
Nəinki ucqar kəndlərdə, Bakı və Bakıətrafı kəndlərdə insanlar işıq, qaz
problemləri ilə üzləşir. Ölkə rüşvətxorluq girdabındadır. Gedin kiçik və orta
bizneslə məşğul olan insanlarla söhbət eləyin. Qan ağlayırlar. Deyirlər ki,
qazandığımızın 80-90 faizini məmurlar rüşvət şəklində əlimizdən alır. Bunu
edənlər İlham Əliyevin təyin etdiyi məmurlar deyil? Yığılan rüşvətin 80-90 faizi
yuxarıya gedir. Budurmu İlham Əliyev hakimiyyətin Azərbaycana gətirdiyi
“xoşbəxtlik”?
Əziz bacılar və qardaşlar, sizi 18 martda referendumu boykot etməyə və böyük
Məhəmməd Əmin Rəsulzadənin qurduğu respublikanı qorumağa çağırıram".
İqbal Ağazadə: “Bu günə kimi referendumla bağlı bir sıra tədbirlər, debatlar
keçirilib. Bu tədbirlərdə müxalifəti cəmi iki nümayəndə təmsil edib. Digər 7
nəfərin hamısı hakimiyyətin və referendumu təbliğ mövqeyindən çıxış edib.
Tamaşaçılarımızda sual yarana bilər. Niyə biz referendumun əleyhinəyik? Hər şey
bu qədər mütərəqqidirsə, bu referendumun keçirilməsi doğrudan da Avropaya
inteqrasiya ilə, qanunlarımızın təkmilləşdirilməsi ilə bağlıdırsa, biz niyə
bunun əksinəyik?
İndiyə qədər referendumun mahiyyəti təəssüf ki, cəmiyyətə fərqli şəkildə
çatdırılır. Biz ona görə referendumun əleyhinəyik ki, bu referendum Azərbaycan
Konstitusiyasını pozmaqla həyata keçirilir. Konstitusiyanın 156 və 158-ci
maddələrinin tələblərinə uyğun olaraq bu referendumu keçirmək doğru deyil.
Konstitusiya Məhkəməsi də referendumla bağlı rəyi parlamentə göndərərkən yanlış
hərəkət edib. 156 və 158-ci maddələrin mahiyyəti ilə bağlı məndən əvvəl bizim
dostlarımız fikir bildirib. 158-ci maddənin mahiyyəti budur ki, konstitusiyanın
birinci bölməsinə heç bir əlavə etmək olmaz. Nə referendum yolu ilə, nə də başqa
hansısa aksiya ilə. 156-cı maddə isə konstitusiyaya əlavələrin mahiyyətini
özündə əks etdirən formalarla bağlıdır. Bunu yalnız Milli Məclisin 95 nəfər səs
çoxluğu ilə qəbul etdiyi əlavələr formasında həyata keçirmək mümkündür. Təəssüf
ki, bu da əlavələr formasında referenduma çıxarılır. Biz birinci bu cür
hüquqazidd prosesin əleyhinəyik. Azərbaycanda konstitusiya pozulur.
Keçən debatlarda 101-ci maddənin beşinci bəndi ilə bağlı belə fikirlər
söyləyirdilər ki, vaxtilə ABŞ-da, Fransada məhdudiyyətlər olmayıb prezidentin
seçilməsi üçün. Bəli, belə olub. Amma sonradan dayandırıb yeni mərhələyə qədəm
qoyublar. Biz niyə adıçəkilən dövlətlərin 1930-cu illərdə həyata keçirdiyi həmin
xətti 2009-cu ildə yenidən həyata keçirməliyik? Biz niyə geriyə qayıtmalıyıq?
Biz 1930-cu illərin Amerikasındakı cəmiyyət quruculuğundan yararlanmalıyıq,
yoxsa müasir Amerika cəmiyyətindən? Burada deyirlər ki, vətəndaşlara iki dəfədən
artıq seçilməyə imkan verməyəndə hüquqlar pozulur. Demokratiyanın təməl
prinsipləri çoxluğun haqqını müdafiə etməklə, hətta müəyyən məhdudiyyətlər
qoymaqdadır. Niyə Azərbaycan Konstitusiyasının bir bəndində qeyd olunub ki, 35
yaşına çatmamış adam ölkə prezidentliyinə namizəd verilə bilməz? Onda niyə
pozursunuz daha gənc insanların hüquqlarını? Bəlkə xalq 15 yaşlı uşağı prezident
seçmək istəyir?! Niyə 25 yaşdan aşağı vətəndaşın millət vəkilliyinə namizədliyi
verilə bilməz? Niyə bu məhdudiyyət tətbiq olunur? Niyə bələdiyyə üzvlüyünə 21
yaş məhdudiyyəti tətbiq olunur? Bu məhdudiyyətlər əslində həm də ona görədir ki,
daha təkmil, demokratik cəmiyyət qurulsun.
Referenduma çıxarılan maddələrin mahiyyətinə baxırsınızmı ki, onların hansı biri
mahiyyət etibarilə Azərbaycanda yeni bir sistem, yeni idarəçilik yaradacaq? Heç
biri. Təklif olunan dəyişikliklər həm də söz və mətbuat azadlığının tapdalanması
istiqamətini də əhatə edir. Budur Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət
eləyən dəyişikliklər? Biz bir daha tələb edirik. Referendum qeyri-qanuni olduğu
üçün dayandırılmalıdır. Əks təqdirdə növbəti mərhələdə biz xalqı boykota
çağıracağıq. Azərbaycan xalqı bu qərarımızı dəstəkləyəcək".
Etibar SEYİDAĞA, Yeni Müsavat, 8 mart, 2009-cu il
http://www.musavat.com/site/shownews.php?news_id=49426